Bank Of Baku

“Psixiatriya yardımı” haqqında qanuna dəyişiklik edilib

“Psixiatriya yardımı” haqqında qanuna dəyişiklik edilib
# 25 oktyabr 2011 14:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisi “Psixiatriya yardımı” haqqında qanuna dəyişiklik edib. APA-nın xəbərinə görə, qanun layihəsinə dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 22 maddəyə 41 dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklərdə bəzi anlayışların dəqiq izahı verilib.

Dəyişiklik təkliflərində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. M. Quliyev qeyd edib ki, dəyişikliklər psixi xəstələrin hüquqi statusunun dəqiqləşdirilməsi və sosial şəraitlərinin yaxşılaşdırılması məqsədi daşıyır: “Burada əsas dəyişikliklərdən biri ruhi xəstə diaqnozunun təyini ilə bağlıdır. Qanuna təklif edilən dəyişikliyə görə, ruhi xəstə diaqnozu yalnız ixtisaslı psixiatrlar tərəfindən qoyula bilər. Bundan başqa, qanunda psixi xəstələrin hospitallaşdırılması ilə bağlı məsələlər də əksini tapıb”.

Qanuna digər dəyişikliklər sırasında ruhi xəstələrin ombudsmanla görüşünə, müalicə müəssisələrində onların dini ayinləri yerinə yetirmələrinə icazələrin verilməsi və müvafiq yerlərin ayrılması da var. Başqa bir əlavə isə psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılmalı və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilməlidir.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun reallığa cavab vermədiyi üçün dəyişikliklər edilib: “Psixiatriya ilə bağlı bəzən vətəndaşların mənafeyinə zidd addımlar atılır, həddini aşmalar müşahidə olunurdu”.

Müzakirələrdə inzibati orqanların, müvafiq qurumların nümayəndələri, həmçinin psixiatriya sahəsində tanınmış mütəxəssislər iştirak edib. Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli deyib ki, son 10 ildə psixiatriya və psixi yardım sahəsində dünyada çox dəyişiklik olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 10%-i, Avropa əhalisinin isə 20%-i psixi pozğunluqdan əziyyət çəkir.

Qanun layihəsinə dəyişikliklər müzakirələrdən sonra təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR