Bank Of Baku

Əli Əhmədov: “Əli İnsanov konsert zalı ilə məhkəmə zalını səhv salıb”

Əli Əhmədov: “Əli İnsanov konsert zalı ilə məhkəmə zalını səhv salıb”
# 10 aprel 2007 16:38 (UTC +04:00)
- Əli İnsanov bugünkü məhkəmədəki son sözündə hakimiyyətin ünvanına yenidən bəzi sərt ittihamlar səsləndirib...
- Əsl həqiqət bundan ibarətdir ki, Əli İnsanov məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara cavab vermək, günahsızlığını sübut etmək əvəzinə, tamamilə başqa davranış forması seçib. Bu davranış formasının da əsası məhkəmədə iqtidara və iqtidarda təmsil olunan insanlara şər və böhtan atmaqdan ibarətdir. Bu səbəbdən Əli İnsanovun son sözünün də şər və böhtan üzərində qurulacağı gözlənilən idi. O, məhkəmənin əvvəlindən günahsız olduğunu sübut etməkdən ötrü hər hansı fakt səsləndirməyib, məhkəməni bəyanatlar meydanına çevirib. Çox qəribə vəziyyət yaranıb. Bu gün Əli İnsanov günahsız olduğunu sübut etmək əvəzinə, başqalarını günahkar çıxarmağa çalışır, ictimaiyyətin diqqətini ona qarşı elan olunmuş ittihamlardan yayındırmaq, məhkəməyə siyasi don geyindirmək istəyir. Onun fikirlərinin şər və böhtan olduğunu sübut etmək elə də çətin deyil. Ən azından ona görə ki, bu fikirlər o, həbs olunana qədər səsləndirdiyi fikirlərdən tamam fərqlənir. Bu gün Azərbaycan ictimaiyyəti qarşısında bir-birindən fərqlənən iki Əli İnsanov dayanır. Birincisi, həbs olunana qədər Azərbaycan iqtidarının uğurlarından ağızdolusu danışan, digəri isə həbs olunandan sonra mövqeyini tamam dəyişərək, Azərbaycanın reallıqlarını təhrif etməyə çalışan Əli İnsanov. Ola bilsin ki, həbs olunandan sonra onun bu və ya digər məsələlərə baxışları dəyişib. Bunu məhkəmədə səsləndirdiyi fikirlər də göstərir. O, İlham Əliyevin prezident seçilməsini alqışladığını daha gur səslə söyləyən insanlardan olub. Onun prezident seçkiləri ilə bağlı indi söylədiyi fikirlər isə hansı mənəvi keyfiyyətlərə malik olduğunu bir daha göstərir.
- Amma Əli İnsanov səsləndirdiyi fikirlərlə bağlı faktlar təqdim edə biləcəyini də deyib...
- Əli İnsanovun əlində faktlar olsaydı, məhkəmədə mütləq səsləndirərdi. Əli İnsanovdan hüquq-mühafizə orqanları Azərbaycanın ictimai-siyasi prosesləri ilə əlaqədar deyil, əməllərinin mahiyyəti ilə bağlı faktlar tələb edir. Qoy, o, qanuna zidd hərəkətləri ilə bağlı faktlara izahat verib, günahsız olduğunu sübut edən dəlilləri təqdim etmək barədə düşünsün, hamını günahkar çıxartmağa çalışmasın. Sadəcə, onun özünü müdafiə etmək üçün hər hansı faktı yoxdur. Onun YAP-ı seçkidə maliyyələşdirməsi ilə bağlı söylədiklərinin yalan olması hamıya bəllidir. YAP bütün seçkilərdə olduğu kimi, 2003-cü ildə keçirilmiş prezident seçkilərinin maliyyələşdirilməsi ilə bağlı da qanuni maliyyə hesabatını MSK-ya təqdim edib. Seçkilər çoxsaylı beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilib və beynəlxalq müşahidəçilər seçki kampaniyasının maliyyələşməsi ilə bağlı YAP-a qarşı hər hansı irad səsləndirməyiblər. Əli İnsanovun bütün beynəlxalq təşkilatların nümayəndələrindən fərqli olaraq, belə iddialara düşməsi bir daha onun böhtan söylədiyini sübut edir. O, məhkəmə zalı ilə konsert zalını səhv salıb. Əli İnsanov özünü məhkəmə zalındakı müqəssir kimi deyil, hansısa kinofilmin personajı kimi aparır. İlham Əliyevin baş nazir təyin olunmasını alqışlayan insanlardan biri də məhz Əli İnsanov olub. O, İlham Əliyev baş nazir təyin edildiyi mərasimdə iştirak edib, başqa bir fikri vardısa, niyə o vaxt səsləndirmirdi? İndi şər atıb, böhtan deməklə məşğuldur. Hamı bilir ki, İlham Əliyevin baş nazir təyin olunması ilə bağlı təqdimat 2003-cü il avqustun 2-də prezident Heydər Əliyev tərəfindən imzalanıb. O zaman Heydər Əliyev müalicə kursu keçirdi. Bütün bunlar hamı kimi, o vaxt hökumətdə təmsil olunan Əli İnsanova da bəlli idi. İndi sadəcə, məhkəmə prosesini siyasiləşdirmək məqsədi ilə müxtəlif xarakterli bəyanatlar verib, özünü diqqətdə saxlamaq istəyir.
- Əli İnsanovun özünü siyasi məhbus adlandırmasına münasibətiniz necədir?
- Əli İnsanovun məhkəmə prosesi başa çatdıqdan sonra onun adının beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus siyahısına salınacağına inanmıram. Məhkəmə prosesində Əli İnsanovun əməllərində çox ciddi cinayət tərkibinin olması sübuta yetirilib. Onun barəsində qaldırılan ittiham bilavasitə Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə tövsif olunub, onun özü və müdafiəçiləri isə gətirilən faktlara heç bir cavab verə bilməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR