Bank Of Baku

Əli Əhmədov: “Əli İnsanovun bəyanatları göstərir ki, o, partiyaya sadiq olmayıb”

Əli Əhmədov: “Əli İnsanovun bəyanatları göstərir ki, o, partiyaya sadiq olmayıb”
# 03 aprel 2007 09:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

- Partiyada baş verən son prosesləri, Əli İnsanovun məhkəmədə səsləndirdiyi bəyanatları, Sirus Təbrizlinin məlum çıxışını necə dəyərləndirirsiniz?
- Daxili sabitlik baxımından Azərbaycanda ən möhkəm dayaqlar üzərində dayanan yeganə partiya YAP-dır. YAP-ın məziyyətini səciyyələndirən cəhətlərdən biri məhz daxili sabitliyi, monolitliyi və birliyidir. Əlbəttə, böyük bir partiyada monolitlik əhəmiyyətli cəhətdir və partiya bununla qürur hissi keçirə bilər. YAP-ın bu keyfiyyətlərə malik olması partiyanın təməlinin Heydər Əliyev tərəfindən qoyulması və bu gün onun başında İlham Əliyevin dayanması ilə bağlıdır. Son vaxtlar mətbuatda YAP daxilində baş verən hansısa “olaylarla” əlaqədar yazılanların ciddi əsası yoxdur. YAP İdarə Heyətinin keçmiş üzvü və keçmiş səhiyyə naziri Əli İnsanovun, yaxud partiya sədrinin keçmiş müavini Sirus Təbrizlinin səsləndirdiyi bəzi fikirlərə gəldikdə, onlar partiya daxilində mövcud monolitliyin üzərinə kölgə salmaq iqtidarında deyillər. Onların dedikləri YAP daxilində gedən prosesləri düzgün əks etdirmir.
- Bu tipli çıxışların səbəbi nədir?
- Əli İnsanovun çıxışlarının səbəbləri və motivləri tam aydındır. Ona qarşı çox ciddi ittihamlar irəli sürülüb. Əli İnsanov da günahsızlığını sübut etməkdən ötrü arqumentlər gətirmək əvəzinə, müxtəlif siyasi bəyanatlar verir ki, bu bəyanatların bir hissəsi də vaxtilə üzvü olduğu YAP-la əlaqədardır. Onun uzun müddət üzvü olduğu partiya haqqında YAP-ın mahiyyətinə uyğun gəlməyən fikirlər səsləndirməsi təəssüf doğurur. Bu onu göstərir ki, Əli İnsanov partiyaya o qədər sadiq olmayıb. Bu mənada məhkəmə çəkişməsini siyasi şouya çevirmək istəyən Əli İnsanovun YAP, iqtidar haqqında səsləndirdiyi fikirlərin obyektivliyinə inanmaq mümkün deyil. Sirus Təbrizli də həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə, YAP-ın fəaliyyətinə kölgə salmaq məqsədi güdür. YAP yarandığı gündən aydın ideyalar üzərində fəaliyyət göstərib. Sirus Təbrizli ya sensasiya yaratmaq, ya özündən şişirdilmiş qəhrəman obrazı yaratmaq xatirinə, ya da hansısa başqa niyyətlə partiya barədə bu cür fikirlər işlədib. Təbii ki, mən bunu düzgün hesab etmirəm. Bu səbəbdən partiyanın Siyasi Şurası qətiyyət nümayiş etdirərək, müvafiq qərar qəbul etdi.
- Lakin bu qərarın verilməsini söz və fikir azadlığının pozulması kimi qiymətləndirənlər də var”¦
- YAP və istənilən partiya insanların könüllü birləşdiyi siyasi qurumdur. Bunun əsasında hansısa ideyaya və yaxud şəxsə sadiqlik əsas götürülür. Əks halda, nə partiyanın birliyini təmin etmək, nə də qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə nail olmaq mümkündür. Ona görə də partiyanın hər bir üzvünün üzərinə düşən vəzifəni yerinə yetirməsinə çalışırıq. Əgər üzvlərdən hər hansı partiyanın ideyalarına qarşı çıxırsa, partiyanın həyata keçirdiyi siyasətlə arqumentləndirmədən razılaşmırsa, faktiki olaraq özünü partiyadan kənarda qoyur. Heç kim YAP-a zorla gətirilməyib. Heydər Əliyev siyasətinə inanan adamlar bu partiyanın sıralarında mübarizəyə qoşulublar. Kimsə partiyanın siyasəti ilə razılaşmırsa, onun çıxıb getməsinin qarşısında heç bir əngəl yoxdur. Ona görə də Sirus Təbrizli ilə bağlı verilən qərarı demokratik prinsiplərdən kənar fəaliyyət kimi yox, partiyanın öz prinsiplərinə və ideyalarına sadiqliyi kimi qiymətləndirmək lazımdır. Bunun demokratiyaya biganəlik kimi qiymətləndirmək tamamilə absurddur.
- Əli Əlirzayevlə bağlı da analoji qərar qəbul oluna bilərmi?
- YAP üzvü olan hər bir şəxs partiyanın ideya və prinsiplərini qəbul etməlidir. Əsassız ittihamlar irəli sürmək düzgün deyil. Belə olan halda, həmin insan özünü avtomatik olaraq partiyadan kənarda qoymuş olur. Bu ideya və fikir cəmiyyət tərəfindən də olduğu kimi qarşılanmalıdır. Partiyanın birliyinin, monolitliyinin qorunması zərurəti bizim üçün çox önəmlidir.
- Əli İnsanovun vəkilləri Sizinlə bağlı məhkəmədə iddia qaldırıblar...
- Əli İnsanov mənim mətbuatda onunla bağlı səsləndirdiyim fikirlərə görə Səbayel rayon Məhkəməsində iddia qaldırıb. İmkanım olmadığından aprelin 4-nə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyəm. Məni məhkəmədə vəkilim təmsil edəcək. Əli İnsanovun belə iddia qaldırması üçün heç bir əsası yoxdur. Əli İnsanov barəsində mətbuatda səsləndirdiyim fikirlər, onun iqtidar və YAP-la bağlı səsləndirdiyi böhtanlarla müqayisədə, demək olar ki, heç nədir. Belə çıxır ki, o, YAP və iqtidar haqqında həqiqətəuyğun olmayan fikirlər işlədə, böhtanlar səsləndirə, məhkəməni siyasi şouya çevirməyə cəhd edə bilər, biz onun partiyamız haqqında söylədiyi fikirlərin böhtan olduğunu deyə bilmərik? Qaldırılmış iddianın ciddi əsasları olmadığına görə, inanıram ki, məhkəmə məsələyə ədalətlə yanaşacaq və çıxarılan qərar qanunauyğun olacaq.
- Əli İnsanov nazir işlədiyi müddətdə YAP-a xeyli maliyyə xərclədiyini, pul qazandırdığını da bildirib. Bu fikirlərdə nə qədər həqiqət var?
- Bununla bağlı YAP Əli İnsanov ilk bəyanatını verəndə mövqeyini açıqladı. YAP-ın maliyyələşməsində üzvlük haqlarından başqa, nə Əli İnsanov, nə də digərləri başqa formada iştirak edir. Əli İnsanovun fikirləri böhtandan başqa bir şey deyil və o, heç bir formada partiya tədbirlərinin maliyyələşməsində iştirak etməyib.
- Bir müddətdən sonra Fərhad Əliyevin məhkəməsi başlayacaq. Onun da analoji açıqlamalarla çıxış edəcəyini gözləyirsinizmi?
- Hadisələri qabaqlamaq istəmirəm. Baxaq görək, hadisələr necə cərəyan edəcəksə, biz də buna adekvat hərəkət edəcəyik. Mən arzu etmirəm ki, barəsində iddialar qaldırılmış insanlar bu iddialara cavab vermək əvəzinə, məhkəmə prosesini şouya çevirməyə cəhd göstərsinlər. Bu, ən zəif müdafiə formasıdır.
- YAP-da boş qalmış müavin yerlərinə nə vaxt təyinatlar olacaq?
- Partiyanın rəhbərliyi və strukturları mövcuddur. Təbii ki, partiya ilə əlaqədar, o cümlədən kadrların yeniləşdirilməsi, boş qalan yerlərin doldurulması ilə bağlı qərarlar partiya rəhbərliyinin rəyi əsasında həyata keçirilir. Vaxtı gələndə, bu məsələlər həllini tapacaq. Hazırda YAP-ın gündəlik işlərinə İcra Katibliyi rəhbərlik edir. Partiya sədrinin iki müavini var - mən və Murtuz Ələsgərov.
- 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifət daxilində müəyyən müzakirələr başlayıb. Bu müzakirələrdən biri də seçkilərə vahid namizədlə getməklə bağlıdır...
- Müxalifət hazırda son illər ərzində ən passiv, böhranlı dövrünü yaşayır. Bunun səbəbləri barədə danışmaq istəmirəm, amma gerçəklik bundan ibarətdir. Müxalifət seçkilərə vahid, yaxud bir neçə namizədlə getməklə, YAP üçün hər hansı problem yaratmaq gücündə deyil. Müxalifət istəyir bir, istəyir bir neçə namizədlə seçkilərə qatılsın, istənilən halda, çox az seçici sayına ümid edə bilər. Bu seçicilərin müxalifətin bir və yaxud bir neçə namizədinə səs verməsinin YAP-ın seçkilərdə uğur qazanmasına heç bir maneçiliyi yoxdur. Seçicilərin 85 faizdən çoxu iqtidarın siyasətini dəstəkləyir, yerdə qalan faiz isə YAP-ın namizədinə problem yaratmaq iqtidarında deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR