Bank Of Baku

Azərbaycan və Gürcüstan ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan və Gürcüstan ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb
# 08 fevral 2007 11:12 (UTC +04:00)
Gürcüstanın ədliyyə naziri Giya Kavtaradze Azərbaycana gəlib. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, G. Kavtaradze ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Dövlətlərimiz arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən F. Məmmədov prezident İlham Əliyevin Gürcüstana yenicə başa çatmış rəsmi səfərinin və Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsi ilə bağlı çərçivə sazişinin imzalanmasının böyük əhəmiyyətini xüsusi vurğulayıb. O, ölkədə həyata keçirilən demokratik dəyişikliklər, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, hakimliyə namizədlərin şəffaf üsullarla seçilməsi və digər istiqamətlərdə görülən geniş miqyaslı işlər barədə ətraflı məlumat verib, ədliyyə orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib. G. Kavtaradze isə Azərbaycanla hərtərəfli, eləcə də hüquqi sahədə əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayaraq, ölkədə həyata keçirilən demokratik islahatları, ədliyyə və məhkəmə sahəsində görülən işləri və əldə edilən uğurları yüksək qiymətləndirib, hüquqi sahədə əlaqələrin inkişafının ümumi maraqlara xidmət etdiyini bildirib. Sonra hər iki ölkənin ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası, ədliyyə işçilərinin tədrisi, məhkəmə ekspertizası, penitensiar və başqa sahələrdə təcrübə mübadiləsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR