Bank Of Baku

“Biz Şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib

“Biz Şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib
# 12 yanvar 2012 13:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycan qadını” layihəsi çərçivəsində “Biz Şərqdənik” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, film görkəmli alim Aida İmanquliyevanın xatirəsinə həsr olunub. Millət vəkilləri Gülər Əhmədova, Fazil Mustafayev, teleaparıcı Nərgiz Cəlilova və digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə film nümayiş etdirilib. Prototipləri cəmiyyətdə kifayət qədər tanınmış 3 fərqli qadının yaşam tərzindən bəhs edən film özündə mistik çalarlar da daşıyır. Belə ki, qəhrəmanların həyatı bəzi məqamlarda 11 yaşlı qızcığazla əsrarəngiz şəkildə kəsişir.

Filmin ssenari müəllifi İlhamə Novruzova bildirib ki, film xüsusi olaraq xarici kinofestivallarda Azərbaycanı təmsil etmək üçün hazırlanıb: “Dünyada çox zaman Azərbaycan qadını deyəndə islam dünyasının hüquqsuz elementi kimi az qala başı çadralı, bütün günü evdə oturan, yalnız ərinin əmrlərini yerinə yetirən obraz başa düşülür. Filmin yaradıcı heyəti bu mənfi stereotipi sındırmaq, “Biz Şərqdənik, amma fərqli deyilik!” – deyə sosial mesaj ünvanlamağı qarşısına məqsəd qoyub”.

Azərbaycan qadınları haqqında səslənmiş fikirlərə münasibət bildirən Gülər Əhmədova deyib ki, qadınlardan alət kimi istifadə edilməsinə qarşı daim mübarizə aparılmalıdır. O, televiziyalarda nümayiş etdirilən reklamlara daha çox qadınların çəkilməsinə qarşı çıxıb: “Bu gün demək olar ki, bütün reklamlara - qida, məişət əşyaları, gigiyenik vasitələrə aid reklamlara qadınlar çəkilir. Biz uşaqlardan bu cür istifadənin qarşısını aldıq. Amma qadınlardan da bu məqsədlər üçün bir alət kimi istifadə etmək olmaz. Qoy bu reklamlara kişilər də çəkilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR