Bank Of Baku

Rəsul Quliyev: “ADP Ali Məclisi öz qərarını ikinci dəfə qüvvədə saxlasa, ya bununla razılaşacaq, ya da sədrlikdən istefa verəcəyəm”

Rəsul Quliyev: “ADP Ali Məclisi öz qərarını ikinci dəfə qüvvədə saxlasa, ya bununla razılaşacaq, ya da sədrlikdən istefa verəcəyəm”
# 08 fevral 2007 15:54 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyev partiya daxilində baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, bəyanatda partiyanın adından danışmaq səlahiyyətinin yalnız sədrə aid olduğu, buna görə də sədrdən xəbərsiz ADP-nin kursunu əks istiqamətdə dəyişdirən qərarın qəbul edilməsinin heç bir hüquq və əxlaq norması ilə uzlaşmadığı bildirilir: “Ali Məclisin keçirilməsi ərəfəsində ADP-nin Bakı rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq, onlar bu iclası qurultayın vaxtını müəyyənləşdirən texniki bir toplantı kimi qələmə verdilər”. R. Quliyev qəbul olunmuş qərarları qeyri-qanuni adlandıraraq bu vaxta qədər həmin qərarın müavinləri tərəfindən ona göndərilmədiyini qeyd edib: “Buna görə də Məclis yenidən çağırılmalı, həmin məsələlər mənim mövqeyim nəzərə alınmaqla yenidən müzakirə edilməlidir. Əgər Məclis birinci dəfə qəbul etdiyi qərarı qüvvədə saxlasa, mən ya qərarla razılaşacaq, ya da partiya sədrliyindən istefa verəcəyəm”.
Bu gün ADP Ali Məclisinin sədri Akif Şahbazov da mətbuat üçün açıqlama yayıb. Açıqlamada bildirilir ki, partiya Nizamnaməsinin 9.2-ci bəndinə əsasın Ali Məclisin qərarı partiya sədri tərəfindən imzalanmadıqda qərar yenidən Ali Məclisə qaytarılır. İkinci dəfə də qərar sədr tərəfindən imzalanmadıqda partiyanın Nəzarət Təftiş Komissiyasının rəyi nəzərə alınmaqla qəbul edilir və dərhal qüvvəyə minir. Sədr R. Quliyevin məlum qərarı imzalamadığını qeyd edən A. Şahbazov buna görə də qərarın yenidən müzakirəyə ehtiyacı olduğunu deyib: “Yaxın günlərdə partiya sədrinin qoyduğu veto ilə bağlı yenidən Ali Məclisin iclasını keçirəcəyik”.
ADP-nin Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov isə APA-ya bildirib ki, partiya sədri Ali Məclisin gündəliyi ilə vaxtında məlumatlandırılıb. O, Ali Məclisin iclasının R. Quliyevin təşəbbüsü ilə çağırıldığını və Akif Şahbazovun iclasda hakimiyyətlə əməkdaşlıq təklifi irəli sürdüyünü deyib: “Amma biz hakimiyyətlə əməkdaşlıq təklifini qəbul etmədik və yalnız dialoqla bağlı qərar verdik. Bunlardan Rəsul Quliyevin xəbəri olub, indi niyə imtina edir, bilmirəm”. H. Rüstəmovun sözlərinə görə, partiya sədri Nizamnaməyə uyğun olaraq yalnız 3 gün ərzində qərara veto qoya bilərdi. Üç günlük müddətin keçdiyini söyləyən H. Rüstəmov buna görə də qəbul olunmuş qərarın yenidən müzakirəsini mümkün saymır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR