Bank Of Baku

Bundestaqın Qafqaz qrupunun üzvü Kristof Berqner: “Qarabağ problemi çözülməsə, getdikcə böyüyüb, daha qlobal təhlükələrə gətirib çıxara bilər”

Bundestaqın Qafqaz qrupunun üzvü Kristof Berqner: “Qarabağ problemi çözülməsə, getdikcə böyüyüb, daha qlobal təhlükələrə gətirib çıxara bilər”
# 12 fevral 2007 11:18 (UTC +04:00)
Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin xüsusi olaraq APA üçün Almaniya Daxili İşlər Nazirliyinin dövlət katibi, Bundestaq millət vəkili və Bundestaqın Qafqaz qrupunun üzvü Dr. Kristof Berqnerlə müsahibəsi

- Bir neçə gündən sonra Azərbaycan prezidentinin Almaniyaya səfəri başlayır. Siz bu səfərdən nə gözləyirsiniz?
- Almaniyanın Avropa İttifaqına sədrlik etdiyi bir dönəmdə Azərbaycan prezidentini qəbul etməsi böyük onəm kəsb edir. Bu səfər iki ölkə arasında münasibətlərə, Azərbaycanın Avropaya inteqrasiyasına yeni impulslar verməlidir. Qonşuluq siyasətində Azərbaycanın rolu böyük olmalıdır. Mən bu səfər çərçivəsində həm də mədəniyyət, iqtisadiyyat, siyasi əlaqələrin inkişafında açıq və səmimi bir söhbət gözləyirəm. Arzum Azərbaycanı sivil və qanunların işlədiyi bir dövlət kimi görməkdir.
- Qafqazdakı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Regionda mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini necə görürsünüz?
- Qarabağ münaqişəsi Cənubi Qafqazda, necə deyərlər, “donmuş”, həllini tapmamış münaqişədir. Açığı, mənim üçün Minsk qrupu münaqişənin həllini tapa biləcək yeganə formatdır. Bundan başqa, məncə, başqa alternativimiz də yoxdur. Lakin onu da etiraf etməliyik ki, Minsk Qrupu münaqişənin üzərində uzun zaman işləməsinə baxmayaraq, nəticə əldə edə bilməyib. Maraqlıdır ki, bir tərəfdən, dünya ictimaiyyəti problemin indiyə qədər çözülməməsindən çox narahatdır, digər tərəfdən isə münaqişənin həllində yollar tapılması üçün yeni təkliflər vermək çox çətindir. Mən yenə də ATƏT-in Minski qrupunun işini davam etdirməsi üzərində dayanıram. Eyni zamanda, əlbəttə ki, hər iki ölkənin prezidentlərinin və digər rəsmilərinin danışıqları paralel aparmasının tərəfdarıyam.
- Özünüz qeyd etdiniz ki, Minsk qrupu bu işin öhdəsindən gələ bilmir. Belə olan halda, danışıqlar prosesinin yenidən həmin qrupa həvalə edilməsi nə dərəcədə düzgündür?
- Əlbəttə, mən indiki vəziyyətlə qəti razı deyiləm. Amma tərəflərin razılığa gələ bilmə imkanlarını hələ tükənmiş hesab etmirəm və bunu Minsk qrupunun edəcəyinə inanıram. Hazırda başqa alternativ görmürəm.
- Təbii ki, Qarabağ probleminin həlli ATƏT-in Minsk qrupunda təmsil olunan böyük qüvvələrin - ABŞ və Rusiyanın bu məsələdə səylərini artırmasından çox asılıdır. Sizcə, həmin dövlətlər, həqiqətən problemin çözülməsində maraqlıdırlar və bunun üçün intensiv çalışırlar, yoxsa öz maraqları naminə həll prosesini bilərəkdən əngəlləyirlər?
- Qafqazdakı problemləri yaxından bilən bir şəxs kimi, deyə bilərəm ki, bu münaqişə, doğrudan da maraqların bir parçasıdır. Mən buraya yalnız ABŞ və Rusiyanın maraqlarının aid olduğunu deməzdim. İran və Türkiyənin də regionda öz maraqları var. Bütün bunlar Qarabağ, həmçinin, Qafqazda mövcud olan digər problemə - Abxaziya məsələsinə güclü təsir göstərir və həll prosesini çətinləşdirir. Düşünürəm ki, Rusiya və ABŞ “donmuş konflikt”lərin yenidən qızışmasını istəməz. Lakin münaqişənin çözülməsi ilə bağlı ortada bir ehtiyatlılıq var ki, kimsə öz mövqeyində nə isə itirə bilər. Problemin həllini çətinləşdirən əsas səbəblərdən biri, bax budur. Hər hansı səkildə məsələyə müdaxilə etmək, dəstək vermək elə vəziyyət yaradar ki, Rusiya və ABŞ üçün nəinki problemlər yaranar, hətta hər iki tərəf üçün sarsıdıcı ola bilər. Rusiya hazırda Ermənistanın arxası, dayağı rolunda çıxış edir. Amma mən əminəm ki, Rusiyanın istəyindən asılı olmayaraq, münaqişə tərəfləri məsələnin həllində maraqlı olsalar, ortaq məxrəcə gələ, problemi özləri həll edə bilərlər.
- Bəlkə bu problemlə məşğul olmaq üçün başqa bir format tapılmalıdır? Məsələn, Minsk qrupunun tərkibinin genişlənməsi təklifinə necə baxırsınız? Bəziləri hətta Almaniyanın vasitəçilərin sırasına qatılmasının problemin həllinə yadım edəcəyini düşünür...
- Biz Ermənistanla da münasibətlərimizin yaxşı olmasını istəyirik, amma Azərbaycanla bizim ənənəvi əlaqələrimiz var. Buna baxmayaraq, mən Minsk qrupunun tərkibinin genişlənməsinin tərəfdarı deyiləm. İnanmıram ki, Minsk qrupunun genişlənməsi ilə məsələni həll etmək mümkün olsun. Problemin həlli hər iki ölkənin və prezidentlərin əlindədir. Qəti qərarlar qəbul edilməlidir. Daxili İşlər Nazirliyində dövlət katibi olaraq mənim funksiyama daxil olan məsələlərdən biri də milli azlıqların problemidir. Bəlkə də bu fikirlərim məsələnin həllinə o qədər də kömək etməyəcək, amma mənim üçün aydındır ki, əgər Cənubi Qafqaz xalqları orada yaşayan digər azsaylı xalqlara hörmət bəsləməsə, o zaman regionda sabitlik hökm sürməyəcək. Məsələn, mənim əsas tənqid hədəfim burada Gürcüstan, Abxaziya və Cənubi Osetiyada yaşayan azsaylı millətlər məsələsidir. Mən Qarabağ məsələsində də eyni problemləri görürəm. Qarabağa muxtariyyət vermək, digər azsaylı xalqlara hörmətlə yanaşmaq lazımdır. Əslində, Cənubi Qafqazda İsveçrədə olduğu kimi kantonal bir rejim olması mümkündür. Bu mənim azsaylı xalqlarla iş prinsipimdən, vəzifələrimdən doğan şəxsi ideyamdır. Fikrimcə, bütün müxtəlif xalqlar dar çərçivədə bir-biri ilə çalışmalı, ünsiyyətdə olmalıdır.
- Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, özünü bütün beynəlxalq layihələrdən təcrid edir. Ermənistanın geri çəkilməməsini və beynəlxalq normalara qarşı çıxmasını necə qəbul edirsiniz? Sizcə, zaman keçdikcə İrəvanın bu mövqedən geri çəkiləcəyinə ümid etmək olarmı?
- Əgər söhbət yumşalmaqdan gedirsə, o zaman məsuliyyəti yalnız Ermənistan tərəfinin üstünə atmaq istəməzdim. Bir tərəfin digər tərəfi durmadan günahlandırması heç bir çözüm gətirməz. Vəziyyətin düyünə düşməsində hər iki tərəfin rolu var. Bu, bir tərəfdən, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını özlərinin təyin etmək istəyi, digər tərəfdən isə, Azərbaycan torpaqlarının, o cümlədən Laçın dəhlizinin işğal edilməsidir. Almaniyanın rəsmi mövqeyi belədir ki, ölkələrin sərhədlərinə hörmətlə yanaşılmalıdır, sərhədlərin zorla dəyişdirilməsi yolverilməzdir. Bununla yanaşı, biz xalqların öz müqəddəratını təyin etmə hüququnun olduğunu da qəbul etməliyik. Bu mənada problem barədə ətraflı məlumatı olan bir şəxs kimi heç bir tərəfə haqq qazandırmaq istəməzdim.
- Ermənilər azərbaycanlıları öz torpaqlarından qovublar, öldürüblər, 1 milyon insanı qaçqın, köçkün vəziyyətinə salıblar. Həmin torpaqlarda süni məskunlaşdırılan ermənilər nə ixtiyarla bütün haqlara sahib olmalı, azərbaycanlıların isə ən adi yaşam hüquqları pozulmalıdır?
- Dağlıq Qarabağda xalqların strukturunun olması məsələsi hələ Sovet İttifaqı zamanından mövcud idi. Müstəqillik uğrunda mübarizənin başlanması ilə konfliktlər baş qaldırdı. Heç bir şübhə yoxdur ki, əgər orada çoxluğun səsvermə haqqı olsaydı, ermənilər bu haqqa sahib olardılar. Məcburi köçkünlüyün baş verməsi də elə bununla bağlıdır..
- Xeyr! Dağlıq Qarabağda yaşayan xalqın əksəriyyəti azərbaycanlılar olub. Hətta 100 il öncə orada yaşayan xalqın siyahıya alınma faktları indi də arxivlərdə durur - orada yaşayanların 80 faizindən çoxu azərbaycanlılar, 20 faizindən az qismini isə ermənilər təşkil edib. Tarixə də diqqətlə nəzər salsaq, görərik ki, Qarabağ tarixən Azərbaycanın bir parçası olub.
- Siz bu fikrim üçün məndən inciməyin, amma məsələ etnik mənada Qarabağın Azərbaycanın milli torpaqları olmasından getmir. Mənim tarixi bilgilərim sizin bu təxminlərinizlə razılaşmaq imkanı vermir. Bəllidir ki, bu problemin çözülməsi sovet zamanında bilərəkdən qapalı saxlanılıb. Mən yenidənqurma və aşkarlıq dövrünün hadisələrini araşdırdıqda, yalnız silahlı qüvvələr vasitəsilə insanlara və hadisələrə zor tətbiq olunduğunu görürəm. Mən Bundestaqın Qafqaz Dostluq Qrupunun iki il əvvələ qədər sədri olduğum müddətdə çox hadisənin, danışıq və diskussiyaların şahidi və iştirakçısı olmuşam. Birgə gələcək maraqları görmək lazımdır. Gələcək maraqlar isə Avropa Birliyi ilə işbirliyinə dayanır ki, bu da regiondakı sabitlikdən çox asılıdır. Xalqların öz müqəddəratını təyin etməsi məsələsi də diqqətdə olmalıdır, amma əsas məsələ ərazilərin qorunması, əvvəlki vəziyyətə gətirilməsidir. Bəli, bu, böyük, amma çözülməsi mümkün bir münaqişədir. Xüsusən münaqişə o zaman çözülməz həddə çatar ki, hər iki tərəf ağıla gəlməyən iddialarla çıxış edər. Beynəlxalq ictimaiyyət və Avropa bizim qarşımıza məsuliyyət qoyur. Qarabağ münaqişəsi ərəb ölkələrindən Afrikaya qədər hökm edən problemlərdən biridir. Biz nəyin bahasına olursa olsun, bu problemi çözməliyik, yoxsa getdikcə böyüyüb, daha qlobal təhlükələrə gətirib çıxara bilər. Biz bu məsuliyyətdən, qarşımızda duran vəzifələrdən qaça bilmərik.
- Deməli, Qarabağ probleminin sülh yolu ilə çözülməsinə hələ də inamınız var...
- Hər şeydən əvvəl borclarımız və vəzifələrimiz gəlir. Bizim geri çəkməyə haqqımız yoxdur.
- Siz Azərbaycanın, Qafqazın Almaniya ilə işbirliyi məsələsinə necə baxırsınız? Halbuki kansler Angela Merkel özü də etiraf edib ki, Qafqazla bağlı heç bir konsepsiyanız yoxdur...
- Qafqaz regionunun Avropanın qonşuluq siyasətinə daxil olmasına Almaniya təşəbbüs göstərib. Avropa Birliyində bu layihəni çox ölkə dəstəkləmədi, amma Almaniya üçün Qafqaz çox vacib regiondur. Yaxşı qonşuluq siyasəti aparmaqla, milli proyektlər hazırlamaqla, biz yenidən aktiv ola bilərik. Məncə, çox yaxşıdır ki, regionun inkişafına hesablanmış bütün proqramlarda Qafqaz bütövlükdə götürülür. Şübhəsiz ki, region yalnız birlikdə inkişaf etdirilə bilər. Almaniya Avropanın önəmli bir hissəsi olaraq geniş konsepsiya hazırlanmasını istəyir. Burada əlbəttə ki, iqtisadi maraqlar da var. Elə götürək neft boru kəmərlərini və Xəzər dənizinin enerji mənbələrini. Mədəni əlaqələrə görə də Qafqaz çox maraqlı bölgədir. Qızıl Vlis Qafqazda itib, Prometey Qafqazda mıxlanıb. Qafqaz düz yunan adalarında qədər gəlib çıxır və bunlar bizi Qafqaza bağlayır. Avropanın bir parçası olan Almaniya bütün regionda yaxşı əlaqələrinin olmasında maraqlıdır və buradakı əsas problemlərin çözülməsi ilkin şərtdir.
- Həmin əsas problemin həlli üçün isə bizim Almaniya və Avropanın dəstəyinə ehtiyacımız var.
- Problemin kökünə gedərkən söylədiklərimdən elə anlaşılmasın ki, mən erməniləri dəstəkləyirəm. Mən ermənilərlə söhbətlərimdə deyəndə ki, azərbaycanlıların Naxçıvana gəlməsi üçün yolları olmalıdır, onlar da elə başa düşürlər ki, mən yalnız azərbaycanlıları müdafiə edirəm. Yalnız prinsiplərlə, əqidələrlə, şüarlarla çıxış etsək, problemin çözülmə şansı çox azdır, inanın! Mən burda alman siyasətçisi cənab Vimmerin “Qarabağ məsələsi üzərində baş sındırmaqdansa, qəhvə içməyə gedərəm” məsəlini xatırlatmaq və bunun ciddiyə alınmasını istərdim. Avropalı, alman siyasətçi də münaqişənin olduğu regiondan, sizlərdən yaxınlaşmaq, hərəkətə keçmək barədə işarə gözləyir.
- Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, 2006-cı ildə münaqişənin həllində bir pəncərə açıldı. Amma çox həsrətlə gözlədiksə də, bu pəncərədən sülh göyərçinləri girmədi. Sizcə, 2007-ci ildə sülhə nail olunacaq, yoxsa bu yolu hələ uzun müddət axtarmalı olacağıq?
- Mən inanmıram ki, hegemon dövlətlər regionun uzun müddət belə gərgin vəziyyətdə qalmasını istəsin. Mən təsəvvür etmirəm ki, bu gərginlik, məsələn ABŞ-ın regionda olan maraqlarına xidmət etsin. Mən arzu edirəm ki 2007-ci ildə bu problemin çözümü tapılsın. Amma hələlik həll prosesini sürətləndirən pozitiv impulslar görmürəm. Bu impulslar sizin özünüzdən gəlməlidir. Mən bələ fikirləşirəm ki, hər iki ölkə xalqlarının emosiyasını artırmasının qarşısını almağa çalışmalıdır. Çox səmimi dəyirəm ki, regionda güclü şəxsiyyətlərin dəstəyi ilə emosional gərginliyi azaltmaq yaxşı olardı. Arzu edirəm ki, Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə çözülsün və Azərbaycan Almaniyanın güclü, etibarlı partnyoruna çevrilsin. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR