Bank Of Baku

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
# 20 fevral 2012 10:27 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklər, «Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında» Sazişin təsdiq edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi müzakirə olunub.

Komitə sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır. Qanun layihəsinin milli qanunvericiliyə implementasiya olunması ilə hüquqi şəxslərə cərimə, xüsusi müsadirələr, hüquqi şəxsin əmlakına müsadirə qoyulması və ümumiyyətlə hüquqi şəxsin ləğvi cəzaları tətbiq olunacaq. Onun sözlərinə görə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması Avropa ölkələrində, həmçinin Baltikyanı ölkələr və Gürcüstanda qəbul olunub.

İclasda çıxış edən millət vəkili Qüdrət Həsənquliyev dəyişikliklərdə terror təşkilatına yardım göstərən hüquqi şəxsin əmlakının heç bir situasiya nəzərə alınmadan tamamilə müsadirə olunmasını təklif edib.

Cinayət Məcəlləsinə dəyişikliklər barədə danışan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı isə qeyd edib ki, 2006-cı ildən bu yana Azərbaycanda çirkli pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində hüquqi baza yaradılıb. Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidməti yaradılıb. MONEYVAL hər il bu sahədə monitorinq aparır. Ötən ilin dekabrında MONEYVAL Azərbaycanın tərəqqi hesabatını müzakirə edərək qəbul edib.

«Narkoloji xidmət və nəzarət haqqında» qanuna dəyişikliklərə əsasən narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi dövlət büdcəsinin, habelə fiziki və hüquqi şəxslərin vəsaiti hesabına həyata keçiriləcək.

Müzakirəyə çıxarılan MDB hökumətləri arasında imzalanmış «Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında» Sazişi isə Azərbaycan xüsusi qeydlə imzalayıb. Qeyddə bildirib ki, Azərbaycanın bütün işğal olunmuş əraziləri Ermənistan tərəfindən azad olunana və işğalın nəticələri tam aradan qaldırılanadək Sazişdə təsbit olunmuş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Deputatların fikir və təklifləri dinlənildikdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR