Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifət ağır xəstədir”

Sərdar Cəlaloğlu: “Müxalifət ağır xəstədir”
# 09 aprel 2012 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““Qarabağ” bloku üç ildir yaranıb. Bu illər ərzində “Qarabağ” bloku ilə İctimai Palata arasında heç bir kontaktın olmaması, müxalifətin ağır xəstə olmasından xəbər verir. Bu onu göstərir ki, müxalifət siyasi məntiqdən uzaq fəaliyyət göstərir. Biz çalışırıq ki, bu əlaqəni yaradaq. Hətta İctimai Palatanı ən ciddi məsələlər haqda keçirilən müzakirələrə dəvət etmişik. Ancaq “yox” cavabı almışıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, “Qarabağ” blokunda indiki mühitdə qrup şəklində fəaliyyət göstərərək uğur qazanmağın çox çətin olduğunu hamı başa düşür: “Digər ölkələrdə baş verənlər də göstərir ki, hakimiyyətin dəyişdirilməsi üçün geniş koalisiyalar tələb olunur. Biz düşünürük ki, İctimai Palata ilə nəyəsə nail olmaq olmaz, eləcə də hesab edirik ki, “Qarabağ” bloku ilə də irəliləyişə nail olmaq mümkün deyil. Yəni bloklaşmadan ittifaqlara keçməyin vaxtıdır. Amma hər şey bizim arzularımızdan asılı deyil. Əks tərəf də buna hazır olsun ki, lazım olan addım atılsın”.

S. Cəlaloğlu müxalifətin siyasi texnologiyasının yanlış olduğunu söyləyib: “Müxalifət nəzəri cəhətdən hazır olmadığına görə aparılan mübarizə ilk baxışdan effektiv görünsə də, son nəticədə heç bir siyasi inkişafa gətirib çıxarmır. Bu səbəbdən də 20 ildir Azərbaycan xalqının 90 faizi hakimiyyətdən narazıdır, müxalifət var, ancaq heç bir ciddi dəyişiklik yoxdur. Bu, texnologiyanın qüsurundan qaynaqlanır”.

ADP sədrinin sözlərinə görə, bu gün dünyanın qabaqcıl regionu olan Avropada sərhədlər ləğv olunursa, Azərbaycanda partiyaların ətrafına “Berlin divarı” çəkməsini və özünü təcrid etməsini necə başa düşmək olar? “Müsavat, Milli İstiqlal və Sosial-Demokrat partiyalarının hər biri Avropada nüfuzlu beynəlxalq statuslu, inteqrasiyaya xidmət edən təşkilatların üzvləridirlər. Baxın, bu partiyalar beynəlxalq inteqrasiyanın onda biri qədər daxildə inteqrasiya ediblərmi? Yox. Öz ölkəsində mövcud olan qüvvələrlə əməkdaşlıqdan yayınan partiyanın Avropanın siyasi partiyaları ilə əməkdaşlıq etməsi nə dərəcə də normal addımdır? Bunu bizim partiyalar başa düşmək istəmir. Yəni Azərbaycanda çoxpartiyalılığa fundamental şəkildə yenidən baxılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR