Bank Of Baku

AŞPA-da Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı hesabat müzakirə olunub

AŞPA-da Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı hesabat müzakirə olunub
# 24 yanvar 2007 10:10 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, iclasda AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Jorj Kolombye və Mikko Elonun hazırladığı hesabat dinlənilib. Hesabatın dinlənilməsi plenar iclasın başa çatmasına yarım saat qalmış başladığına görə, müzakirələrə cəmi 35 millət vəkili qatılıb. Həmməruzəçi Jorj Kolombye çıxışını Ermənistanda gedən proseslərin müsbət tərəflərinin təqdimatı ilə başlayıb. O, insan hüquqları, demokratik inkişaf, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi sahəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün ölkədə lazımi şəraitin yaradıldığını bildirib. O, İrəvan meriyasına seçkilərin keçirilməsini, Konstitusiya Məhkəməsinə müraciətin mümkünlüyünü, insan haqları üzrə Müvəkkil İnstitutunun yaradılmasını müsbət addım kimi qiymətləndirib. Bununla belə Jorj Kolombye ölkənin seçki sistemində ciddi problemlərin olduğunu, Konstitusiya ilə bağlı referendumda nəticələrin saxtalaşdırılması hallarına rast gəlindiyini deyib. Həmməruzəçi bildirib ki, seçkilərin nəticələrini saxtalaşdıranların cəzalandırılması üçün ölkədə heç bir mexanizm mövcud deyil, bu da seçkilərin nəticələrinin etibarlılığına şübhə yaradır. Ümumilikdə fransız deputatın çıxışında Ermənistanın ünvanına ciddi irad səslənməyib. Digər həmməruzəçi Mikko Elo isə çıxışını bütünlüklə Dağlıq Qarabağ münaqişəsinə həsr edib. O, Dağlıq Qarabağ münaqişəsini regionda sülh və sabitliyə nə böyük maneə kimi dəyərləndirib. "Lakin biz məruzəmizdə bu mövzu üzərində çox dayanmadıq. Avropa Şurası Parlament Assambleyası 1416 saylı qətnamə əsasında bu məsələni Dağlıq Qarabağ üzrə Alt Komitəyə tapşırıb. Keçən il noyabrın 28-də iki ölkə prezidentləri arasında keçirilmiş görüş münaqişənin həlli istiqamətində bəzi ümidlər yaratmışdı. Yalnız onu qeyd edə bilərik ki, bu münaqişənin birdəfəlik həll olunması hər iki ölkənin marağında olmalıdır və problemin həllində hərb yolunu birdəfəlik rədd edirik. AŞPA həmçinin Dağlıq Qarabağ Alt Komitəsinin köməyi ilə danışıqlar prosesinə yardım göstərməyə çalışacaq. Biz parlamentlər səviyəsində, iki ölkənin xalqları arasında eləcə də Qarabağ xalqı ilə dialoqun davam etməsi üçün müsbət şəraitini yaradılmasına dəstək verəcəyik”. Müzakirələr gec başladığına görə, çıxış üçün siyahıya 20 nəfər yazılsa da, cəmi 7 nəfərə söz verilib. Onlardan üçün Ermənistan parlamentinin deputatları, biri isə Fransa parlamentinin üzvü, ermənipərəst mövqeyi ilə seçilən Fransua Roshebloun olub. Çıxış üçün siyahıya Azərbaycan nümayəndə heyətinin beş üzvünü adı daxil edilsə də, onlara söz verilməyib. Məruzə ətrafında çıxış edənlər sırasında Dağlıq Qarabağ münaqişəsinə yalnız Ermənistan parlamentinin üzvü Armen Rustamyan toxunub. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Avropa Şurasının sənədlərində göstərilən öhdəliklərə tam uyğun olduğunu bildirib. Azərbaycanı danışıqlar prosesini pozmaqda günahlandıran Rustamyan sülh prosesinin bərqərar olması üçün “Dağlıq Qarabağ”ın dialoq prosesində iştirakını vacib sayıb. “Azərbaycanın bu məsələdə mövqeyi məlumdur, bu ölkənin yeganə arzusu Stalinin onlara vaxtı ilə bağışladığı Qarabağa yenidən sahib çıxmaqdır”. Digər çıxışlar isə əsasən Ermənistan daxilində gedən proseslərə həsr olunub. Qətnaməyə Ermənistan tərəfindən yalnız üç düzəliş təklif olunub və bu düzəlişlər qəbul edilib. Sonda qətnamə layihəsi 32 lehinə, 1 əleyhinə və 2 bitərəf olmaqla qəbul edilib. APA-nın Strasburqdakı müxbirinin məlumatına görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri ümumilikdə müzakirələrin gedişindən narazı qalıblar. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun fikrincə, bu iclas Avropa Şurası Parlament Assambleyasının deyil, Ermənistan parlamentinin iclasına daha çox bənzəyirdi. “Bu günü AŞPA tarixində ən arzuolunmaz günlərdən biri saymaq lazımdır. Çünki, müzakirələrin vaxtını, gedişini, məzmununu elə təşkil etdilər ki, bu, AŞPA-nın yox, Ermənistan parlamentinin iclasına bənzəyirdi. Azərbaycan nümayəndə heyətindən heç kəsə söz demək üçün imkan verilmədi. Siyahını elə tərtib etmişdilər ki, çıxışlarımız əngəlləndi. Tam əmiliklə deyirəm ki, bu, erməni lobbisi və Ermənistan nümayəndə heyəti ilə bağlı ayrı-ayrı qüvvələrin təsiri altında baş verib. Azərbaycan nümayəndə heyəti 15-20 gün əvvəl bu mövzu ətrafında çıxışla bağlı Bakıdan sifarişlərini göndərmişdi. Xronoloji baxımdan yanaşsaq, ən birinci söz bizə verilməli idi. Toplantıdan iki gün öncə mən AŞPA katibliyində siyahıya baxdım, siyahılarda mənim adım birinci idi. Lakin sonradan elə etdilər ki, Ermənistandan Rustamyan, Torosyan, Dəmirçiyan və Fransadan Roshebloun və bir neçə ermənipərəst deputata söz verməyə şərait yaratdılar. Bu, məqsədyönlü şəkildə planlaşdırılmış iş idi. Mən bu məsələdə Avropa Şurası katibliyini açıq şəkildə ittiham edirəm və biz ittihamımızı yazılı şəkildə Avropa Şurası rəhbərliyinə təqdim edəcəyik. Bundan başqa müzakirələrin vaxtı elə müəyyən olunmuşdu ki, bu son dərəcə vacib məsələnin müzakirəsinə cəmi 40 dəqiqə vaxt ayrılmışdı. Faktiki olaraq bu toplantı Ermənistan parlamentinin iclasına bənzəyirdi və Avropa Şurası Parlament Assambleyasında Ermənistanın üzərinə götürdüyü vəzifə və öhdəliklərin müzakirəsi yox, bu müzakirənin imitasiyası həyata keçirildi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR