Bank Of Baku

Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov: “Ramiz Əhmədov namizədliyini verməyəcəyi təqdirdə, partiyanın sədri postu uğrunda mübarizədə iştirak edəcəyimi istisna etmirəm”

Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov: “Ramiz Əhmədov namizədliyini verməyəcəyi təqdirdə, partiyanın sədri postu uğrunda mübarizədə iştirak edəcəyimi istisna etmirəm”
# 24 yanvar 2007 14:24 (UTC +04:00)
“Ramiz Əhmədovun səhhətində olan gərginlik sirr deyil. Amma qurultayda partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürüb-sürməməsi onun şəxsi qərarı ilə olmalıdır. Namizədliyini irəli sürsə isə çoxluq onun tərəfində olacaq. Bundan başqa, Ramiz Əhmədov uzun illərin iş təcrübəsinə malik olan insandır. O, öz səhhətini, partiyada olan vəziyyəti qiymətləndirəcək və sonda qərar verəcək”. Azərbaycan Kommunist Partiyasının sədr müavini Rauf Qurbanov APA-ya açıqlamasında bildirib ki, fevralın 24-də partiyanın qurultayında R. Əhmədovun sədr vəzifəsinə namizədliyini vermək məsələsində mənəvi dəyərlərə hörmətlə yanaşmağın tərəfdarıdır və bu səbəbdən R. Əhmədovla səhhətindəki problemlər haqda danışmağı məqsədəuyğun hesab etməyib. R. Əhmədov namizədliyini verməyəcəyi təqdirdə, R. Qurbanov partiyanın sədri postu uğrunda mübarizədə iştirak edəcəyini də istisna etməyib: “Ola bilər ki, partiya üzvlərindən və ya müavinlərdən kimsə nəsə desin, lakin deyə bilərəm ki, Ramiz Əhmədovun sədri olduğu partiyada çalışmağa bundan sonra da hazıram. Hər halda, namizədliyimi irəli sürüb-sürməməyim hadisələrin gedişindən və durumundan asılıdır. Bu baxımdan əvvəlcədən hadisələri qabaqlamaq istəmirəm. Partiyanın sədr müavini kimi öz işimi davam etdirirəm. Sətiraltı danışmağı isə heç xoşlamıram. Partiyada da müəyyən güclü insanlar var ki, onlar mənim namizədliyimi irəli sürə bilərlər. Qurultayda bütün bu məsələlərə aydınlıq gələcək”. R. Qurbanov ötən həftə Moskvada səfərdə olduğu zaman Rusiya Kommunist Partiyasının rəhbərliyində təmsil olunan bəzi kommunistlərlə də bu haqda fikir mübadiləsi apardıqlarını deyib: “Moskvada da eyni sualla mənə müraciət olundu. Mənə dedilər ki, Ramiz Əhmədovun səhhəti ilə bağlı məsələ bizə məlumdur. Lakin o özü bu barədə nə fikirləşir, sən cavan oğlansan və partiyanın rəhbəri ola bilərsən. Eyni sözü onlara da dedim. Bildirdim ki, onun səhhətində problem var və mən onun xətrinə dəyə bilmərəm. Onlar məni anladılar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR