Bank Of Baku

AMİP Qadınlar Şurasının sədri: “Sənubər İsayeva Siyasi Şuraya seçilmədiyinə görə partiya rəhbərliyinin ünvanına qərəzli sözlər işlədib”

AMİP Qadınlar Şurasının sədri: “Sənubər İsayeva Siyasi Şuraya seçilmədiyinə görə partiya rəhbərliyinin ünvanına qərəzli sözlər işlədib”
# 18 yanvar 2012 13:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “AMİP Qadınlar Şurasının iclasında razılığa gəldik ki, qurumun sədr müavini Sənubər İsayeva iclasda iştirak edər və özü vəzifəsindən istefa verər”.

Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Qadınlar Şurasının sədri Aminə Vəliyeva verib. S. İsayevanın partiya rəhbərlərinin fəaliyyəti ilə bağlı açıqlamasını tənqid edən A. Vəliyeva Qadınlar Şurasının sonuncu iclasında bu məsələnin müzakirə olunduğunu söyləyib: “Sənubər İsayeva Siyasi Şuraya seçilmədiyinə görə qərəzli danışıb. Bu səbəbdən partiya sədri Yusif Bağırzadə ilə baş katib Arzuxan Əlizadəyə qarşı fikirlər səsləndirib. Bu məsələyə partiya rəhbərlərinin heç birinin aidiyyatı yoxdur. Siyasi Şura seçkili qurumdur”.

A. Vəliyeva Qadınlar Şurasının iclasının keçirilməsi ilə bağlı xəbərin mətbuata çıxmasından da narazılığını bildirib: “Bu xəbəri sizə kim verib? Toplantıda Sənubər İsayeva iştirak etməyib və iclasda iştirak edənlərdən də heç kim sizə məlumat verə bilməz. Həm də Qadınlar Şurasının sədr müavini vəzifəsindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı qərar tam verilməyib. Digər tərəfdən Sənubər İsayeva partiya rəhbərliyinin razılığı olmadan mətbuata açıqlama verməməli idi. Məsələ Qadınlar Şurasında müzakirəyə çıxarmalı idi”.

O, Sənubər İsayevanın AMİP Qadınlar Şurasının sonuncu iclasında iştirak etmədiyini və hazırda Göyçayda olduğunu da qeyd edib: “Sənubər İsayeva qurumun son iclaslarına qatılmadığından qərarımız açıq qalıb”.

AMİP Qadınlar Şurasının sədr müavini Sənubər İsayeva isə A. Vəliyevanın açıqlamasına şərh vermək istəməyib.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü, Qadınlar Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü Sənubər İsayeva bir müddət əvvəl APA-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri və baş katibinin fəaliyyətini yarıtmaz adlandırıb və partiya daxilində narazılıqların yaranmasında da həmin şəxsləri günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR