Bank Of Baku

BAXCP sədri din xadimlərinin İrəvan bəyannaməsini pisləyib

BAXCP sədri din xadimlərinin İrəvan bəyannaməsini pisləyib
# 28 noyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev MDB Dinlərarası Şurasının İrəvanda keçirilən konfransında erməni katolikosu II Qaregin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Rusiyanın patriarxı Kiril arasında imzalanmış bəyannaməyə münasibət açıqlayıb. APA-nın xəbərinə görə, Q. Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün aparılan danışıqlar istisna olunmaqla, işğalçı ölkənin dövlət və qeyri-dövlət qurumları ilə olan hər cür təmasın əleyhinədir: "BAXCP hər zaman Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatları təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin işğalçı ölkənin paytaxtına və təcavüzkar ölkənin ərazisindən keçməklə işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrini qətiyyətlə pisləyib. Biz Azərbaycan torpaqları işğaldan azad edilməyənədək təcavüzkar tərəflə bu qəbildən olan təmasları rədd edirik. Hesab edirik ki, belə əlaqələr Azərbaycanın milli və dövlət maraqlarına xidmət etmir".

BAXCP sədrinin qənaətinə görə, işğala son qoyulmadan ayrı-ayrı sahələr və istiqamətlər üzrə Azərbaycanla əlaqələrin qurulması məhz Ermənistanın istəyindən və maraqlarından irəli gəlir: "Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın və təcavüzkarı himayə edən güclərin başlıca məqsədləri xalqımızı işğal faktı ilə barışdırmaqdan ibarətdir. Snayperlərin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı məsələ də Ermənistanın istəyidir. Ermənistan bu məsələni mütəmadi olaraq müxtəlif səviyyələrdə qaldırır. Çünki erməni gəncləri cəbhə xəttində xidmət keçmək istəmirlər. Bu səbəbdən də orduda fərarilik artır və təbii ki, Ermənistan cəmiyyətində narazılıqlar güclənir. Snayperlərin geri çəkilməsi müharibə ehtimalının tamamilə heçə endirilməsidir. Bu isə o deməkdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını rahatlıqla əkib-becərəcək və heç bir təhlükə hiss etmədən öz doğma evlərində yaşayıblarmış kimi qəsb etdikləri torpaqlarda yaşayacaqlar".

BAXCP sədrinin sözlərinə görə, din xadimlərinin görüşündə imzalanmış bəyannaməyə snayperlərin geri çəkilməsi ilə bağlı müddəanın əvəzinə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini əks etdirən müddəa salınmalıydı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR