Bank Of Baku

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev: “GUAM ərazisində münaqişələrin nizamlanması üçün göstərilən səylərə BMT-nin dəstək verəcəyini gözləyirik”

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev: “GUAM ərazisində münaqişələrin nizamlanması üçün göstərilən səylərə BMT-nin dəstək verəcəyini gözləyirik”
# 18 yanvar 2007 08:31 (UTC +04:00)
- BMT-Azərbaycan münasibətlərinin səviyyəsi Sizi qane edirmi?
- BMT-Azərbaycan əməkdaşlığı bir neçə istiqamətlərdə həyata keçirilir. Nyu-Yorkda BMT-nin Baş qərargahının nəzdində Azərbaycanın daimi nümayəndəliyi ölkəmizin prioritetləri əsasında fəaliyyət göstərir, Azərbaycanın mövqeyini çatdırır və ölkəmizin maraqlarını müvəffəqiyyətlə müdafiə edir.
Keçən il ərzində Azərbaycan Baş Assambleya tərəfindən yanğınlarla bağlı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, həmçinin ölkəmizin irəli sürdüyü “İtkin düşmüş şəxslər” və “Hərbi münaqişələr zamanı sonradan həbs olunanlar da daxil olmaqla girov götürülmüş qadınlar və uşaqların azad edilməsi” adlı qətnamələrin konsensusla qəbul edilməsinə və GUAM ərazisində həlli uzanmış münaqişələrə dair bəndin Baş Assambleyanın gündəliyinə daxil edilməsinə müvəffəq olub. Bununla yanaşı, BMT-nin xətti ilə Azərbaycanda bir sıra proqram və agentliklər öz missiyanı həyata keçirir. Həmin proqramlar tərəfindən Azərbaycanın inkişafı üçün maliyyə, texniki və məşvərət yardımı göstərilir. Məsələn, Azərbaycanda həyata keçiriləcək layihələrə BMT İnkişaf Proqramının 2007-ci il üçün büdcəsindən 10 milyon, Dünya Ərzaq Proqramını çərçivəsində 7.6 milyon, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə 3.023 milyon ABŞ dolları ayrılıb. Heç də az olmayan bu məbləğ Azərbaycanın ehtiyaclarına sərf edilir. Daimi nümayəndəlik bu istiqamətdə səylərini davam etdirəcək.
- BMT-yə yeni baş katib seçilməsinin qurumla Azərbaycan arasında münasibətlərə hansı təsiri ola bilər?
- BMT-nin yeni baş katibi öz səlahiyyətlərinin icrasına çoxtərəfli diplomatiyanın çətin və mürəkkəb vaxtlarında başlayıb. Hazırda ən vacib məsələlərdən biri islahatlar vasitəsilə BMT-nin beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə səmərəli şəkildə cavab vermək qabiliyyətinin gücləndirilməsidir. Sözügedən islahatlarda bir çox dövlətlər kimi Azərbaycan da maraqlıdır. Hesab edirəm ki, yeni baş katib Ban Ki Mun BMT-də gedən islahat prosesindən istifadə edərək, mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək.
- Azərbaycanın BMT-dəki yeni nümayəndəsi kimi fəaliyyətinizdə hansı məsələləri prioritet kimi götürübsünüz? Nümayəndəlikdə hansısa islahatlar aparmağı nəzərdə tutursunuzmu?
- Daimi nümayəndəlik öz fəaliyyətini illik plan əsasında qurur və prioritet kimi müəyyənləşdirilmiş məsələlər üzrə vəzifə və səlahiyyətlərini həyata keçirir. Prioritetlər sırasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, GUAM ərazisində həlli uzanmış münaqişələr bəndi və İslam Konfransı Təşkilatında sədrlikdir. Bununla yanaşı, iqtisadi və humanitar sahələrdə daimi nümayəndəlik Azərbaycanın Minillik İnkişaf Məqsədlərinə nail olması kimi məsələlərə də diqqət yetirir.
- BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Bruno Fuotett səlahiyyətlərinin icrasına nə vaxt başlayacaq?
- Bizdə olan məlumata görə, cənab Bruno Fuotett hazırkı rezident əlaqələndiricisi cənab Marko Borzotti ölkəmizi tərk etdikdən sonra, yaxın vaxtlarda öz vəzifəsinə başlamalıdır.
- BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin icrası üçün Azərbaycan nümayəndəliyi hansı addımları atmaq niyyətindədir?
- Daimi nümayəndəlik Baş Assambleyanın hər sessiyasının ümumi müzakirələri zamanı BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrası məsələsini qaldırır. Bundan əlavə, daimi nümayəndəlik bir neçə dəfə BMT-yə xüsusi olaraq müraciət edib. Belə ki, daimi nümayəndəlik 1994-cü ildə münaqişə üzrə bu qətnamələrin icrası məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə BMT-nin fakt-araşdırıcı missiyasının göndərilməsini xahiş edib. Növbəti müraciət 2003-cü ildə BMT Təhlükəsizlik Şurasına və baş katibə edilib. Milli maraqlarımızı qoruyaraq, bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Bu mənada “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və GUAM ərazisində həlli uzanmış münaqişələr bəndləri növbəti imkan yaradır və biz onlardan mütləq istifadə edəcəyik.
- GUAM-a üzv ölkələrin ərazisində “dondurulmuş münaqişələr”lə bağlı BMT-də müzakirələrin vaxtı dəqiqləşibmi? Azərbaycan bu müzakirələrdən nə gözləyir?
- Bu müzakirələr GUAM dövlətlərinin lazım bildiyi vaxtda keçiriləcək. Müzakirələr zamanı GUAM ölkələri tərəfindən onların ərazilərində baş verən münaqişələr və onların həlli istiqamətində atılan addımlar barədə məlumat veriləcək. Bu müzakirələrdən münaqişələrin nizamlanması üçün göstərilən səylərə BMT-nin dəstək verəcəyini və bu səylərin daha da aktivləşməsini gözləyirik.
- Ermənistandan qovulan soydaşlarımızın əmlaklarına dəymiş ziyana görə İrəvanın təzminat ödəməsi üçün Azərbaycan BMT-yə müraciət edibmi? Ümumiyyətlə, bu istiqamətdə BMT səviyyəsində hansı tədbirlər görməyi planlaşdırırsınız?
- BMT sistemində, dəymiş ziyana görə təzminatın ödənilməsi ya Beynəlxalq Ədliyyə Məhkəməsinin qərarına, ya da Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən həyata keçirilə bilər. Birinci halda, Beynəlxalq Ədliyyə Məhkəməsi Ermənistanın və Azərbaycanın razılığı ilə məsələni öz icraatına götürülməlidir. İkinci halda isə, siyasi orqanı olan Təhlükəsizlik Şurası və ilk növbədə onun daimi üzvləri bu barədə razılığa gəlməlidir. BMT-dən fərqli olaraq, Avropa Şurası və İnsan hüquqları üzrə Avropa Məhkəməsi kimi regional təşkilatlar təzminatın ödənilməsi məsələsində daha çox imkanlara malikdir.
- Məlumdur ki, erməni diasporu və erməni lobbisi ABŞ-da çox güclüdür. Rəhbərlik etdiyiniz nümayəndəlik Azərbaycan diasporunun və lobbisinin fəaliyyətinin gücləndirilməsi işinə hansısa formada yardım edirmi?
- Nyu-Yorkda yaşayan Azərbaycan diasporu ilə əməkdaşlıq fəaliyyətimizin digər istiqamətlərdən biridir. BMT-də daimi nümayəndə kimi işləməyə başlayandan sonra, ilk addımlarımdan biri Azərbaycandan olan azərbaycanlılar və yəhudi xalqının nümayəndələri ilə görüşüm olub. Görüş zamanı biz gələcək birgə əməkdaşlığımızın əsas istiqamətlərini müzakirə etmişik. Daimi nümayəndəlik diasporaya daim köməklik edib və edəcəkdir. Məsələn, daimi nümayəndəliyin tövsiyəsi ilə bu yaxınlarda Azərbaycan bazar günü məktəbi açılıb və daimi nümayəndəlik məktəbə dərsliklər, texniki avadanlıq və digər ləvazimat hədiyyə edib. Bundan başqa 22 dekabr tarixində Dünya Azərbaycanlıların Həmrəylik Günü, Yeni il və Qurban bayramı münasibətilə daimi nümayəndəlik tərəfindən tədbir keçirilib. Tədbirdə Nyu-York və Vaşinqtonda yaşayan yüzlərlə diaspora nümayəndələri iştirak ediblər.
- Bu il ərazində BMT rəsmilərinin Azərbaycana səfəri gözlənilirmi?
- Hal-hazırda bəzi BMT rəsmilərinin Azərbaycana səfərlərinin təşkil edilməsi üzərində işləyirik. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR