Bank Of Baku

Səfir Pərviz Şahbazov: “Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində federal kansler Angela Merkellə görüşü xüsusi önəm daşıyır”

Səfir Pərviz Şahbazov: “Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində federal kansler Angela Merkellə görüşü xüsusi önəm daşıyır”
# 23 yanvar 2007 10:59 (UTC +04:00)
- Azərbaycanın Almaniyadakı səfirliyinin 2006-cı ildəki fəaliyyətini necə qiymətləndirirsiniz, səfirliyin builki planları barədə nə deyə bilərsiniz?
- 2006-cı il Azərbaycanla Almaniya arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə genişləndirilməsi baxımından uğurlu il olub. Belə ki, ötən ilin sentyabrında Azərbaycan prezidenti Almaniyaya işçi səfər edərək, Beynəlxalq Bertelsman Forumunda iştirak və çıxış edib. Bundan başqa, ikitərəfli siyasi dialoqun daha da inkişaf etdirilməsi baxımından xarici işlər nazirinin Almaniyaya səfərini, iki dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən siyasi və siyasi-təhlükəsizlik məsləhətləşmələrini qeyd etmək olar. İqtisadi münasibətlərimizin inkişafı üçün də ötən il bir sıra tədbir gerçəkləşdirilib. Bunların sırasında Azərbaycanın iqtisadi inkişaf nazirinin Almaniyaya səfərini, Almaniya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini, Berlində keçirilən Beynəlxalq Turizm Sərgisində, Hannoverdə keçirilən yeni texnologiyalar üzrə beynəlxalq sərgidə Azərbaycanın iştirakının təmin edilməsini və s. qeyd etmək olar. Səfirlik olaraq ötən il Almaniya şirkətlərinin Azərbaycana marağının xüsusilə artdığının şahidi olmuş və Azərbaycana Almaniya sərmayələrinin yatırılması işinin gücləndirilməsi üçün hər iki ölkədən olan şirkətlər arasında birbaşa əlaqələrin yaradılmasını təşviq etmişik. Mədəniyyət sahəsində əməkdaşlığa gəldikdə, qeyd etmək istərdim ki, ötən ilin oktyabrında Almaniyada Berlin, Maynts, Ştuttqart və Frankfurt-am-Mayn şəhərlərində Azərbaycan Mədəniyyəti Ongünlüyü keçirilib. Ongünlük çərçivəsində Azərbaycandan gəlmiş incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediob, gənc Azərbaycan rəssamlarının sərgisi keçirilib, Azərbaycan kitabları ilk dəfə olaraq bütün dünyada məşhur olan Frankfurt Kitab Sərgisində nümayiş etdirilib. Ötən il aparılan danışıqlar nəticəsində 2008-ci il Almaniyada “Azərbaycan Mədəniyyəti İli” elan olunub və bu çərçivədə ən müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
- Azərbaycan-Almaniya münasibətləri hazırda hansı səviyyədədir, bu səviyyə Azərbaycanı qane edirmi?
- Ölkələrimiz arasında münasibətlər bu gün ən müxtəlif sahələrdə dinamik surətdə inkişaf edir. İki ölkə arasında fəal siyasi dialoq mövcuddur, iqtisadi və mədəni münasibətlər sürətlə inkişaf edir. Amma münasibətlərimizin daha da inkişafı üçün çox böyük potensial var. Azərbaycan Avropa İttifaqının və dünyanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə münasibətlərinin genişləndirilməsinə mühüm önəm verir. Məhz bu səbəbdən Almaniyada Azərbaycanın daha da tanıtdırılması, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə çatdırılması işi mühüm önəm daşıyır ki, səfirliyimiz də bu istiqamətə xüsusi diqqət yetirir.
- Prezident İlham Əliyevin fevralda Almaniyaya edəcəyi rəsmi səfər çərçivəsində hansı görüşlərin keçiriləcəyi və sənədlərin imzalanacağı gözlənilir? Məlumatlara görə, prezidenti iqtisadi qurumları təmsil edən böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində biznes-forumun keçirilməsi də nəzərdə tutulubmu, almanlar Azərbaycan iqtisadiyyatının hansı sahələrinə daha çox maraq göstərir?
- Məlum olduğu kimi, cari ilin fevral ayında prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində bır sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu sırada Almaniyanın federal kansleri Angela Merkellə keçiriləcək görüş xüsusi önəm daşıyır. Bildiyiniz kimi, Almaniya 2007-ci ilin birinci yarısında Avropa İttifaqında və bütün il boyu “Böyük Səkkizlər”də sədrliyi həyata keçirəcək. Almaniya Avropa İttifaqının Yeni Qonşuluq Siyasətini daha da fəallaşdırmağa çalışacağını bəyan edib. Bu baxımdan ötən il Yeni Qonşuluq Siyasətinə qoşulmuş, Avro-Atlantika strukturları ilə sıx əməkdaşlıq və həmin strukturlara bundan sonra da mümkün inteqrasiyanı qarşısına məqsəd qoymuş Azərbaycan üçün Almaniya ilə indi siyasi dialoqun genişləndirilməsi vacibdir. Səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Forumunun keçirilməsi də planlaşdırılır. Ümumiyyətlə, Almaniya iş adamları Azərbaycan iqtisadiyyatının daha çox qeyri-neft bölməsinə maraq göstərirlər. Bu sırada infrastruktur, turizm, maşınqayırma, ərzaq sənayesi və s. kimi sahələri göstərmək olar.
- Almaniyadakı azərbaycanlılar daha çox hansı biznes sahələrində çalışırlar?
- Almaniyada yaşayan azərbaycanlılar əsasən Almaniya iqtisadiyyatının inşaat, ərzaq sənayesi, turizm, iaşə və s. bölmələrində fəaliyyət göstərirlər.
- Səfirliyin Almaniyadakı Azərbaycan diasporu ilə əlaqələri varmı, orada yaşayan azərbaycanlıların əsas problemləri nədir? Özlərini digər millətlərin nümayəndəsi kimi təqdim etmiş, lakin niyyətlərinə çatmamış azərbaycanlılar səfirliyə müraciət edirmi, onların sayı nə qədərdir, aqibətləri necə olur?
- Almaniyada böyük Azərbaycan icması mövcuddur. Burada yaşayan azərbaycanlıların içərisində vaxtilə İran və Türkiyədən köçüb gəlmiş azərbaycanlılarla yanaşı, xeyli sayda Azərbaycan vətəndaşı da var. Səfirlik Almaniyada yaşayan azərbaycanlılarla sıx əlaqə saxlayır, onlar hər hansı problemlə üzləşdiyi təqdirdə, bunun həlli istiqamətində lazımi tədbirləri görür. Berlində fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi ilə səfirlik sıx əməkdaşlıq edir. Səfirlik Konqresə daxil olan, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə ilk növbədə mədəniyyət sahəsində birgə layihələr həyata keçirir. Bu yaxınlarda səfirlik “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Berlin meriyasında 350 nəfərdən çox azərbaycanlının, həmçinin Almaniyadan olan dostlarımızın iştirakı ilə geniş tədbir keçirib. 2008-ci ildə Almaniyada keçirəcəyimiz “Azərbaycan Mədəniyyəti İli”ndə Almaniyadakı Azərbaycan diaspora təşkilatlarının da iştirakı nəzərdə tutulur.
Sualın ikinci hissəsinə gəldikdə, onu deyə bilərəm ki, Almaniyanın xaricilərlə iş üzrə idarələri bəzən səfirliyimizə müraciət edərək, Azərbaycan vətəndaşı olması güman edilən şəxslərin vətəndaşlığının müəyyən edilməsini xahiş edir. Səfirlik bu sorğuları operativ şəkildə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına göndərir və nəticələr barədə Almaniya tərəfini məlumatlandırır. Bəzən Almaniyada daimi sığınacaq almaq məqsədilə özlərini Azərbaycan vətəndaşı kimi tənqid edən erməni mənşəli şəxslərə də rast gəlinir. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində səfirlik bu şəxslərin Azərbaycan vətəndaşlığına malik olmadığı barədə Almaniya tərəfini dərhal məlumatlandırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR