Bank Of Baku

“Üçlük” İctimai Palata ilə də əməkdaşlıq münasibətləri qurmaq istəyir

“Üçlük” İctimai Palata ilə də əməkdaşlıq münasibətləri qurmaq istəyir
# 29 noyabr 2011 10:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “İctimai Palata ilə də əməkdaşlıq münasibətləri qurmaq niyyətimiz var”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Ə. Əliyev bildirib ki, bu yaxınlarda əməkdaşlıqla bağlı danışıqlara başlayan Vətəndaş və İnkişaf, Klassik Xalq Cəbhəsi və Liberal partiyaları müxalifətin təmərküzləşməsində israrlıdır: “Bu ilin əvvəlindən bu təkliflə çıxış etsək də, nəticə əldə edə bilməmişik. Vətəndaş Hərəkatı Forumu da bu məqsədlə fəaliyyətə başlamışdı”.

VİP sədri müxalifətdə olan mövcud güc mərkəzləri ilə əməkdaşlıq niyyətində olduqlarını vurğulayıb: “O güc mərkəzləri ilə ki, mövqelərimiz və mübarizə vasitələrimiz üst-üstə düşəcək. Bu mənada İctimai Palata da kifayət qədər təsirli təşkilatların təsis etdiyi qurumdur. Tərəflər arasında ola biləcək əməkdaşlıq da ümumi işə müsbət təsir etmiş olar”.

Ə. Əliyev onu da bildirib ki, əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsi məqsədilə artıq KXCP, VİP və ALP arasında görüş keçirilib: “Əməkdaşlıqla bağlı proses mərhələli aparılır. Əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsi və müvafiq sənədlərin hazırlanması məqsədilə işçi qrup formalaşmalıdır. Hər halda prosesin uzanmamasına çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR