Bank Of Baku

Denis Bribosia: “Azərbaycan və Ermənistanda alternativ hərbi xidmətlə bağlı problem daha kəskindir”

Denis Bribosia: “Azərbaycan və Ermənistanda alternativ hərbi xidmətlə bağlı problem daha kəskindir”
# 08 fevral 2007 15:42 (UTC +04:00)
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianın APA-ya eksklüziv müsahibəsi

- Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vəziyyət necədir?
- Yaranmış mənzərəni yalnız ağ və qara rənglərlə təsvir etmək olmaz. Bildiyiniz kimi, öhdəliklərin bir qismi artıq yerinə yetirilib, amma yerinə yetirilməmiş öhdəliklər də var. Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası Nazirlər Komitəsi bəzi sahələrdə tərəqqi əldə olunmasını gözləyir. Biz öhdəliklər məsələsinə birtərəfli proses kimi baxmırıq, bu, ikitərəfli prosesdir. Biz heç kəsi bu öhdəlikləri yerinə yetirməyə məcbur etmirik, həmin öhdəlikləri yerinə yetirmək istəyənlərə yardım göstəririk. Onlarla birgə işləyir, bu məqsədlərə çatmaq üçün birgə çalışırıq. Yerinə yetirilməli olan öhdəliklər seçkilərin şəffaflığı, mətbuat azadlığı, yerli hakimiyyətlərə müstəqillik verilməsi, məhkəmə sistemində tərəqqi və s.-lə bağlıdır. Həm Avropa Şurası, həm də Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir.
Mən əminəm ki, Azərbaycan alternativ hərbi xidmətlə bağlı öhdəliyi də yerinə yetirəcək. Biz Azərbaycanla bütün öhdəliklərə, o cümlədən alternativ hərbi xidmətlə bağlı öhdəliyə dair müxtəlif tədbirlər keçiririk. Azərbaycan hökuməti bununla bağlı ilkin layihəni hazırlayıb. Avropa Şurası artıq həmin mətnə dair öz şərh və təkliflərini təsdiqləyib. Hazırda biz Azərbaycan hökumətindən bu məsələ ilə bağlı birgə görüş təşkil etməsini, alternativ hərbi xidmət öhdəliyini müzakirə etməsini gözləyirik. Alternativ xidmət hər bir ölkədə ciddi problem sayılır. Bir çox ölkələrdə mentalitet baxımından bu məsələdə problemlər var, Azərbaycan və Ermənistanda isə bu problem daha kəskindir. Bəzi ölkələrdə insanların silah daşımaq istəməməsini qəbul etmirlər, çünki bu, həmin cəmiyyətlərin baxışlarına ziddir.
- Azərbaycan siyasi məhbuslarla bağlı situasiyanı necə qiymətləndirirsiniz?
- Azərbaycanda nə qədər siyasi məhbusun olmasına dair əlimizdə konkret rəqəmlər yoxdur. Çünki adları siyasi məhbus siyahısına daxil edilmiş bəzi şəxslərin işinə yenidən baxılıb, bəziləri azadlığa buraxılıb, bəziləri isə yenidən həbs olunub. Buna görə də siyasi məhbus siyahıları ilə bağlı bəzi məsələləri dəqiqləşdirmək vacibdir. Qeyd etdiyim kimi, Avropa Şurası Azərbaycan hökumətinin həmin siyahıda adı olan şəxslərin əksəriyyətini azadlığa buraxması faktını alqışlayıb. Əlbəttə ki, bu məsələ tam qapanmayıb, Avropa Şurası bu məsələni diqqət mərkəzində saxlamaqda davam edəcək. Lakin indi bu problemlə bağlı vəziyyət əvvəlki dövrlərə nisbətən daha yaxşıdır.
- Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yenidən xüsusi məruzəçinin təyin olunması ehtimalı varmı?
- Bu məsələni Avropa Şurası Parlament Assambleyası həll etməlidir. Lakin deyə bilərəm ki, biz bu məsələnin daha yaxşı formada həllini istəyirik.
- Seçki komissiyalarının tərkibinin paritet əsaslarda formalaşdırılması mümkün olmasa, bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirilə bilərmi?
- Bu, əsas məsələdir, ölkədə demokratiyanın olması üçün azad və ədalətli seçkilərin keçirilməsi vacibdir. Bu məsələ ətrafında dialoq davam edir. Bəzən ortaya texniki məsələlər çıxır, amma bu barədə danışmaq istəmirəm. Çünki mənə elə gəlir ki, bütün tərəflər əsas məqsədin seçki komissiyalarının tərkibinin cəmiyyətin dəstəyinə sahib olan insanlardan təşkil edilməsi olduğunu anlayır. Bu, yalnız o zaman gerçəkləşəcək ki, cəmiyyət tam müstəqil olacaq. Əsas məqsəd budur, bu məqsədə maksimum tez nail olmaq, problemi növbəti seçkilərə qədər həll etmək lazımdır.
- Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu necə dəyərləndirərdiniz?
- Dövlətlərin sərhədləri yalnız beynəlxalq qanunvericilik əsasında dəyişdirilə bilər. Yalnız belə sərhədlər leqal sərhədlər sayıla bilər, bu fikrim həm də Azərbaycan və onun sərhədlərinə şamil edilir. Avropa Şurasının yeganə məqsədi və tələbi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Lakin Avropa Şurası bu məsələ ilə birbaşa məşğul olmur. Avropa Şurasının edə biləcəyi yeganə şey fikir ayrılıqlarını aradan qaldırmaq və münaqişə ilə bağlı situasiyanı yumşaltmaqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR