Bank Of Baku

BAXCP Qəddafinin vəhşiliklə öldürülməsi və cəsədinin nümayişə çıxarılmasını pisləyib

BAXCP Qəddafinin vəhşiliklə öldürülməsi və cəsədinin nümayişə çıxarılmasını pisləyib
# 24 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya bildirilib ki, partiya Türkiyənin Van bölgəsində baş verən zəlzələ ilə əlaqədar Türkiyə hökumətinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verib. BAXCP qardaş türk xalqının hər zaman olduğu kimi, bu sınaqdan da üzüağ, əzm və mətanət nümayiş etdirərək çıxacağına əmindir.

İH üzvləri Liviyanın devrilən lideri Müəmmər Qəddafinin tutulduqdan sonra məhkəmə hökmü olmadan xüsusi amansızlıqla qətlə yetirilməsi, mərhumun cəsədinin təhqir olunması və ictimai nümayişə çıxarılmasının bəşəri və insani dəyərlərə zidd olduğunu bildiriblər və bu hərəkətləri kəskin şəkildə pisləyiblər.

İclasda Milli Məclisə təqdim olunan “Neft Fondu haqqında” qanun layihəsi də müzakirə mövzusu olub. İdarə Heyəti Milli Məclis rəhbərliyinə müraciət edərək qanun layihəsinin tez bir zamanda müzakirəyə çıxarılması və qəbul edilməsinin vacibliyini vurğulayıb. BAXCP hesab edib ki, Azərbaycanın enerji resurslarının ixracından əldə olunan gəlirlər ölkəyə gətirilməli və bu vəsaitlərin bir hissəsi sahibkarlara güzəştli kreditlərin verilməsi üçün Azərbaycan banklarında saxlanılmalı, bir hissəsi isə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə qeyri-neft sektorunun, xüsusilə də istehsal müəssisələrinin inkişafına sərf edilməlidir. BAXCP İdarə Heyətinin qənaətinə görə, Azərbaycandan kənarda böyük məbləğdə vəsaitlərin saxlanılması ölkənin təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər.

Toplantıda bir sıra rayon təşkilatlarının müraciətlərinə baxılıb, BAXCP Ali Məclisinin oktyabrın 29-da keçiriləcək Ali Məclisinin gündəliyi təsdiqlənib. Ali Məclisin sessiyasında BAXCP-nin III (IV) Qurultayının çağırılması və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR