Bank Of Baku

Səfir: ““Erməni soyqırımı”nın inkar edilməsinə görə cəzalandırma ilə bağlı təklifin qanun formasında qüvvəyə minəcəyi inandırıcı görünmür”

Səfir: ““Erməni soyqırımı”nın inkar edilməsinə görə cəzalandırma ilə bağlı təklifin qanun formasında qüvvəyə minəcəyi inandırıcı görünmür”
# 25 yanvar 2007 12:08 (UTC +04:00)
- Azərbaycan-Fransa siyasi, iqtisadi və humanitar sahədə münasibətlərini necə qiymətləndirirsiniz, bu münasibətlərin daha da genişləndirilməsi üçün hansı imkanlar var?
- İki ölkə arasındakı siyasi münasibətlər çox əladır. Mən xüsusilə 2006-cı ilin sonunu qeyd etmək istəyirəm. Fransa Azərbaycan ikitərəfli münasibətlərində, ötən ilin sonu çox zəngin hadisələrlə yadda qaldı. Dekabrın 5-6-da Fransa Sahibkarlar Birliyi olan “Medef İnternational”ın 20 şirkəti təmsil edən nümayəndə heyəti Bakıda səfərdə oldu. Daha sonra, dekabrın 9-10-da isə Fransanın ərazi abadlaşdırma naziri, cənab Kristian Estrozi mülki müdafiə sahəsində dinamik əməkdaşlıq çərçivəsində Azərbaycana səfər etdi. 2007-ci il də uğurlu notlarla başlayır. Yanvarın 8-9-da Parisdə Azərbaycan və Fransa birgə iqtisadi komissiyasının iclası odu. Yanvarın sonunda isə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri baş tutacaq. Bu səfər ikitərəfli münasibətlərin hər iki ölkə üçün nə dərəcədə önəm daşıdığını bir daha qeyd etmək imkanı verir. İqtisadi münasibətlərimizə gəlincə, Azərbaycan Qafqazda Fransanın ən geniş ticarət əlaqəsi olduğu ölkədir. 2005-ci ilin oktyabrına kimi olan dövrlə müqayisədə, 2006-cı ilin 9 ayında ikitərəfli ticarət mübadiləsinin həcmi 87% artaraq, 627 milyon avro təşkil edib. Əgər Azərbaycan daha çox enerji sektorunda investisiyalar cəlb edirsə, Fransa ölkə iqtisadiyyatının çoxşaxəli olmasına xüsusi diqqət yetirir və qida və xidmət sahəsinin inkişafına çalışır. Bizim mədəni əlaqələrimiz də çox yüksək səviyyədədir. 2005-ci ilin əvvəlindən Bakıda Fransa Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və həmin mərkəz bu il də Bakıda çoxlu sayda mədəni tədbir həyata keçirməyi planlaşdırır. Ötən il Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada səfərdə olub və fransalı həmkarı ilə görüşüb. 2007-2008-ci illərdə qarşılıqlı olaraq hər iki ölkədə mədəniyyət günlərinin təşkil olunması nəzərdə tutulur.
- Fransa prezidenti Jak Şirakın Azərbaycana bu il nəzərdə tutulan səfərinin vaxtı dəqiqləşdirilibmi, Azərbaycan Fransa üçün nə dərəcədə maraqlı ölkədir?
- Prezident Şirakın Azərbaycana səfəri 2007-ci ilin birinci yarısında nəzərdə tutulub. O ki qaldı onun həyata keçirilməsinə, Azərbaycan dövlət başçısının səfərindən sonra bununla bağlı müəyyən dəqiqləşmələr olacaq. Azərbaycanın Fransa üçün maraqlı ölkə olmasına gəlincə, bir daha deməliyəm ki, regionda bizim bütün sahələrdə əlaqələrimizin ən yüksək səviyyədə olduğu ölkə Azərbaycandır.
- Milli Assambleyada “erməni soyqırımı”nın inkar edilməsinə görə cəzalandırma ilə bağlı qanun layihəsi Senatın müzakirəsinə nə vaxt çıxarılacaq, Senat üzvlərinin və şəxsən Sizin bu sənədə münasibətiniz necədir?
- Söhbət qanun layihəsindən deyil, müxalifət tərəfindən irəli sürülən qanun təklifindən gedir. Bu təklif Milli Assambleya tərəfindən birinci oxunuşda qəbul edilib. Lakin qanun təklifinin qüvvəyə minməsi üçün, onun uzun və mərhələli bir yol keçməsi gərəkdir. Təklif gərək Senat tərəfindən qəbul olunsun, sonra isə ölkə başçısı tərəfindən imzalansın. Lakin daha bir prosedur da mövcuddur ki, həmin qanun təklifinin Fransa Konstitusiyasına nə dərəcədə uyğun gəlməsini yoxlamaq üçün Konstitusiya Şurasına müraciət oluna bilər. Bu günə kimi qanun təklifinə baxılması heç Senatın gündəliyinə belə salınmayıb və mənə elə gəlir ki, prezident seçkilərinə kimi heç bir səsvermə olmayacaq. Üstəlik, bu təklifin qanun formasında qüvvəyə minməsi üçün onun növbəti prezident seçkilərinə kimi qəbul olunması gərəkdir. Bu isə mümkün görünmür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR