Bank Of Baku

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl: “ABŞ İraqı işğal edib”

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl: “ABŞ İraqı işğal edib”
# 24 yanvar 2007 11:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə keçirilən görüşdə ölkəsindəki vəziyyəti şərh edərkən deyib. Səfir İrqada yaranmış mövcud durumu ölkəsinin zəngin tarixi mədəniyyətə və təbii ehtiyatlara sahib olması ilə əlaqələndirib: “İraq elə ölkədir ki, min illərdən bəri hər kəsin gözü ordadır. Onun gözəl suyu və nefti var. Dünyada ilk yazı və qanun İraqda yaranıb. İraq XX əsrin əvvəlində İngiltərə, XXI əsrin əvvəlində isə ABŞ tərəfindən işğal olunub. 2003-cü ildə ABŞ İraqı işğal edəndə mən orada idim. Amerikanın işğalından sonra İraqın sərhədləri iki il açıq qaldı. Doğrudur, Amerika İraqa bəzi şeyləri gətirib. Əvvəllər İraqda mobil telefonun istifadəsi, televiziyaya baxmaq və digər şeylər qadağan idi. Amerika bu ölkəyə azadlıq gətirdi, amma iraqlıların çoxu azadlığı düzgün başa düşmədi. 35 illik diktaturadan sonra demokratiya görən istənilən millət çətinlik yaşamalıdır”. Ə.Ö.İsmayıl deyib ki, İraqda Amerika işğalına qarşı çıxan iki qüvvə var - onlardan biri terrorçular, digərləri isə müqavimətçilərdir. Səfirin fikrincə, İraqda ortaya çıxan sünni-şiə qarşıdurmasını iraqlılar yaratmayıb: “Məncə, bu, iraqlıların yaratdığı problem deyil. Mənim qohumlarımın arasında sünni, şiə, ərəb, kürd və türkmənlər var. Mən özüm sünniyəm. İndiki vəziyyətin yaranmasında iraqlılar günahkar deyil”. Ə.Ö.İsmayıl yaxın günlərdə Bağdadın iki hissəyə bölünəcəyini və burada terrorizmə qarşı mübarizənin sərtləşdiriləcəyini deyib: “ABŞ İraqa əlavə 21500 əsgər göndərəcək. Onların 17500-ü Bağdadda, 4000-i isə digər ərazilərdə yerləşdiriləcək. Bizim baş nazir ABŞ-ın yeni İraq strategiyasına qarşı öz strategiyasını hazırlayıb. O da Bağdadı iki hissəyə böləcək. Hər iki tərəfin öz komendantı olacaq və partlayışlara qarşı mübarizə aparılacaq. Partlayışların yaxın vaxtlarda qarşısının alınacağına inanırıq”. Diplomat deyib ki, indiyədək İraqda 700-dək terrorçu tutularaq həbsxanaya salınıb. İraqın Şimalında və Cənubunda əhalinin 90 faizinin kürdlər və ərəblər olduğunu deyən səfir buna görə orada elə bir təhlükə görmədiyini vurğulayıb. Diplomat əsas təhlükənin Bağdad, Mosul və Kərkükdə gözlənildiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR