Bank Of Baku

Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı əsas diqqət mətbuatın durumuna ayrılıb

Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı əsas diqqət mətbuatın durumuna ayrılıb
# 31 may 2007 10:19 (UTC +04:00)
Bu gün Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, millət vəkilləri cari məsələlərin müzakirəsi zamanı daha çox ölkədə söz və mətbuat azadlığının mövcud durumuna diqqət ayırıblar. Millət vəkilləri Sabir Rüstəmxanlı, Pənah Hüseyn, İqbal Ağazadə, Qüdrət Həsənquliyev və başqaları bir qrup jurnalistin xarici ölkələrdən sığınacaq istəməsini narahatlıq doğuran hal kimi qiymətləndiriblər. Onların fikrincə, jurnalistlərin kütləvi şəkildə xarici ölkələrdən sığınacaq istəməsi ölkənin beynəlxalq imicini zərbə altında qoyur. Millət vəkilləri qarşıdan Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gəldiyini xatırladıb və bildiriblər ki, media sahəsində yaranan problemlər sessiyaya kimi öz həllini tapmalıdır. Deputatların çıxışlarını dəyərləndirən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bəzi jurnalistlərin bu məsələdən kampaniya şəklində istifadə etdiyini və xarici ölkələrə getmək üçün yararlanmağa çalışdığını vurğulayıb. Millət vəkili Səyavuş Novruzov isə sığınacaq almaq üçün xarici ölkələrə müraciət edən jurnalistləri şou yaratmaqda ittiham edib: “Xarici ölkələrdən sığınacaq almaq üçün özlərini başqa millətin nümayəndələri kimi təqdim edən jurnalistlər də var. Əgər, hansısa beynəlxalq qurum bir neçə jurnalistə görə Azərbaycana münasibətini dəyişəcəksə, qoy dəyişsin. Bu məsələyə görə hay-küy qaldıran qurumlar 1 milyon qaçqının hüquqlarının pozulmasına niyə göz yumurlar. Məsələnin başqa tərəfi də var. Azərbaycanda söz azadlığının pozulduğunu niyə eyni qəzetlərin jurnalistləri iddia edir? Əgər Azərbaycan söz azadlığı yoxdursa, qoy başqa qəzetlərin jurnalistləri də bu iddia ilə çıxış etsin. Digər tərəfdən bəzi siyasi partiyalar da mətbuatın vəziyyətindən istifadə edərək özlərinə populyarlıq qazanmaq istəyirlər”. Millət vəkili Pənah Hüseyn azanın səsucaldanlar vasitəsilə verilməsinə qoyulan qadağanın ləğvini təqdir edib. Prezident İlham Əliyevin “Sülhün alternativi hərbdir” fikrinə münasibət bildirən Pənah Hüseyn bu məsələni bəzi qeyri-hökumət təşkilatları ilə müzakirə etdiklərini deyib. “Müzakirələr nəticəsində belə qərara gəldik ki, bu məsələdə bütün siyasi qüvvələr milli həmrəylik nümayiş etdirsin”. Pənah Hüseyn həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə qapalı dinləmələrin keçirilməsi təklifini irəli sürüb. Cari məsələlər ətrafında çıxışlar zamanı millət vəkili Qüdrət Həsənquliyev deputatların maaşlarının qaldırılması təklifini səsləndirib. Səyavuş Novruzov isə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsini təklif edib. Millət vəkili bildirib ki, qanuna dini mərasimlərin keçirilməsi ilə bağlı əlavələr olunmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR