Bank Of Baku

Arif Hacılı: “ADP-nin hakim partiya ilə əməkdaşlıq qərarı təslimçilik xəttidir”

Arif Hacılı: “ADP-nin hakim partiya ilə əməkdaşlıq qərarı təslimçilik xəttidir”
# 06 fevral 2007 09:45 (UTC +04:00)
Müsavat Partiyası Divanının son toplantısında ADP də daxil olmaqla bir sıra müxalifət partiyalarının hakimiyyətə münasibətdə siyasi kurslarında dəyişikliklə bağlı qəbul olunmuş qərarlar müzakirə edilib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, aparılan müzakirələr nəticəsində sözügedən partiyaların arqumentlərinin doğru olmadığı bildirilib. A. Hacılının sözlərinə görə, hakimiyyətin mahiyyətinin dəyişməsi ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil. Müsavat Divanı məsələ ilə bağlı rəsmi rəy də hazırlayıb. Rəydə öz siyasi kurslarında köklü dəyişikliklər etmək barədə qərar qəbul edən bəzi siyasi qüvvələrin öz mövqelərini əsaslandırmaq üçün yanlış, bəzən isə ölkənin siyasi perspektivləri üçün ziyanlı olan arqumentlərdən istifadə etdiyi bildirilib: “Müxalifətin indiyə kimi apardığı mübarizənin heç bir pozitiv nəticələrə səbəb olmamağı barədə cəmiyyətə pessimist mesajlar ötürülür, hakimiyyətin repressiv siyasətinin ildən-ilə şiddətlənməsini müxalifətin mübarizəsi ilə əlaqələndirmək kimi cəfəng iddialar irəli sürülür. Müsavat Partiyasının Divanı bütün bu arqumentləri əsassız hesab edib və təslimçilik xətti kimi qiymətləndirir”. Müsavatın rəyini qiymətləndirən ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, onlar məlum qərarı qəbul edərkən Müsavat və ya digər partiyanın buna mütləq münasibət bildirməli olması haqda düşünməyiblər. ADP-nin müstəqil partiya olduğunu bildirən H. Rüstəmov buna görə də qərar qəbul edərkən partiya üzvlərinin rəyini əsas götürdüklərini qeyd edib: “Müsavat ADP-nin verdiyi düzgün qərara özlərinin dar siyasi maraqları çərçivəsində münasibət bildirib. Bu qərarı təslimçilik kimi şərh etmək qərəzlilikdən başqa bir şey deyil. Əgər doğrudan da müxalifətin bu vaxta qədər apardığı mübarizə effektli olubsa, bunu Müsavat funksionerlərinin sübut etməsinə ehtiyac var. Bizim qərarın əleyhinə yeri gəldi-gəlmədi, hətta təhqirlərlə dolu münasibət bildirmək iqtidar və müxalifət arasında gərginliyin azaldılmasına yox, daha da yüksəlməsinə xidmət edir. Münaqişə və müharibələrdən bəhrələnən qüvvələr olur. Müsavatın münasibəti də onu göstərir ki, onlar iqtidarla müxalifət arasında münaqişədən bəhrələnməyə çalışırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR