Bank Of Baku

Sürgündə İrəvan Türk Hökumətinin qurulmasına hazırlıq gedir

Sürgündə İrəvan Türk Hökumətinin qurulmasına hazırlıq gedir
# 02 fevral 2007 11:26 (UTC +04:00)
“İrəvan Türkləri Dayanışma Dərnəyinin yaradılmasının səbəbi ötən əsrdə Ermənistandakı yurd-yuvalarından zorla qovulmuş, erməni zülmünə məruz qalan və soyqırımına uğrayan soydaşlarımızın hüquqlarını bərpa etməkdir”. APA-nın məlumatına görə, bu fikirləri İrəvan Türkləri Dayanışma Dərnəyinin son toplantısında dərnəyin rəhbəri, İqdır bələdiyyə başqanı Nurəddin Aras söyləyib. Nurəddin Aras o zaman İrəvan və ətraf bölgələrdən məcburi köç edən insanların bir çoxunun artıq həyatda olmadığını deyib: “Erməni zülmünün bir çox canlı şahidləri artıq həyatda yoxdurlar. Buna görə də həyatdan köçmüş İrəvan kökənli soydaşlarımızın övladlarını da sıralarımıza qatmağa məcburuq. Daha sonra onların da iştirakı ilə konqres keçiriləcək. Konqresdən sonra isə Sürgündə İrəvan Türk Hökuməti quracağıq”. Dərnək rəhbəri bölgənin bir çox yerlərində İrəvan və yaxın bölgələrdən köç etmiş insanların və onların övladlarının yaşadığını, onların siyahısının hazırlandığını və dərnək sıralarına cəlb ediləcəklərini deyib. “Ermənistan beynəlxalq ictimaiyyəti türk xalqının, türk dövlətlərinin üstünə qaldıran zaman həm də ciddi problemlərlə üzləşəcəyini bilməlidir. İrəvan çox qədim bir türk şəhəridir. Tarixin ən müxtəlif dönəmlərində İrəvanda erməni əhalisinin sayı heç zaman çox olmayıb. Hətta sovetlər qurulan zaman belə keçirilən əhalinin siyahıya alınması zamanı belə İrəvan bölgəsində ermənilərin sayının çox az olduğu sənədlərlə təsdiqlənib. İrəvanda Azərbaycan türkləri həmişə çoxluq təşkil edib. Bu şəhərdə belə azlıq təşkil edən ermənilərin indi başqa dövlətlərə qarşı ərazi iddiası irəli sürməsi gülüncdür. Bizim indiyə kimi topladığımız sənədlər ortalığa çıxarılan zaman, beynəlxalq ictimaiyyət bu sənədlərlə tanış olan zaman bu iddianın gülünc olduğunu hamı təsdiqləmək məcburiyyətində qalacaq. Ermənilər dünyanın bir çox ölkələri ilə din birliyinə arxalanaraq Türkiyə üçün problem yaratmağa çalışırlar. Amma bir də iqdırlılar olaraq öz hüquqlarımızı müdafiə və bərpa etməyə çalışacağıq”. Nurəddin Aras İrəvan Türkləri Dayanışma Dərnəyinin yaradılması səbəblərini açıqlayıb. “İqdır bölgəsində İrəvanda doğulmuş bir çox insanlar var. Onların İrəvanda doğulduğunu, orada mal-mülk sahibi olduqlarını sübut edən doğum haqqında şəhadətnamələr, mülk sənədlərini toplamışıq. Bu sənədlər İrəvan və ətrafında türklərin yaşadğını təsdiq edən sənədlərdir. Sual olunur, İrəvanda doğulmuş, evi-eşiyi, fabriki, zavodu, torpaq sahələri, mal-mülkü olan bu insanlar durduqları yerdə niyə bu qədər şeyi qoyaraq öz yurdlarını tərk ediblər və bura gəliblər? İnsan özbaşına yurdunu tərk edərmi? Dmək bu insanlar bir zülmə məruz qalaraq yurd-yuvalarını tərk ediblər”. Nurəddin Aras Ermənistandan Türkiyəyə məcburi köç etmiş insanların hamısının İrəvandakı mülklərinə dair rəsmi dövlət sənədlərinin qaldığını, dərnək vasitəsilə bu sənədlərin toplandığını deyib. “Əllərində bu qədər zəngin mülklərin, müəssisələrin, dükan və mağazaların, evlərin sənədləri olan insanlar erməni zülmünün əlindən qaçaqar, soyqırımına məruz qaldıqları üçün gəlib bu torpaqlarda yerləşiblər. Bizim ən qiymətli arqumentlərimiz isə ermənilərin törətdikləri vəhşilikləri zülmləri görmüş bu insanlar, canlı şahidlərdir. Bu toplantıya qatılan və yaşı 80-dən yuxarı olan bir çox İrəvan kökənli soydaşımız hələ də sıramızdadır və onlar ermənilərin verdiyi zülmləri detallarına kimi anladacaqlar”. Toplantıda çıxış edən dərnək üzvləri ötən əsrin əvvəllərində ermənilərin İrəvan və yaxın ərazilərdə türk xalqına qarşı törətdiyi soyqırıma dair şahid olduqları faktları açıqlayıblar. Toplantının sonunda Nurəddin Aras erməni zülmünün canlı şahidlərinin söylədikləri fikirlərin lentə köçürüləcəyini və ermənilərin iç üzünü faş edən sənədlərlə birlikdə bütün dünyaya bəyan ediləcəyini deyib. Toplantıdan sonra APA-ya açıqlama verən dərnək üzvü Turqan Ağırkaya bölgəyə köç etmiş bir çox insanların əlində Ermənistanda doğulduğuna və burada mülkə sahib olduqlarına dair sənədlərin olduğunu deyib. “Bu qovluqlarda soydaşlarımızın doğum şəhadətnamələri var. Sənədlərdə onların doğum yeri qarşısında İrəvan və ətraf kəndlərin adları yazılıb. Bir çox yaşlı insanlarımız vardı, onlar o zamanlar ermənilərin türk xalqının başına açdıqları vəhşilikləri detallarına kimi bilirdilər. Erməni zülmündən qaçaraq özünü Araza ataraq bu tərəf keçmək istəyənlərin çoxunu su aparıb, heç cəsədlərinin də harada oldquları bilinmir”. İrəvanın Çimənkənd, Daşburun, Alməmməd, Çimənkənd, Sabunçulu, Qarabazar, Qoçqıran, Kolanı, Şorkənd-Kolanı kəndlərində anadan olmuş, yaşı 100-ə yaxın olan dərnək üzvləri APA-ya açıqlamalarında bu sənədlərin həm də ermənilərin qədim türk torpaqlarında assimilyasiya siyasəti apardıqlarını təsdiq etdiyini bildiriblər. “Sənədlərdə doğulduğumuz şəhər və kəndlərin adları yazılıb. Amma indi o kəndlərin bir çoxu yoxdur, bir çoxunun isə adı dəyişdirilib. Erməni türkün izini o torpaqlardan silmək üçün kəndlərin adlarını dəyişib. Necə olur ki, əsrin əvvəllərində İrəvanda türk adı daşıyan bu qədər kənd olur, amma indi onların adları Ermənistanda yoxdur. Çünki erməni bu adları dəyişdirib ki, burada türklərin yaşadığı bilinməsin. Biz bu sənədlərlə həmin tarixi ədalətsizliyi bərpa edəcək, ermənilərin iç üzünü dünyaya göstərəcəyik”. İqdır bələiyyə başqanı, İrəvan Türkləri Dayanışma Dərnəyinin rəhbəri Nurəddin Aras APA-ya açıqlamasında ötən əsrin əvvəllərində erməni zülmünün canlı şahdilərinin bir çoxunun dünyadan köçdüyünü deyib. “Biz o hadisələrin canlı şahidlərinin ifadələrini lentə köçürmək və arxivləşdirmək niyyətindəyik. Artıq bununla bağlı “TRT” kanalı ilə razılaşma əldə etmişik. “TRT” bu gün söhbətlərini dinlədiyiniz bu şəxslərin ifadələri əsasında geniş sənədli film çəkəcək. Biz də bu məsələdə üzərimizə düşən hər şeyi yerinə yetirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR