Bank Of Baku

Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
# 18 noyabr 2011 11:14 (UTC +04:00)
Qəbələ-APA. Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, müasir standartlara cavab verən binanın təməli ötən ilin martında qoyulub, inşaat işləri bu ilin oktyabrında başa çatıb. Bütün otaqlar zəruri mebel və texniki avadanlıqla təchiz olunub, yüksək səviyyədə iş şəraiti yaradılıb.

Binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılıb. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılıb. İcra hakimiyyətinin yeni inzibati binası rayonun ümumi görüntüsünə də xüsusi gözəllik verir. Binanın ayrıca qazanxanası, transformator yarımstansiyası, iki su anbarı, artezian quyuları var.

Bina üçün ərazi xüsusi olaraq seçilmişdir. Foyedə Qəbələ rayonunun inkişafında böyük xidmətləri olan Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Heydər Əliyev və prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotoguşə yaradılıb.

Ümumilikdə 50-yə yaxın iş otağının yaradıldığı binanın daxili də yüksək zövqlə tərtib edilib. Üçüncü mərtəbədəki 152 yerlik akt zalı müasir texniki avadanlıqla təchiz olunub. Burada ayrıca tərcümə otağı, kiçik konfrans zalı, 40 yerlik yeməkxana da var.

Yeni inzibati binada işçilərin asudə vaxtlarını səmərəli keçirmələri də nəzərə alınıb. Binanın zirzəmi qatında xüsusi istirahət otağı, eləcə də stolüstü tennis və bilyard masalarının quraşdırıldığı idman zalı var. Kitabxana, anbar, arxiv otağı və böhran vəziyyətində idarəetmə məntəqəsi də bu qatda yerləşir.

Prezident İlham Əliyev idarəetmə məntəqəsi ilə tanış olub. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları var. Azərbaycan prezidenti görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR