Bank Of Baku

Hindistanın ticarət üzrə dövlət naziri Cairam Rameş: “Azərbaycanı tanımaqda 15 il gecikmişik”

Hindistanın ticarət üzrə dövlət naziri Cairam Rameş: “Azərbaycanı tanımaqda 15 il gecikmişik”
# 12 aprel 2007 11:26 (UTC +04:00)
Hindistanın ticarət üzrə dövlət naziri Cairam Rameşin APA-ya müsahibəsi

- Bakıya səfərinizin yekunlarını necə qiymətləndirirsiniz, nəticələr Sizi qane edirmi?
- Azərbaycana səfərimdən hədsiz məmnunan. Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfovla çox qənaətbəxş görüşlər keçirilib. Zənnimcə, biz Azərbaycanı tanımaqda 15 il gecikmişik, əvəzində indi münasibətlərimiz həmişəkindən 15 dəfə artıq sürətlə inkişaf edəcək.
- Azərbaycanla Hindistan hansı sahələrdə əməkdaşlıq edəcək?
- Dövlət neft-qaz şirkətimizin ARDNŞ-lə birgə işləməsində marağımız var. Biz istəyirik ki, şirkətimiz quruda və dənizdə neft hasilatının artırılması məqsədilə artıq işlənilən neft yataqlarına sərmayə qoya bilsin. Mən ARDNŞ prezidentinə növbəti bir neçə həftə ərzində birgə işə dair saziş işləyib hazırlamağı təklif etmişəm. ARDNŞ-lə Hindistanın neft-qaz şirkəti arasında imzalanacaq saziş nəinki Azərbaycanda neft-qaz hasilatı və emalı sahəsində əməkdaşlığa, həm də üçüncü ölkələrdə birgə işə şamil ediləcək. İkinci istiqamət - təbii qaz sahəsində əməkdaşlıq, qazın paylaşdırılması və qazdan neft-kimya məhsullarının istehsalıdır. Üçüncüsü, mədən sənayesi, xüsusilə, qızıl istehsalı sahəsində əməkdaşlıqdır. Dünyanın ən böyük qızıl idxalçısı sayılan Hindistan hər il 800 ton qızıl idxal edir. Dördüncü istiqamət informasiya texnologiyalarıdır. Mən Hindistan hökumətinin Heydər Əliyev adına informasiya texnologiyaları mərkəzinin yaradılmasında marağı olduğunu Azərbaycan prezidentinə bildirmişəm, Azərbaycan tələbələri orada informasiya texnologiyaları sahəsində biliklərə yiyələnə biləcəklər. Növbəti istiqamət əczaçılıqdır. Biz istəyirik ki, Hindistan şirkətləri dərman preparatlarının istehsalı üzrə müəssisələrin yaradılması üçün Azərbaycana sərmayə qoysunlar. Mən, həmçinin, menecment, hüquqşünaslıq, maşınqayırma, elm sahələrində Hindistanda təhsil almaq istəyən Azərbaycan tələbələrinin təqaüdünün artırılmasını təklif etmişəm. Ən mühüm əməkdaşlıq sahəsi isə, əlbəttə ki, mədəniyyətdir. Bakıdakı Atəşgah məbədi Hindistanla Azərbaycan arasında çox qədim əlaqələrin canlı nümunəsidir. Buna görə də biz tarix, arxeologiya, mədəniyyət, kino, televiziya və radio sahəsində hərtərəfli mədəni mübadilə proqrama malik olmaq istəyirik.
- Bakıdakı görüşlərinizdə Sizə Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində Hindistan mütəxəssislərinin qanunsuz qızıl hasilatında iştirak etdiyini bildirildimi?
- Bəli, görüşlərdə bu məsələ müzakirə edilib. Mən aydın şəkildə bildirmişəm ki, Azərbaycana gələcək istənilən Hindistan şirkəti yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində işləməlidir. Hər hansı şirkət Azərbaycan qanunlarını pozsa, biz onun işini dayandıracağıq. Bizim üçün Azərbaycan xalqının dostluq və etimadı neftdən də, qızıldan da qat-qat üstündür. Biz Azərbaycan xalqının Hindistana hər hansı iradının olmasını istəmirik.
- Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ideyasının təşəbbüskarlarından biridir. Həmin layihənin həyata keçirilməsi hazırda hansı mərhələdədir?
- Təəssüf ki, bu dəhlizin yaradılması üzrə az iş görülüb, amma ümid edirəm ki, biz həmin layihəni canlandıra biləcəyik. Hindistan bu ideyaya sədaqətlıdır. Ölkəmiz Rusiya, Azərbaycan və İranla sıx əməkdaşlıq etmək istərdi.
- Hindistan öz məhsullarını Avropaya nəql etmək üçün Bakı-Tiflis-Axalkələki-Qars dəmir yolundan istifadə etməyi planlaşdırırmı?
- Mütləq, amma təkcə məhsullarının həmin dəmir yolu ilə nəqli üçün yox, biz onun tikintisində iştirak etmək istəyirik. Hindistanın dəmir yolu şəbəkəsi böyüklüyünə görə dünyada ikinci yerdədir. Dünyanın müxtəlif ölkələrində dəmir yollarının inşasında bizim böyük təcrübəmiz var. Biz, həmçinin, Xəzər neftini İsrailin “Eylat” limanınadək nəql edəcək neft kəmərinin tikintisində iştirak etmək istəyirik. Həmin neft kəməri bizə nəqletmənin bahalığı ucbatından hələ ki ala bilmədiyimiz Azərbaycan neftini almaq imkanı verəcək. Əgər neft kəməri “Eylat”adək çatdırılsa, onda Hindistan da Azərbaycan neftinin alıcılarından birinə çevriləcək. Hindistanın Mərkəzi Asiyanı Xəzər regionu ilə birləşdirən istənilən layihədə marağı var.
- Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi necədir, onun genişləndirilməsi perspektivləri varmı?
- İqtisadi əlaqələrimizin inkişafını mən ticarətin inkişafından çox investisiyaların Hindistanın Azərbaycana və Azərbaycanın Hindistana sərmayə qoyuluşunun inkişafında görürəm. Zənnimcə, əmtəə dövriyyəsi o qədər də böyük olmayacaq. Biz istəyirik ki, investisiyalar iqtisadi əlaqələrimizin hərəkətverici qüvvəsinə çevrilsin. Hazırkı səfər çərçivəsində birgə Azərbaycan-Hindistan hökumətlərarası komissiyası yaradılıb.
- Komissiyanın ilk iclası nə vaxt olacaq?
- Komissiya artıq fəaliyyət göstərməyə başlayıb. Biz istəyirik ki, birinci iclas növbəti 3 ay ərzində Dehlidə keçirilsin. Hindistan tərəfi iclası günü bu gün keçirməyə hazırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR