Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Rəsul Quliyevlə bir hərəkatda birləşməyimizdə qeyri-adi heç nə yoxdur, “elçibəyçilik”dən imtina etməmişik”

Mirmahmud Mirəlioğlu: “Rəsul Quliyevlə bir hərəkatda birləşməyimizdə qeyri-adi heç nə yoxdur, “elçibəyçilik”dən imtina etməmişik”
# 30 mart 2012 15:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Bu gün Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası ilə təkliflərimizin, fikirlərimizin üst-üstə düşməsi, bir hərəkatda birləşməyimizə səbəb olub. Burada qeyri-adi məsələ yoxdur”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Əbülfəz Elçibəy hakimiyyətinin süqutunda Rəsul Quliyevin rolu olduğu halda, onunla bir “elçibəyçi” kimi əməkdaşlıq etməyiniz nə qədər doğrudur” sualını cavablandırarkən deyib.

M. Mirəlioğlu bildirib ki, o və partiyası “elçibəyçilik”dən imtina etməyiblər: “Elçibəyin davamçılarıyıq, o terminologiyanı da Azərbaycana ilk dəfə biz gətirmişik. Yəqin ki, bunu ən azından etiraf edərlər. Bir məqamı da xatırlatmaq istərdim. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində müxalifətin böyük bir hissəsi bir araya gəlmişdi. Həmin görüşdə Əbülfəz Elçibəy onun haqqında ən təhqiramiz ifadəni səsləndirən Nizami Süleymanovla Elçibəyin devrilməsində iştirak edən siyasi qüvvə kimi AMİP qərargahında bir cərgədə və yanaşı oturmuşdu. Bunu deməkdə məqsədim odur ki, dövlət və millət, o cümlədən qarşıdakı hədəflərə çatmaq naminə bütün umu-küsüləri bir kənara qoymaq mümkündür. Olub keçənlərin və ya olacaqların fövqündə durmağı bacarmaq lazımdır”.

M. Mirəlioğlu qeyd edib ki, hələ 1996-cı ildə Milli Məclisdə Rəsul Quliyevin deputat mandatının ləğvi məsələsi müzakirə olunarkən ondan başqa kimsə keçmiş parlament sədrini müdafiə etməyib: “Həm komissiyada, həm də Milli Məclisin iclasında müdafiə etmişəm. Hətta partiyamız bu məsələdə bitərəf qalmağımız barədə qərar qəbul etmişdi. Lakin mən bitərəf qalmadım və Rəsul Quliyevin haqlı olduğunu bildiyimdən onu müdafiə etdim”.

KXCP sədri Demokratiya Uğrunda Müqavimət Hərəkatının təsisçilərindən ibarət tərkibin Rəsul Quliyevlə görüşmək üçün ABŞ-a səfər edəcəyi xəbərini təsdiqləsə də, formatın hələ müəyyənləşmədiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR