Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı bəyanat verib

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı bəyanat verib
# 25 may 2007 15:35 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda həmsədrlərin Ermənistanın əsassız iddialarını yerinə yetirməklə məşğul olduqları qeyd olunub və bu prinsipin beynəlxalq qanunlara zidd olduğuna diqqət çəkilib: “Həmsədrlər İrəvanda verdikləri açıqlamalarda Ermənistanın maraqlarına uyğun olaraq optimist mövqedən çıxış edir və hətta işğal olunmuş ərazilərdəki qondarma rejimin danışıqlarda tərəf kimi iştirakının vacibliyini vurğulayırlar. Bu, bir daha həmsədrlərin açıq-aydın ermənipərəst mövqedə dayandıqlarını təsdiq edir. Biz dəfələrlə həmsədrlərin vasitəçiliyi ilə aparılan danışıqların, müzakirə olunan məsələlərin Azərbaycanın maraqlarına uyğun olmadığını və bu danışıqlardan imtina edilməsinin zəruriliyini bildirmişik. Xüsusi qeyd olunmalıdır ki, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın “statusu” ilə bağlı məsələni qabartmaqla öz səlahiyyətlərindən kənara çıxırlar. ATƏT-in 1994-cü il Budapeşt sammitində Minsk qrupunun qarşısında yalnız iki vəzifə müəyyənləşdirilmişdi: atəşkəs rejiminin qorunub saxlanılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsinə dair siyasi saziş layihəsinin hazırlanması. Dağlıq Qarabağın “statusu” ilə bağlı hər hansı məsələyə isə yalnız Sülh Konfransı tərəfindən baxıla bilərdi. Həmsədrlərin öz səlahiyyətlərini aşaraq “status” məsələsi ilə məşğul olması onların işğalçı Ermənistana xidmət göstərmək istəklərini bir daha təsdiq edir”. QAT hesab edir ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin üzdəniraq missiyasından imtina etməli, milli maraqlarımıza zidd olan danışıqları dayandırmalıdır: “Torpaqlarımız yalnız hərb yolu ilə işğaldan azad oluna bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR