Bank Of Baku

Mərmərə Qrupunun prezidenti Akkan Suver: “Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir”

Mərmərə Qrupunun prezidenti Akkan Suver: “Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir”
# 05 aprel 2007 08:09 (UTC +04:00)
Bu fikirləri APA-nın Şərqi Avropa bürosuna eksklüziv açıqlamasında Rumıniyada səfərdə olan Mərmərə Qrupunun prezidenti Akkan Suver söyləyib. O, Rumıniyaya səfər zamanı keçmiş xarici işlər naziri, Senatın sədr müavini Teodor Meleşkanu, Rumıniyanın keçmiş prezidentləri İon İliyesku və Emil Konstantinesku ilə görüşdüyünü deyib. “Qara Dəniz Universiteti Fondu ilə bizim təşkilatımız arasında tərəfdaşlıq münasibətləri mövcuddur. Rumın tərəfdaşlarımız ilə iqtisadi, sosial sahələrdə hansı işləri həyata keçirə biləcəyimizi araşdırdıq. Belə layihələrdən biri “Yeddi dənizin xoşbəxtliyi” adlanır. Bilirsiniz ki, bizim əvvəlcədən 5 dənizi Aralıq, Xəzər, Egey, Mərmərə və Qara dənizi əhatə edən layihəmiz vardı, indi rumın tərəfi buraya iki dənizi əlavə edib. Bu yöndə müzakirələrimiz Avrasiya İqtisadi Zirvə görüşündə də davam etdiriləcək. Bundan başqa Buxarestdə bir məscidin, İstanbulda isə rumın kilsəsinin inşa edilməsi məsələsini də müzakirə etdik”. Akkan Suver Qara dəniz regionu ilə bağlı bu günə kimi ciddi fəaliyyətlərin olmadığını deyib: “Qara Dəniz Universiteti Fondu ilə əməkdaşlığımız bu sahədə atılmış ilk addım olacaq. İrəli sürdüyüm ilk təkliflər sırasında Azərbaycanla əməkdaşlıq da yer alır. Çünki, Türkiyənin olduğu hər yerdə Azərbaycanın, Azərbaycanın olduğu hər yerdə Türkiyənin olması lazımdır. Biz və Azərbaycan ortaq dostumuz Gürcüstanla birgə cəmiyyətdə qadın mövzusunda ortaq fəaliyyətlər həyata keçirməyi nəzərdə tuturuq. Fikrimizcə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində çox işlər görmək olar. Bundan başqa Qara dəniz QHT hərəkatı gözəl bir çərçivə ola bilər. Buxarest səfərimiz bu baxımdan yeni imkanlar açmış oldu. Türkiyə və Azərbaycan iqtisadi, mədəni, sosial həyat və başqa sahələrdə birgə işlər gerçəkləşdirə bilər”. Akkan Suver Mərmərə Qrupunun Ermənistanla layihə gerçəkləşdirmək təklifinə də aydınlıq gətirib: “Biz Türkiyə tərəfi olaraq erməni diasporunun iddia etdiyi qondarma soyqırımı ittihamlarına aydınlıq gətirilməsi və Azərbaycanın Qarabağ bölgəsinin işğalı faktlarının təbliği üçün təşəbbüs irəli sürdük. Bu hadisələrə hüquqi çərçivədə çözüm əldə etmək üçün türk və erməni qadınları arasında dialoq təşkil etməyə qərar verdik. Bu məqsədlə Türkiyənin tanınmış deputat, iş adamı, akademik, mədəniyyət xadimi, vəkil və jurnalist xanımlarından ibarət 10 nəfərlik qrup təşkil etdik. Ermənistan tərəfi də eyni addımı atdı. Azərbaycan tərəfindən isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, mərhum Zəhra Quliyevanın iştirakı ilə başqa bir qrup tərtib olundu. Amma Ermənistan tərəfi Azərbaycan ilə görüşdən boyun qaçıraraq bunun üçün möhlət istədi. Biz onları Türkiyəyə dəvət etdik, İstanbulda görüş keçirildi və qadınların sülhə xidmət etməsi ideyası müzakirə edildi. Bundan sonra bir daha İstanbulda və iki dəfə Yerevanda danışıqlar aparıldı, tərəflər arasında etimad atmosferi yaradıldı. Daha sonra prosesə Vyanadakı Bruno Krayski Fondu da qoşuldu və təşkilatçılıq xidmətlərini təklif etdi, biz də qəbul etdik. Növbəti görüşün Azərbaycan heyətinin iştirakı ilə Vyanada keçirilməsi planlaşdırılmışdı. Amma birdən-birə Ermənistan heyəti təşəbbüsdən vaz keçdiklərini elan etdilər. Çox güman ki, bu prosesi erməni diasporunun qoyduğu maneələr, bəlkə də hədələr əngəllədi”. Akkan Suver Mərmərə Qrupunun Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb: “Azərbaycan-Türkiyə İş Adamları Birliyi Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi ilə əlaqədar ABŞ və Türkiyənin keçmiş prezidentləri Bill Klinton və Süleyman Dəmirəl, Azərbaycan və Gürcüstanın dövlət başçıları İlham Əliyev və Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı “Qızıl çarx” mükafatına layiq görüb. Aprelin 17-də Bakıda bununla bağlı mərasim keçiriləcək. Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu mükafata yuxarıdakı şəxslərlə bərabər iki qeyri-hökumət təşkilatı da layiq görülüb ki, onlardan biri Amerika-Azərbaycan Ticarət Palatası, digəri isə bizim Mərmərə Qrupudur. Bizim təşkilat Dünya Azərbaycanlıları Forumunun üzvüdür, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrimiz mövcuddur. Bakıdakı Atatürk Mərkəzi tək mənim iki kitabımı Azərbaycan dilində nəşr edib. Bildiyiniz kimi, mərhum prezident Heydər Əliyev Mərmərə Qrupunun fəxri sədri idi, onun vəfatından sonra təşkilatın İcra Şurası boşalan yeri prezident İlham Əliyevə təklif etdi və o da bu təklifimizi qəbul etməklə bizi sevindirdi. Azərbaycanla xüsusi əlaqələrimiz bundan sonra da davam edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR