Bank Of Baku

Azərbaycanın ictimaiyyət, siyasət və ədəbiyyat nümayəndələrinin “Eurovision”un siyasiləşdirilməsinə münasibəti necədir? - SORĞU

Azərbaycanın ictimaiyyət, siyasət və ədəbiyyat nümayəndələrinin “Eurovision”un siyasiləşdirilməsinə münasibəti necədir? - <font color=red>SORĞU</font>
# 24 may 2012 16:59 (UTC +04:00)
Ona görə də mədəni tədbiri siyasiləşdirməyə ehtiyac yoxdur. Amma bir amil də var ki, insan hüquqları məsələsi ümumbəşəri dəyərdir və bu istiqamətdə hansısa ifadə olunan fikirlərə də normal yanaşmaq lazımdır”. Bunu APA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib. O bildirib ki, məlumatsız şəxslər həqiqətə uyğun olmayan fikirlər işlədə bilərlər: “Bu fikirlərlə bağlı əks fikir söyləmək, düzgün məlumatlar vermək lazımdır”.

A. Mollazadə son vaxtlar Azərbaycanla bağlı qərəzli xəbərlər yayan beynəlxalq media qurumlarının arxasında müəyyən maraqlı qüvvələrin olduğunu vurğulayıb: “Son illər biz bir şeyin şahidi oluruq ki, insan hüquqları məsələsi təzyiq mexanizmi kimi istifadə olunur. İnsan hüquqlarını müdafiə adı ilə xüsusi fondlar da yaradılır. Amma ortada özlərinin fərdi maraqları olur. Məsələn, Azərbaycana qarşı təzyiqlər var, amma Ermənistana yox. Bəli, Azərbaycanda etiraz aksiyasının iştirakçıları arasında tutulanlar var. Ermənistanda isə küçəyə etiraz üçün çıxanları öldürürlər. Amma dediyim ikinci faktı insan hüquqları ilə müdafiə olanlar bunu görmək istəmir”.

DİP sədri İranın “Eurovision” mahnı müsabiqəsindən istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe tutmasının qəbuledilməz olduğunu bildirib: “İranın Azərbaycana qarşı tutduğu mövqe son vaxtlar sərtləşib. Daha doğrusu, İran əvvəllər gizli etdiyi işləri, mübarizəni indi açıq aparır. İranın bu hərəkətlərinin əlbəttə ki, dinə heç bir aidiyyatı yoxdur. Çünki özünü İslam Respublikası adlandıran ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan digər ölkənin bir qismini işğal etmiş Ermənistana hərbi, iqtisadi və s. dəstək verir. Bu da sübut edir ki, “Eurovision”dan din adı ilə siyasi məqsədlər üçün istifadə olunur. Əslində bunun bizim müqəddəs dinimizə aidiyyatı yoxdur. Bir şeydən əminəm ki, Azərbaycana qarşı olan hədə-qorxuların heç bir nəticəsi olmayacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu APA-ya açıqlamasında deyib ki, Avropanın ən böyük musiqi yarışması olan «Eurovision-2012»nin Azərbaycanda keçirilməsi çox böyük və əhəmiyyətli mədəniyyət hadisədir. Xüsusi ilə də Azərbaycanla bağlı obyektiv informasiyanın yayılması baxımından çox vacib beynəlxalq tədbirdir: «Hesab edirəm ki, bu əhəmiyyətli mədəniyyət hadisəsinin həm xaricdən, həm də Azərbaycandan siyasiləşdirilməsi yaxşı hal deyil və bu yolverilməzdir».

U. Rəhimoğlu son günlər insan haqlarının müdafiəsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatların Azərbaycanla bağlı bəyanatların yayılmasına təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində də olduğu kimi Azərbaycanda bir sıra problemlər var, amma bu, sözügedən təşkilatların bəyanatlarında səsləndiyi kimi deyil: «Dövlət tərəfindən, vətəndaş cəmiyyəti institutları tərəfindən ölkədə mətbuat və insan azadlığının müdafiəsi istiqamətində sistemli şəkildə köklü işlər aparılır. Ötən illərə baxan da bu gün hər iki sahədə ölkəmizdə xeyli uğurlara imza atılıb».

U. Rəhimoğlu İranın son günlər ölkəmizlə bağlı davranışını da tənqid edib: “Azərbaycan üçün həssas bir məqamda mən qonşu İrandan belə davranış heç gözləmirdim. Bu nə qonşuluğa, nə də ki, müsəlmançılığa yaraşır. Bu günlərdə düşmənlərimizin fəallaşacağını gözlədiyimiz halda, qonşu İran analoji davranış sərgilədi”.

AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev APA-ya açıqlamasında “Eurovision” mahnı yarışmasının mədəni-kütləvi tədbir olduğunu bildirib: “Amma bu və ya digər tədbirin siyasiləşməsi təkcə Azərbaycanda baş vermir. Ümumiyyətlə, idman və mədəni tədbirlər keçirilən zaman o ölkələrdə ictimai-siyasi problemlər də gündəmə gəlir. Bunu istər müxalifət, istərsə də media gündəmə gətirsin, məsələyə o qədər də dəxli yoxdur. Ümumiyyətlə, biz müxalifət olaraq siyasi mübarizəmizi aparırıq. “Eurovision”a görə fəaliyyətimizi dondurası deyilik ki? Əslində bu yarışma ilə böyük şans da yaranmışdı ki, Azərbaycan özünün Dağlıq Qarabağ problemini, işğal məsələsini dünyaya çatdıra bilsin. Amma məsələnin siyasiləşməsi, insan hüquqları məsələsi ucbatından Dağlıq Qarabağ problemi səhnə arxasında qaldı. Bu məsələdə Azərbaycan iqtidarı ilə müxalifətinin, müəyyən təşkilatların anlaşması baş vermədi. Problemlər də bu şəkildə yarandı. Amma mahnı müsabiqəsinin siyasiləşməsinin günahı bizdə deyil, ümumiyyətlə, günah heç kimdə deyil. Belə tədbirlərdə adətən siyasi çalarlar olur”.

R. Nurullayev “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı beynəlxalq media qurumlarında aparılan kampaniya ilə bağlı da münasibət açıqlayıb: “Məncə, burada istənilən halda hər bir media, hər bir fərdin, ictimai, yaxud siyasi xadimin özünün fərdi fikirləri, eyni zamanda təşkilati maraqları öndə durur”.

AXCP sədrinin müavini İran dövlətinin Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə bağlı bəzi zəif məqamları taparaq onu öz məqsədləri üçün istifadə etməsi düzün hal deyil: “Bunu məqbul hesab etmirəm. Amma Azərbaycanda da sanki İrana adekvat cavab vermək üçün bu ölkə səfirliyinin qarşısında keçirilən aksiyada İmam Xamneyinin təhqir olunmasını etikadan kənar hesab edirəm”.

«Eurovision»un siyasiləşməsinin əleyhinə olduğunu deyən yazıçı Seyran Səxavət hesab edir ki, musiqi yarışmasının siyasiləşdirilməsi ümumilikdə məntiqlə bir araya sığmır.

İranın «Eurovision»la bağlı açıqlamalarına gəlincə, yazıçı APA-ya deyib ki, tədbiri Azərbaycan dövləti keçirir, İran öz ölkəsi daxilində tədbirlərə cavabdehdir: «Kiminsə nə deməsindən asılı olmayaraq bu tədbiri Azərbaycan keçirir və Azərbaycanın daxili işidir. Kim istəyir gedib dinləyir, kim istəmirsə getmir. Məsələn, mən bu yarışmaya baxmıram. Hər halda tədbirdir. Keçirmək lazımdır ki keçirilir».

Hüquq müdafiəçisi Səidə Qocamanlı APA-ya açıqlamasında “Eurovision” mahnı müsabiqəsinin siyasiləşməsinə çox mənfi münasibətin olduğunu vurğulayıb: “Çünki “Eurovision” mahnı müsabiqəsi sadəcə mədəni bir proqramdır. Bu mədəni proqram daha çox gənciklə bağlıdır: gəncliyin mahnı vasitəsi ilə sevgilərini, fikirlərini bildirməsinə
Xidmət edən tədbirdir. Bunu siyasi tədbirlə qarışdırmaq, yaxud ondan siyasi məqsədlər naminə istifadə edərək hansısa siyasi proqramları həyata keçirmək düzgün deyil. Bir neçə il əvvəl Rusiyada da “Eurovision” mahnı müsabiqəsi keçirilib. Orada da siyasi məhbuslar var, Xabarkovski kimi bir insan həbsdədir. Amma Rusiyada heç kimin ağlına gəlməmişdi ki, “Eurovision” mahnı müsabiqəsindən istifadə edərək hansısa çıxışlar etsinlər. “Eurovision” mahnı müsabiqəsi zövq verən, Azərbaycanda keçirildiyinə görə qürur duymağımız lazım olan bir tədbirdir. Siyasətlə onun heç bir əlaqəsi olmamalıdır”.

S. Qocamanlı “Eurovision” mahnı müsabiqəsində İsveçi təmsil edən Lorinin Bakıda siyasi fəallarla görüşməsi və siyasi bəyanatlar verməsinə də münasibət açıqlayıb: “Məndə olan məlumata görə, İsveç təmsilçisi özü insan hüquqları ilə məşğul olan bir şəxsdir. Amma hər halda o, bura müğənni kimi gəlibsə, müğənni kimi də iştirak etsin. Çünki ya gərək hüquq müdafiəçisi kimi gəlib, hüquq müdafiəçisi kimi çıxış edəsən, ya da müğənni kimi gəlib oxuyasan. Bir sənətdən başqa bir işdə karyera qazanmaq üçün istifadə etmək olmaz”.

Hüquq müdafiəçisi İran tərəfdən olan kampaniyalarla bağlı da danışıb: “Sözsüz ki, molla rejiminin Azərbaycana meydan oxumasına bir güclü, müstəqil dövlət kimi imkan verməməliyik. Amma onların bizim soydaşlarımızdan istifadə edib Azərbaycana qarşı aksiyalar keçirməsi yolverilməzdir və ürək ağrıdıcıdır”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə APA-ya açıqlamasında “Eurovision” mahnı müsabiqəsinin siyasiləşməsinin qətiyyən yolverilməz olduğunu bildirib: “Çox istərdim ki, Azərbaycanda keçirilən bu tədbirdən Azərbaycan həqiqətlərini yaymaq üçün istifadə edək. İllərdir dünyada Azərbaycan həqiqətlərinin yayılmasında problem olmasından, dünya ictimaiyyətində ölkə haqqında həqiqi məlumatların olmamağından, rəylərin düzgün formada çatdırılmamasından şikayətlər etmişik. Mən “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalını bir neçə xarici telekanalda izlədim. Azərbaycanın təqdim olunması bir azərbaycanlı kimi məni çox təsirləndirdi. Azərbaycanın Avropanın bir parçası kimi təqdim olunurdu. Ölkədə daxili problemlərimiz var. Amma bununla belə, təqdim olunan Azərbaycan ayrı-ayrı müxalifət təşkilatlarından və digər qurumlardan ibarət deyil. Bəzi məsələlər mükəmməl Azərbaycan obrazını təqdim etməyə mane olmamalıdır”.

İ. Ağazadə İran tərəfdən “Eurovision” adı altında Azərbaycana qarşı təzyiq etmək cəhdlərinin arxasında isə başqa məqsədlər durduğunu bildirib: “İranın bu məsələdə məqsədləri başqadır. Dünyadan təcrid olunmuş bu dövlət region dövlətlərini təhlükəyə atmaqla, təhdid etməklə, özünə qarşı olan beynəlxalq hücumları bir qədər səngitmək istəyir. İran bu məsələdə hücumlardan yayınmaq niyyəti güdür. İran təəssüf ki, heç zaman Azərbaycana qarşı dost münasibətində olmayıb. Üzdə dost kimi görünmək istəsə də, hər zaman Azərbaycana qarşı olub və bunu dəfələrlə sübut edib. Bu, indi də davam edir və burada təəccüblü heç nə yoxdur”.

Jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, siyasi vəziyyətin həssas olduğu dövlətlərdə «Evrovision» musiqi yarışmasının siyasiləşdirilməsi təcrübəsi mövcuddur. Ümumiyyətlə, bu tədbirin siyasi çalarları ortaya çıxır: «Azərbaycanda bir-birinə qarşı dayanan qüvvələr var. Siyasi ehtiraslar kifayət qədər yüksəkdir. Dialoq, anlaşma yoxdur. Ona görə də bir çoxları «Evrovision»dan ələ düşmüş təbliğat fürsəti kimi istifadə edir».

«Evrovision» ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışan təşkilatların adətən radikal bəyanatları ilə tanınanlar olduğunu deyən Q. Məhərrəmli buna dözümlü yanaşmağın lazım olduğu qənaətindədir: “Bu gün Azərbaycanın diqqət mərkəzində, böyük plandadır. Belə olan halda yaxşılar da diqqət mərkəzində olur, neqativ məsələlər də”.

İranın bəyanatlarını Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirən Q. Məhərrəmlinin sözlərinə görə, bu məsələdə Azərbaycan hökumətinin mövqeyi düzgündür: «İran birbaşa Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə edir. Bu qəbuledilməzdir. İran hakimiyyət dairələri Azərbaycanla aşağılayıcı tonda danışa bilməz. Bununla yanaşı, Azərbaycan-İran münasibətlərinin bu səviyyəyə çatması da arzuolunan deyil».

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı APA-ya açıqlamasında “Eurovision” mahnı müsabiqəsinin bəzi yerli dairələr tərəfindən siyasiləşdirilmə cəhdlərinin düzgün olmadığını deyərək bunu pisləyib. Amma o, “Eurovision” günlərində Azərbaycana qarşı hansısa beynəlxalq kampaniya aparıldığı qənaətində deyil: “Hesab edirəm ki, bəzi xarici ölkələrdə erməni lobbisinə, anti-Azərbaycan dairələrinə bağlı olan, öz geopolitik və geosiyasi maraqlarını həyata keçirmək istəyən qruplar, dairələr var ki, onlar “Eurovision” mahnı müsabiqəsi ərəfəsində, müsabiqənin keçirildiyi günlərdə bu yarışmadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Lakin onlar çox yanlış yoldadırlar. Azərbaycan prezidenti müstəqil, qəti siyasət yeridir, bu və ya digər təzyiqlər heç bir nəticə verməyəcək”.

M. Qurbanlı “Eurovision” mahnı müsabiqəsi ərəfəsində İran tərəfdən olan qərəzli açıqlamalardan təəssüfləndiyini desə də, bunu İran dövlətinin mövqeyi kimi qəbul etmədiyini bildirib: “İranda bu məsələ ilə əlaqədar münasibət bütövlükdə İran dövləti səviyyəsində deyil. Bu xoşagəlməz hallar İran hakimiyyətindəki bəzi qrupların vasitəsilə həyata keçirilir. Onlar “Eurovision” mahnı müsabiqəsi ilə bağlı yersiz hay-küy qaldırırlar, Bakı şəhərində guya “gey-parad” keçiriləcəyi iddiası ilə İran ictimai rəyini çaşdırmağa çalışırlar. Azərbaycan hakimiyyətinin nümayəndələri dəfələrlə bildirib ki, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi bir mədəni hadisədir, “gey-parad” deyilən tədbir, yaxud hadisə heç zaman Azərbaycanda olmayıb, olmayacaq. Azərbaycan mentalı, xalqının milli adət-ənənələrinə yasaq olan hərəkətlər heç zaman baş tuta bilməz. İran tərəfinin bu cür iddiaları süni və qondarma şəkildə İran ictimai rəyinə çatdırmaq cəhdi bu ölkənin özündə də mənfi şəkildə qarşılanıb. Mən bu fəaliyyəti pisləyirəm. Hesab edirəm ki, bu əməllər İran-Azərbaycan dostluğuna xələl gətirməklə yanaşı, İranın öz milli maraqlarına da uyğun deyil”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni APA-ya açıqlamasında «Eurovision» kimi əhəmiyyətli musiqi yarışmasının siyasiləşdirilməsinin əleyhinə olduqlarını deyib. Onun sözlərinə görə, nə Azərbaycanın vətəndaş cəmiyyəti, nə Avropa ictimaiyyəti, nə də Avropa Yayımlar Birliyi bu müsabiqənin siyasiləşdirilməsini istəmir: «Bunu siyasiləşdirmək istəyənlər nəyəsə nail ola bilməyiblər. Biz buna etiraz edirik».

Bəzi beynəlxalq təşkilatların verdiyi açıqlamaları məntiqsiz və qərəzli adlandıran Milli QHT Forumunun prezidentinin fikrincə, bu təşkilatlar Azərbaycanda məcburi köçkünlər, azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı susur, öz mandatlarına uyğun olmayan məsələlərlə bağlı kampaniyalar aparırlar.

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə hesab edir ki, «Eurovision»da hər bir dövlət özünü təqdim etdiyindən, tanıtdığından bu həm də siyasi məzmunlu bir tədbirdir: «Lakin bəzi qüvvələr bundan Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Bir sıra ölkələrin Azərbaycanda təmin olunmamış maraqları var. Ona görə də bunu mənfi rakursdan təqdim etməyə, işıqlandırmağa, mənfi çalarları qabartmağa çalışırlar. Eyni zamanda qonşu ölkələrdən də Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsini həzm edə bilməyənlər, bunu qısqanclıqla qarşılayanlar var. Gərək bizim vətəndaşlar bu təbliğata qoşulmasınlar. Əgər Azərbaycanın mədəniyyəti təbliğ olunursa, bu yarışmada digər neqativ çalarları qabardıb başqa dairələrin əlinə şans vermək doğru deyil».

R. Məcid İran tərəfdən Azərbaycanın ünvanına səsləndirilən açıqlamalara da münasibətini açıqlayıb. Onun sözlərinə görə, sonda bu açıqlamalar ölkələr arasında münasibətlərə mənfi təsir göstərir. Baş redaktor hesab edir ki, bu məsələni də müəyyən dairələr qəsdən qabardır, olmayan şeyləri şişirdilər: «Azərbaycan İranla bağlı problemlərin danışıqlar yolu ilə həllinə tərəfdardır. İran isə belə addımlarla öz ətrafında həlqəni daraldır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR