Bank Of Baku

Konstitusiya hüququ mütəxəssisi Musa Hacıöməroğlu: “Türkiyədə Ali Seçki Şurasının siyasi partiyaların təsiri altına düşməsi qətiyyən mümkün deyil”

Konstitusiya hüququ mütəxəssisi Musa Hacıöməroğlu: “Türkiyədə Ali Seçki Şurasının siyasi partiyaların təsiri altına düşməsi qətiyyən mümkün deyil”
# 07 may 2007 09:26 (UTC +04:00)
“Türkiyənin Ali Seçki Şurası Konstitusiya Qurumudur. Şura Konstitusiya qurumu olduğuna görə, onun qəbul etdiyi qərarlardan şikayət verilə bilməz”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna İstanbul Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Konstitusiya hüququ üzrə mütəxəssis Musa Hacıöməroğlu verib. Onun sözlərinə görə, Ali Seçki Şurasının fəaliyyəti xüsusi qanunla tənzimlənir: “Ali Seçki Şurasının 7 həqiqi, 4 ehtiyat üzvü var. 11 üzvdən altısını Ali Məhkəmə, beşini isə dövlət idarələrində işlərə baxan məhkəmə öz üzvləri arasından səs çoxluğu ilə seçir. Məhkəmə institutlarının inkişaf etmədiyi ölkələrdə demokratik seçki keçirilməsi çətindir”. Musa Hacıöməroğlu Ali Seçki Şurasının yalnız güclü hüquqşünaslardan təşkil olunduğunu, bu qurumda partiya üzvlərinin təmsilçiliyinin yolverilməz olduğunu bildirib: “Türkiyədə Ali Seçki Şurasının siyasi partiyaların təsiri altına düşməsi qətiyyən mümkün deyil. Konstitusiyamız seçkilərin ədalətli keçirilməsinə o qədər önəm verir ki, seçki ilə bağlı qərar qəbul ediləndən sonra Konstitusiyaya görə, daxili işlər naziri, ədliyyə naziri, nəqliyyat və kommunikasiya naziri istefa verir və onların yerinə tamamilə bitərəf adamlar təyin edilirlər. Bitərəflər seçkidən sonra yeni hökumət formalaşana kimi öz vəzifələrində qalırlar”. Musa Hacıöməroğlu Ali Seçki Şurasının fəaliyyətinin büdcədən maliyyələşdirildiyini deyib: “Seçkilərin keçirilməsi üçün ayrılan əlavə vəsait isə seçkilərdən 5-6 ay əvvəl Ali Seçki Şurasına verilir ki, onlar hazırlıqları vaxtında həyata keçirə bilsinlər. Məsələn, növbədənkənar parlament seçkiləri ilə əlaqədar qərar öncə Ali Seçki Şurası ilə müzakirə edildi, Şura seçkilərin 22 iyulda keçirilməsini məsləhət gördü. Türkiyədə seçki qanunvericiliyinin başqa bir özəlliyi də var. Namizəd olmaq istəyən dövlət məmurları qısa müddətdə vəzifələrindən istefa verib seçki siyahılarının hazırlanmasını gözləyirlər. Əgər məmurlar seçki siyahılarına düşməzsə və ya seçilə bilməzsə, yenidən əvvəlki vəzifələrinə qayıtmaq hüququna malikdirlər. Əgər keçmiş və ya yeni yaradılan hökumət həmin məmura əvvəlki vəzifəsinə qayıtmasına imkan vermirsə, yaranmış mübahisələrlə bağlı hökmü məhkəmələr verir. Namizədlik prosesində vəzifəsindən istefa vermiş məmur işindən tamamilə ayrılmış şəxsdir və heç bir səlahiyyətindən istifadə etmək haqqı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR