Bank Of Baku

Əli Həsənov: “Təəssüf edirəm ki, bizim sıralarımızda uzun müddət Əli İnsanov kimi simasızlar və riyakarlar da olub”

Əli Həsənov: “Təəssüf edirəm ki, bizim sıralarımızda uzun müddət Əli İnsanov kimi simasızlar və riyakarlar da olub”
# 11 aprel 2007 12:15 (UTC +04:00)
“Əli İnsanov ona qarşı irəli sürülən ittihamları cavablandırmaq əvəzinə, ayrı-ayrı vəzifəli şəxslərə qarşı daha çox siyasi və müxtəlif tipli bəyanatlar səsləndirməklə məşğuldur. O bu yolu əvvəldən seçib və bununla, törətdiyi əməllərdən yaxa qurtarmaq, özünü törətdiyi cinayətlərə görə deyil, daha çox siyasi mövqeyinə görə ittiham olunan adam kimi qələmə verməyə çalışır”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdirinin sözlərinə görə, bu mövqe ali təhsilli, uzun müddət nazir işləmiş, özünün dediyi kimi, akademik olan insan üçün çox qəribə görünür. Ə. Həsənov bildirib ki, Ə. İnsanov fəaliyyətini konkret halda məhkəmə predmeti olmayan məsələlər üzərində qurur: “Əli İnsanov səhiyyə sistemində törətdiyi əməllərə görə həbs edilib və bunlara cavab verməlidir. Onun hakimiyyət və ayrı-ayrı şəxslərlə bağlı şantajlarının heç bir əsası yoxdur. Bu, stəkanda fırtına yaratmaq cəhdindən başqa bir şey deyil. İlham Əliyevin baş nazir seçilməsi 2003-cü ilin avqustunda baş verib. Bu sənədi Ankaraya Gülhanə klinikasına aparan məmur da bu gün üzdədir. İlham Əliyevin baş nazir seçilmə prosesində Əli İnsanov özü də iştirak edib və bunu hamıdan çox alqışlayıb. Əli İnsanov özünün dediyi kimi “əsil kişi” idisə, niyə o vaxt bu məsələləri açıqlamırdı? Bu, həm də onun simasını, indiyə kimi cəmiyyətdə formalaşdırdığı imicdən qurtarmaq cəhdini göstərir. Bu insanın nazir olduğu dövrdə fəaliyyəti Azərbaycanda hamıya bəllidir. Onun bu gün konkret cinayətlərdən yayınma cəhdi də hamının gözü qarşısında baş verir. Bunlar xalqı çaşdırmaq cəhdindən başqa bir şey deyil”. PA-nın ictimai-siyasi şöbəsinin müdiri sabiq səhiyyə nazirinin siyasi məhbus adlandırılması ilə bağlı fikirlərə də münasibətini bildirib. Şöbə müdirinin sözlərinə görə, siyasi əqidəsinə görə həbs edilən şəxs siyasi məhbus sayıla bilər: “Əli İnsanova qarşı 20 milyon dollardan artıq vəsaiti mənimsəmə ittihamı var. Belə bir adamın siyasi məhbus olması qeyri-mümkündür. Əgər hər bir siyasi məhbus Azərbaycanda bu qədər mənimsəməyə yol veribsə, onda mən başa düşmürəm əsl cinayətkar necə olur? Bu, son vaxtlar Azərbaycanın Avropa Şurası ilə siyasi məhbus mövzusunda apardığı müzakirələrin eyforiyasına qapılaraq özünü o siyahıya salıb müdafiə etmək cəhdindən başqa bir şey deyil”. Ə. Həsənov, həmçinin, Ə. İnsanovun müxalifətə etdiyi çağırışlarına da münasibət bildirib. Dövlət rəsmisi deyib ki, bu da sabiq nazirin xarakterindən, simasından və riyakarlığından xəbər verir: “Bir vaxtlar həmin o müxalifət liderlərini, mənəviyyatsız, faşist adlandıran, “bunları güllələmək lazımdır, Azərbaycandan qovmaq lazımdır” deyən, müstəqil mətbuatın ünvanına nazirə yaraşmayan ifadələr işlədən bir insan indi cinayətlərinə görə ittiham ediləndə, belə şeylərə əl atır. Təəssüf edirəm ki, bizim sıralarımızda uzun müddət Əli İnsanov kimi simasızlar və riyakarlar da olub. Onun bu çağırışlarının heç bir nəticəsi ola bilməz. Yalnız, Əli İnsanov xarakterli adamlar bu çağırışa qoşula bilər. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevi dəstəkləyir və onun həyata keçirdiyi siyasətin yanındadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR