Bank Of Baku

Sərdar Cəlaloğlu “beşlər” arasında fikir ayrılığının səbəblərini açıqlayıb

Sərdar Cəlaloğlu “beşlər” arasında fikir ayrılığının səbəblərini açıqlayıb
# 31 oktyabr 2011 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Beş partiya sədrinin apardığı müzakirələrdə yoldaşlarımızın bəziləri hesab edir ki, hədəf kimi əsasən 2015-ci il parlament seçkiləri götürülməlidir. Biz isə düşünürük ki, 2013-cü ildə meydana çıxacaq fikir ayrılığı bu birliyi xeyli zəiflədəcək”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, müzakirələrə qatılan partiyalar arasında əsas fikir ayrılığı bundan ibarətdir. S. Cəlaloğlu bu fərqliliyin aradan qaldırılacağını düşündüyünü də qeyd edib: “Vətəndaş Hərəkatı Forumu çərçivəsində keçirilən görüşlərin özü bir nəticədir. Hələlik konkret istiqamətə hədəf götürən razılıq əldə olunmadığından nəticə yoxdur. Buna baxmayaraq, müzakirələri davam etdirəcəyik. Yəqin ki, müvafiq dövrdə lazım olunan nəticə əldə olunacaq”.

ADP sədri ümid edir ki, qısa müddət ərzində bu proses nəticə verəcək: “Çünki bütünlükdə Azərbaycan müxalifəti 2013-cü ilə istiqamətlənmiş ideyanı reallaşdırılmalıdır ki, gələcək üçün effektiv olsun. Ümumən isə əsas fikir ayrılığı seçkilərlə bağlı məsələsidir. Fikrimcə, 2013-cü ilə hədəf götürməyən heç bir ittifaq, iş birliyi ciddi hesab edilə bilməz. Çünki gündəlikdə duran əsas məsələ budur. Ona görə də biz 2013-cü il prezident seçkilərindən necə iştirak edəcəyimizə dair razılıq əldə etdikdən sonra gələcək fəaliyyətimizi qurmalıyıq”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə hazırda Vətəndaş və İnkişaf, Liberal, Klassik Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarının sədrləri arasında danışıqlar gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR