Bank Of Baku

Qənirə Paşayeva Avropa Şurasının işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın yerləşdirdiyi silah-sursatla bağlı monitorinq keçirməsini təklif edib

Qənirə Paşayeva Avropa Şurasının işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın yerləşdirdiyi silah-sursatla bağlı monitorinq keçirməsini təklif edib
# 24 yanvar 2007 14:55 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Q. Paşayevanın bildirdiyinə görə, sorğuda SSRİ-nin süqutundan sonra quruma daxil olan ölkələrin hərbi texnika və silahların sayı yenidən müəyyənləşdiyi qeyd olunub: “ Bölgü aparılarkən ölkələrin əhalisinin sayı, ərazisi, həmçinin regiondakı hərbi-siyasi vəziyyət nəzərə alınmayıb. Azərbaycanla Ermənistan arasında əhalinin sayı və ərazi üzrə təxminən üç qat fərqin olmasına baxmayaraq, hər iki dövlət üçün hərbi texnika və silahların sayı bərabər müəyyənləşib. Belə ki, Ermənistanda əhalinin sayı cəmi 3 milyon olduğu halda bu ölkə üçün silahlı qüvvələrin şəxsi heyətinin sayı 60 min, 8 milyon əhalisi olan Azərbaycan üçün isə 70 min nəfər müəyyən olunub. Dünya praktikasına uyğun olaraq, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün silahlı qüvvələrin sayı əhalinin ümumi sayının 1 faizini təşkil edir. Hər bir ölkənin silahlı qüvvələrinin əsas vəzifəsi ərazi bütövlüyünü təmin etməkdir. Ərazisi digər ölkədən 3 dəfə artıq olan bir ölkə digəri ilə eyni sayda hərbi texnika, sursata malik olmaqla, təhlükəsizliyini necə təmin edə bilər? Beləliklə, regionda hərbi tarazlığın pozulması üçün zəmin yaranıb və bu, Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etməsi ilə nəticələnib”. Sənəddə həmçinin 1995-96-cı illərdə Rusiyanın Ermənistana 1 milyard ABŞ dolları dəyərində qeyri-qanuni hərbi silah və texnika verdiyi, həmin silah-sursatın bir hissəsinin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi qeyd edilib. Bütün bunlar Ermənistanın “ATƏT çərçivəsində Avropada adi silahlı qüvvələr haqqında müqavilə”nin, həmçinin “Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə Vyana sənədi”nə qoşulmasından sonra baş verib.
Sənəddə o da qeyd olunub ki, ATƏT üzvü ölkələrin ənənəvi illik hərbi məlumatlarında Ermənistanın təqdim etdiyi məlumatlar reallığı əks etdirmir. Sorğuda Ermənistanın “Avropada adi silahlı qüvvələr haqqında müqavilə” ilə məhdudlaşdırılmış hərbi texnika və silahlı qüvvələr üzrə səddi aşdığı, yenə də silahlanmaqda davam etdiyi də vurğulanıb: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini terrorizmi dəstəkləyən təşkilat və rejimlər üçün silah ötürmə məntəqəsinə çevirərək, beynəlxalq terrorçu təşkilatlar üçün terrorçular hazırlayan düşərgələrin fəaliyyətinə şərait yaradıb. Buradan dünyanın digər regionlarına narkotik vasitələr və kütləvi qırğın silahlarının komponentləri ötürülür, bununla da region ölkələrinin sabitliyi və təhlükəsizliyinə təhdidlər yaranır. Beynəlxalq hüquqi normalara zidd olaraq, ermənilər işğal edilmiş ərazilərdə süni məskunlaşdırılır ki, bu fakt ATƏT-in müşahidə missiyası tərəfindən təsdiqlənib. Bu insanlar arasında başqa ölkələrdə barəsində cinayət işi qaldırılmış şəxslər də var”. Sorğuda silahlar üzrə nəzarət rejiminin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə tətbiq olunmadığı vurğulanır.
Q. Paşayeva Nazirlər Komitəsindən Ermənistanın əməllərinə müvafiq siyasi və hüquqi qiymət verilməsi üçün hansı addımlar ata biləcəyini soruşmaqla yanaşı, işğal olunmuş ərazilərdə Ermənistanın yerləşdirdiyi silah-sursatla bağlı AŞ-nın monitorinq keçirməsini mümkünlüyü barədə də sual edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR