Bank Of Baku

Sabah bir sıra müxalifət partiyaları arasında alyans yaradılması ilə bağlı saziş imzalanacaq

Sabah bir sıra müxalifət partiyaları arasında alyans yaradılması ilə bağlı saziş imzalanacaq
# 22 may 2007 16:21 (UTC +04:00)
Sabah bir sıra müxalifət partiyaları arasında yeni alyansın yaranması ilə bağlı saziş imzalanacaq. Bu barədə APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, müqavilənin imzalanması prosesində Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Rəsul Quliyevin təmsilçisi kimi Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov, AMİP lideri Etibar Məmmədov, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu və Sərdar Cəlaloğlu iştirak edəcək. S. Cəlaloğlu bildirib ki, məsələ ilə bağlı “Azadlıq” blokuna müraciət olunsa da, hələlik blokun Sədrlər Şurasının iclası keçirilmədiyindən, bununla bağlı müraciətə cavab verilməyib: “Obyektiv səbəblərdən blokun bu günə təyin edilmiş iclası keçirilməyib. Onlar bu məsələni sabah müzakirə edəcəklər. Əgər bizim tədbirə kimi onlar qərarını versələr, o zaman prosesdə iştirak edəcəklər. Mən də istəyirəm ki, blokun qərarını bilib sonra bu addımı ataq”. S.Cəlaloğlu bildirib ki, “Müxalifətin Seçki Naminə Koalisiyası” adlandırılması nəzərdə tutulan qurumda əsas məqsəd partiyalar arasında ümumi əlaqələrin yaranması, məsləhətləşmələr aparmaq və ortaq mövqedən çıxış etməkdir: “Hətta hazırlanmış saziş layihəsində nəzərdə tutulub ki, hər hansı tərəf ümumi qərarla razılaşması, bu prosesdə iştirak etməyə bilər. Yəni kifayət qədər kövrək inteqrasiya nəzərdə tutulub”. Keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyevin də bu koalisiyaya daxil ediləcəyi ilə bağlı səslənən fikirlərə gəldikdə, S. Cəlaloğlu bildirib ki, müxalifətin keçmiş məmurlarla əməkdaşlıq təcrübəsi var: “Bu təcrübə göstərir ki, vəzifədə olan zaman müxalifətçilik etməyən şəxslərin sonradan müxalifət mövqeyinə keçməsi özünümüdafiə məqsədi daşıyır və bu, müxalifətə divident gətirmir. Əli İnsanovun müxalifətə keçməsi ilə bağlı bəyanatından sonra deyilirdi ki, müxalifət güclənəcək. Amma göründü ki, müxalifətə heç bir yardım olunmadı. Ona görə düşünürəm ki, müxalifət bu cür qüvvələrlə əməkdaşlıq etməklə düzgün yol tutmaz”. S. Cəlaloğlu keçmiş nazirlərin alyansa qoşulmasının nəzərdə tutulmadığını bildirib.
“Azadlıq” blokunun Sədrlər Şurasının üzvü Əli Əliyev isə APA-ya açıqlamasında bildirib ki, sabah blokun iclası keçiriləcək və məsələ ilə bağlı müzakirə aparıldıqdan sonra rəsmi cavab veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR