Bank Of Baku

“Cənubi Qafqazda regional inteqrasiyanın perspektivləri, faydaları və riskləri” mövzusunda dəyirmi masa keçirilib

“Cənubi Qafqazda regional inteqrasiyanın perspektivləri, faydaları və riskləri” mövzusunda dəyirmi masa keçirilib
# 29 mart 2007 14:45 (UTC +04:00)
LİNKS Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Cənubi Qafqazda regional inteqrasiyanın perspektivləri, faydaları və riskləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, LİNKS-in Cənubi Qafqaz koordinatoru Marek Resix bildirib ki, təmsil etdiyi qurum bölgədə qarşılıqlı əməkdaşlığın və inteqrasiyanın yaradılmasına dəstək verməyi nəzərdə tutub. O, təşkilatın dünyadakı fəaliyyətindən danışıb və Azərbaycandakı əlaqələrini qənaətbəxş hesab edib. LİNKS-in icraçı direktoru Dennis Sammut Cənubi Qafqazdakı mövcud ictimai-siyasi vəziyyəti şərh edib. O bildirib ki, Cənubi Qafqazın hər üç ölkəsi müxtəlif məsələlərdə bir-birindən asılı vəziyyətdədir. D.Sammut “Cənubi Qafqaz Parlament Təşəbbüsü” layihəsinin əhəmiyyətindən danışıb və bu istiqamətdə görüləcək işlərin davamlı olacağını deyib: “Biz bu layihəni həyata keçirməklə bölgə parlamentləri arasında inteqrasiyaya nail olmaq istədik. Lakin Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması bunun qarşısını alır. Düşünürük ki, tərəflər bu məsələni tez həll etməlidir. Amma onu da bilirik ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilən ərazilərini azad etmək üçün bütün hüquqları özündə saxlayır. Hətta müharibə yolu ilə də bunu edə bilər. Azərbaycanın nailiyyətləri də göz qabağındadır. Amma Azərbaycanda hələ də böyük problemlər var”.
LİNKS “Cənubi Qafqaz Parlament Təşəbbüsü”ndə Milli Məclisin nümayəndə heyətinin rəhbəri Siyavuş Novruzov qurumun regiondakı fəaliyyəti haqda danışıb. O, region dövlətlərinin yaxınlaşması istiqamətində qurumun apardığı işləri təqdir edib: “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrini inkişaf etdirsə də, Ermənistanla bu, mümkün deyil. Səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Bu fakt aradan qaldırıldıqdan sonra əlaqələrin yaradılmasından danışmaq olar. Digər tərəfdən, əməkdaşlığın olmamasının səbəbkarı Ermənistandır və bu ölkə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməklə bütün regional layihələrdən kənarda qalıb”. Milli Məclisin deputatı Zahid Oruc isə Azərbaycanın Ermənistandan heç bir sferada asılılığının olmadığını deyib: “Azərbaycanın Ermənistandan asılı olması fikrini qəbul etmirəm və hesab edirəm ki, Ermənistan əhalisi zaman keçdikcə iqtisadi sahədə daha ciddi problemlərlə qarşılaşacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR