Bank Of Baku

İsa Qəmbər və Əli Kərimli məhkəmədə ifadə veriblər

İsa Qəmbər və Əli Kərimli məhkəmədə ifadə veriblər
# 23 sentyabr 2011 10:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə Müsavat Partiyasının sədri İsa Qəmbər şahid qismində ifadə verib. O, İctimai Palatanın 2010-cu il parlament seçkilərindən sonra yarandığını bildirib: “İctimai Palata 2 aprel tarixində keçirilən mitinqlə bağlı hər hansı qanun pozuntusuna yol verməyib. Mən həmin mitinqlə bağlı bütün məsuliyyəti üzərimə götürməyə hazıram. Həmin gün aksiya başlamamışdan əvvəl polis həbslərə başlayıb. Bizim tərəfdaşlarımız əsassız yerə həbs olunublar. Həmin gün bizim tərəfimizdən heç kim mağazaların şüşələrini, avtobusların qapılarını sındırmayıb. Bu il Müsavat Partiyasının yaradılmasının 100 illiyi və Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunacaq. Əgər həmin əlamətdar günlərdə mənim tərəfdaşlarım yanımda olmasa, mən bunu bağışlamayacağam”.

Daha sonra prosesdə AXCP sədri Əli Kərimli şahid qismində ifadə verib. Ə. Kərimli aksiyalar zamanı iştirakçılardan heç kimin zorakılığa, qanun pozuntusuna yol vermədiyini deyib: “Həmin günlərdə mənim evimin qarşısında qanunsuz aksiya keçirildi. Lakin heç kim cinayət məsuliyyətinə cəlb olunmadı. Bir neçə video görüntülərə baxmışam. 2 aprel aksiyalarında qanun pozuntusuna polis əməkdaşları yol veriblər. Aksiyalarla bağlı məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb xəbərdarlıq ediblər. Bununla bağlı bildiriş təqdim ediblər. Lakin mən həmin bildirişi oxumaqdan və imzalamaqdan imtina etmişəm. Çünki biz dinc aksiya keçirmişik. Bu qanun pozuntusu hesab oluna bilməz ”.

Hazırda proses digər şahid ifadələri ilə davam etdirilir.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR