Bank Of Baku

Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib

Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib
# 23 may 2007 14:49 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan geniş səpkili məsələlər müzakirə edilib. Nəqliyyat və enerji məsələləri daxil olmaqla, iqtisadi və ticarət əlaqələrinə xüsusi diqqət yetirilib. Nazir Türkmənistanın dövlət başçısına prezident İlham Əliyevin salamlarını və məktubunu çatdırıb. Q. Berdımuhammedov da öz növbəsində İ. Əliyevə salam göndərərək Azərbaycan-Türkmənistan münasibətlərinin yeni və daha yüksək səviyyəyə qalxacağına ümidvar olduğunu bildirib. E. Məmmədyarov ikitərəfli münasibətləri daha da genişləndirmək üçün bir sıra təkliflər irəli sürüb. Təkliflər arasında hökumətlərarası komissiyanın yaradılması da var. Q. Berdımuhammedov bu təklifi dəstəkləyərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin digər sahələrə də təkan verəcəyini vurğulayıb.
E. Məmmədyarov Türkmənistan xarici işlər naziri Rəşid Meredovla da görüşərək ikitərəfli, regional və Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edib. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq danışıqların hazırkı vəziyyəti barəsində həmkarına məlumat verib. Nazir bildirib ki, münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin alternativi yoxdur. XİN rəhbərləri mütəmadi nazirliklərarası məsləhətləşmələrin keçirilməsi haqqında razılığa gəliblər. E. Məmmədyarov R. Meredovu Azərbaycana dəvət edib. Türkmən nazir dəvəti qəbul edərək yaxın zamanlarda səfərin tarixinin diplomatik kanallarla müəyyən olunacağını söyləyib.
E. Məmmədyarov yerli KİV-ə müsahibə verib və Azərbaycanın Aşqabaddakı səfirliyinin əməkdaşları ilə görüş keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR