Bank Of Baku

Səidə Qocamanlı: “Azərbaycanın hüquq müdafiəçiləri Avropa Şurasında öz məqsədlərinə nail oldular”

Səidə Qocamanlı: “Azərbaycanın hüquq müdafiəçiləri Avropa Şurasında öz məqsədlərinə nail oldular”
# 18 aprel 2007 10:49 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanla bağlı keçirilən müzakirələrdə iştirak etmək üçün Strasburqa gedən hüquq müdafiəçiləri dünən axşam Bakıya qayıdıblar. İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı APA-ya açıqlamasında səfər zamanı öz məqsədlərinə nail olduqlarını bildirib: “AŞ PA üzvlərinə müraciətimizdə həmməruzəçilərin hesabatları ilə tam razı olduğumuzu bildirməklə yanaşı, əlavə təkliflərimizi də irəli sürmüşdük. Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, İctimai Televiziyanın müstəqil fəaliyyət göstərməsi, sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsində baş verənlər, millət vəkili Hüseyn Abdullayevin həbsi, xəstə məhbusların azadlığa buraxılması, ömürlük məhbusların cəzalarının 15 illik həbslə əvəzlənməsi haqda təkliflərimiz AŞ PA qətnaməsində öz əksini tapdı”. S. Qocamanlı deyib ki, AŞ PA-da Dağlıq Qarabağ məsələsi ilə bağlı apardıqları lobbiçilik fəaliyyəti də uğurla nəticələnib: “Azərbaycan haqqında qəbul edilən qətnamədə Dağlıq Qarabağla bağlı qeyd olunan məqamların Ermənistan nümayəndələrinin təkidlərinə baxmayaraq olduğu kimi saxlanılması həm də bizim apardığımız işin nəticəsidir. Biz məhz Qarabağ məsələsini nəzərə alaraq siyasi məhbus problemi ilə bağlı məruzəçi ayrılması məsələsini qaldırmadıq. Hesab edirik ki, bu problemi insan haqları üzrə İşçi Qrupun daxilində həll etmək olar”.
Qeyd edək ki, hüquq müdafiəçiləri Çingiz Qənizadə, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Arzu Abdullayeva və Eldar Zeynalov Strasburqda Venesiya Komissiyasının rəhbəri Canni Bukikkio, AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross, həmməruzəçilər Andres Herkel, Toni Lloyd və digər şəxslərlə görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR