Bank Of Baku

Azərbaycan prezidenti Masallı və Cəlilabadda olub

Azərbaycan prezidenti Masallı və Cəlilabadda olub
# 09 aprel 2007 12:30 (UTC +04:00)
Burada o, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə birlikdə yeni inşa olunmuş Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan prezidentinə son illər rayonda görülən işlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, Masallı sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir, rayonda yeni müəssisələr və iş yerləri açılır.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bölgələrdə olimpiya idman komplekslərinin açılmasını İlham Əliyevin idmana qayğısının nəticəsi adlandırıb: “Azərbaycan Avropanın mərkəzindən kənarda yerləşsə də, görülən işlərlə Avropanın mərkəzindədir”. Çıxışının sonunda Patrik Hikki Avropa Olimpiya Komitəsi adından Azərbaycan prezidentinə hədiyyə təqdim edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Olimpiya Hərəkatının fəal üzvü olduğunu vurğulayıb: “Ölkəmizdə idmana göstərilən qayğı yüksək səviyyəyə çatıb. Bu özünü daha çox maddi-texniki bazada göstərir. İndiyə qədər Azərbaycanda 11 Olimpiya İdman Kompleksi istifadəyə verilib, 14 Olimpiya İdman Kompleksi isə ya tikilir, ya da tikintisinə hazırlıq gedir. Bundan başqa, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Mingəçevir “KÜR” Olimpiada Tədris Mərkəzində təmir-bərpa işləri aparılır. Gələcəkdə Mingəçevirdə avarçəkmə üzrə dünya çempionatı da keçirmək mümkün olacaq”. Prezident xüsusi vurğulayıb ki, MDB-də ilk olaraq Azərbaycan 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi etmək üçün müvafiq qurumlara müraciət edib: “Düzdür, ilk müraciətlərə bir çox halda müsbət cavab verilmir. Ancaq inanıram ki, beynəlxalq idman qurumları Azərbaycanın inkişaf səviyyəsini nəzərə alaraq, bu məsələyə diqqətlə yanaşacaq. Ölkəmiz sosial-iqtisadi inkişafa görə artıq dünyada liderdir. Son 3 ildə Azərbaycanda 800 məktəb tikilib, bölgələrdə müalicə-diaqnostika mərkəzləri açılır”. İlham Əliyev bəyan edib ki, Azərbaycanın hər bir rayonunda sosial-iqtisadi inkişaf səviyyəsi Avropa standartlarına uyğun olmalıdır.
Daha sonra Azərbaycan prezidenti Masallı Olimpiya İdman Kompleksində idmançıların nümunəvi çıxışlarına tamaşa edib. Masallının giriş qapısında tikilmiş komplekslə tanış olduqdan sonra İlham Əliyevin bu rayona səfəri başa çatıb.
Azərbaycan prezidenti günün ikinci yarısında Cəlilabadda olub. Prezident burada ilk olaraq təmir-bərpa işləri başa çatmaqda olan şəhər avtovağzalına baxış keçirib. Dövlət başçısına məlumat verilib ki, 1981-ci ildə inşa olunan avtovağzal aparılan təmir-bərpa işlərindən sonra müasir standartlara cavab verəcək. Yaxınlarda istifadəyə veriləcək avtovağzal sərnişinlərə yüksək səviyyədə xidmət göstərəcək. Buradan ölkənin bütün regionlarına marşrutlar açılacaq, hər gün 30-40 avtobus yola çıxacaq. Daha sonra İlham Əliyev Cəlilabadın mərkəzində yeni salınmış Heydər Əliyev seyrəngahı ilə tanış olub, görülən işlər barədə ona geniş məlumat verilib. Rayon ağsaqqalları ilə görüşən İlham Əliyev qərarların paytaxtda verildiyini, icrasının isə yerlərdə həyata keçirildiyini söyləyib: “Ona görə də kadr potensialına diqqət yetirilir”. Prezident tikintisi başa çatmaqda olan 1100 şagird yerlik məktəblə də tanış olub. Burada İlham Əliyevə görülən işlər barədə geniş məlumat verilib. Bununla da, səfər başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR