Bank Of Baku

Sərdar Cəlaloğlu: “ADP iqtidara münasibətində dəyişiklik etmək fikrindədir”

Sərdar Cəlaloğlu: “ADP iqtidara münasibətində dəyişiklik etmək fikrindədir”
# 24 yanvar 2007 10:50 (UTC +04:00)
“ADP öz siyasi mövqeyində qalaraq, iqtidara münasibətində dəyişiklik etmək fikrindədir. Yeni siyasi xətt bundan ibarətdir ki, biz iqtidara münasibətimizdə və müəyyən əlaqələrin yaradılmasında yeni bir dönəmə başlamalıyq. Bu mərhələ siyasi hadisələrin yumşalmasına xidmət edəcək”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib. Partiyanın siyasi münasibətlər, siyasi proseslərdə iştirakına yeni bir forma təklif etdiklərini bildirən birinci müavin bunu uzlaşdırma siyasəti adlandırmağı da mümkün sayıb. Birtərəfli qaydada hansısa addım atmaq fikrində olmadıqlarını bildirən S. Cəlaloğlu YAP-dan müəyyən addım atılacağı halda bunun qarşılıqlı olacağını deyib: “Bu səpkidə digər ölkələrdə - Ukraynada, Gürcüstanda, Rusiyada proseslər gedir. Mixail Saakaşvili müxalifət nümayəndəsini Dövlət Təhlükəsizlik Şurasına üzv götürüb. Rusiyada Putin heç olmasa iki aydan bir müxalifət liderləri ilə dəyirmi masa keçirib onların fikrini öyrənir. Ukraynada isə daha uzağa gediblər - iqtidarla müxalifət hakimiyyəti bölüşdürüblər. Azərbaycanda bu modellərin hansısa birini həyata keçirmək lazımdır. İndiki halda biz Ukrayna variantından çox uzaq olduğumuza görə Rusiya və Gürcüstan variantı qalır”.
S. Cəlaloğlunun fikrincə, hakimiyyət qiymətlərin bahalaşdırılması və digər məsələlərlə bağlı müxalifətlə birgə müzakirələr apara bilər: “Bu gün prezidentin ətrafında olanlar, nazirlər xalqın vəziyyətini olduğu kimi ona çatdırmırlar. Hər halda, müxalifətin fikri alternativdir. Bu fikirləri dinləyib reaksiya vermək nə böyük faciədir ki, müəyyən qüvvələr bu dialoqun aparılmasına da pis baxırlar? Bu gün iqtidar müxalifətin, müxalifət də iqtidarın haqqında kəskin fikirlər bildirir. Hansısa qüvvələr prezidentdə müxalifət haqqında səhv fikir formalaşdırır və bunun nəticəsində münasibətlər gərginləşən istiqamətdə davam edir. Biz bunun əleyhinəyik və birbaşa kontaktlarla tərəflər mövqelərini bildirməlidirlər. Mövqeyini bildirməklə kimsə nəsə itirmir, sadəcə, bu, bir siyasi mədəniyyətdir və bu ənənəni yaratmalıyıq. Ona görə mümkün addımları atacağıq”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR