Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda bir sıra obyektlərin açılışında iştirak edib
# 21 yanvar 2012 17:03 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra prezident Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib. Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət etdikdən sonra dövlət başçısına baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd edilib ki, yeni binalardan səkkizi 60, biri isə 45 mənzillidir. Mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülüb. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilib. Ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli 12 beşmərtəbəli binadan ibarət bir məhəllə salınıb.

Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində olub, burada yaradılan şəraitlə maraqlanıb. Q.Sadıqov qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.

Sonra Azərbaycan Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış olub. Məktəbin foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini, ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılıb. Burada ayrıca “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşə də var. Musiqi məktəbində tar, qarmon, nağara və fortepiano sinifləri yaradılıb. Burada uşaqların musiqini dərindən mənimsəmələri üçün hər cür şərait var. Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinləyib, onlarla xatirə şəkli çəkdirib.

Daha sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşüb. Məcburi köçkün Məmməd Baxışov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib. Sonda xatirə şəkli çəkilib.

Prezident İlham Əliyev Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında da iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanıb. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılıb. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınıb. Şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kv. metr olan yeni bina inşa edilib. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılıb.
Məktəblə tanışlıq zamanı prezidentin diqqətinə çatdırılıb ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılıb. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşələr yaradılıb. Ümumilikdə məktəbdə 494 uşağa şahmat dərsləri keçilir. Şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyil ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər. Prezident məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.

Daha sonra prezidenti İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısına məlumat verildi ki, binanın təmiri zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, onun və prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılıb.

Qeyd edilib ki, Mədəniyyət Evinin zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşüb. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılıb. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilib. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülüb.

Mədəniyyət Evinin böyük zalı ilə də tanış olan Azərbaycan prezidenti kollektivə uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edən dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanıb. 400 kv. metr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulub. Büstün ətrafında ümummilli liderin və prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar var. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. 80 nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılıb, həyətyanı sahə yaşıllaşdırılıb.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib və məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 420 şagirdin təhsil alacağı məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə olub. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanıb, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılıb. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

Prezident İlham Əliyev məktəblə yaxından tanış olub. Məlumat verilib ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər. Məktəbin kitabxanasında 5 mindən artıq vəsait toplanıb. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılıb.
Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında gənc idmançılarla görüşüb, onlarla söhbət etdi, xatirə şəkli çəkdirib.
Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib.

Prezident İlham Əliyev Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında iştirak edib. Dövlət başçısına məlumat verildi ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir. Parkın giriş qapısı müasir üslubda inşa olunub. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılıb. Abidənin ətrafında şairin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılıb.

Azərbaycan prezidenti parkda yaradılan şəraitlə tanış olub və burada yaradılmış şəraiti yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR