Bank Of Baku

Fransa səfiri Bernar Amodrik dü Şafo: “Fransa prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərinə çox böyük önəm verir”

Fransa səfiri Bernar Amodrik dü Şafo: “Fransa prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərinə çox böyük önəm verir”
# 25 yanvar 2007 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə bu gün keçirdiyi mətbuat konfransında Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafo söyləyib. Səfirin sözlərinə görə, Fransa bu səfərə çox böyük önəm verir. “Paris bölgədə İlham Əliyevin artan nüfuzunu görərək Bakının siyasi hadisələrə mövqeyini daha da yaxından öyrənmək istəyir. Biz iqtisadi münasibətlərin inkişafına da yaxından bələd olmaq istəyirik”. Azərbaycanda bir çox Fransa şirkətinin fəaliyyət göstərdiyini qeyd edən səfir fransız şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda çalışmağa maraq göstərdiyini deyib. “Fransanın Azərbaycana böyük marağının olmasını prezident İlham Əliyevin səfəri zamanı imzalanacaq çoxsaylı sənədlər aydın nümayiş etdirir. Səfər çərçivəsində 2 ölkənin prezidentləri birgə bəyannamə imzalayacaq. Bundan başqa müvafiq qurum rəhbərləri arasında 7 ikitərəfli saziş və memorandumun imzalanması nəzərdə tutulub. İmzalanacaq sənədlərdən üçü mədəniyyət, biri mülki müdafiə, biri turizm, bir elm sahəsində əməkdaşlığı ehtiva edir. Bundan başqa Azərbaycanın Ailə, Uşaq və Qadın Problemləri üzrə Komitəsi ilə əməkdaşlığa dair sənəd də imzalanacaq. Səfər zamanı ticarət sahəsinə dair bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur”. Bernar Amodrik dü Şafo prezident İlham Əliyevin Fransaya dövlət səfərinin rəsmi proqramını da açıqlayıb. Prezident İlham Əliyev yanvarın 29-da Prezident Qvardiyasının müşayiəti ilə “Yelisey Sarayı”nın önündə yerləşən “Marini” rezidensiyasına gətiriləcək. Həmin gün iki ölkənin prezidentləri arasında təkbətək görüşün keçirilməsi gözlənilir. Yanvarın 29-da isə “Yelisey Sarayı”nda Azərbaycan prezidentin şərəfinə 300-400 nəfərin iştirakı ilə ziyafət veriləcək. Yanvarın 30-da isə İlham Əliyev “Naməlum əsfər”in şərəfinə ucaldılmış abidənin önünə əklil qoyacaq. Səfər proqramına Paris meri ilə görüş, Fransa baş nazirinin iqamətgahında sənədlərin imzalanma mərasimində iştirak, mərasimdən sonra prezidentin şərəfinə verilən ziyafət, Fransa Milli Assambleya və Senatının sədrləri ilə görüşlər daxildir. Yanvarın 31-də surətli qatar ilə Lill şəhərinə gedəcək prezident İlham Əliyev burada şəhər rəhbərliyi ilə işgüzar görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaq. Daha sonra Fransaya dövlət səfərini başa vuran prezident Bakıya qayıdacaq. Səfirin sözlərinə görə, prezidentlər arasında keçirilən görüşdə müzakirə olunan məsələləri dövlət başçıları özləri müəyyənləşdirəcək. “Hesab edirəm ki, görüşdə Azərbaycanın İran və Rusiya ilə bağlı fikirləri, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə münasibətləri, Avropa Birliyinə hansı formada yaxınlaşmaq istəyi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə oluna bilər”. Fransa Milli Assambleyasında qəbul edilmiş “Erməni soyqırımının inkarına görə cəzalandırma haqqında” qanun layihəsinin qəbul olunmasına dair sualı cavablandıran səfir bu məsələnin Senatın gündəliyinə çıxarılmadığını deyib. Bernar Amodrik dü Şafo bildirib ki, prezident seçkiləri ilə əlaqədar bu qanunun qəbul edilməsi şansı azdır. Prezident İlham Əliyevin Fransaya dövlət səfəri çərçivəsində biznes-forumun keçirilməsi gözlənilmir. Səfir bunu ötən ilin mayında prezident İlham Əliyevin Fransaya səfəri zamanı 30 iri şirkətin nümayəndələri ilə görüşməsi ilə əlaqələndirib. Dekabrın əvvəllərində isə 20-yə yaxın Fransa şirkətinin Bakıda səfərdə olub. Səfir bildirib ki, 2006-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin 600 milyon dollar təşkil edib, ilin sonuna kimi bu rəqəmin 800 milyon dollara çatacağı gözlənilir. Bernar Amodrik dü Şafo iki ölkə arasında ticarət dövriyyəsinin həcminin arta biləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR