Bank Of Baku

Prezident Aparatının təşkilatçılığı ilə bələdiyyə sədrlərinin ümumrespublika toplantısı keçirilib

Prezident Aparatının təşkilatçılığı ilə bələdiyyə sədrlərinin ümumrespublika toplantısı keçirilib
# 27 iyun 2007 16:24 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantının keçirilməsində əsas məqsəd yerli özünüidarəetmə orqanlarının qarşılaşdığı problemləri müzakirə etmək və onun aradan qaldırılması yollarını müəyyənləşdirməkdir. Toplantıda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində bələdiyyələrin tənzimlənməsi istiqamətində 20-dən çox qanun və 500-dən artıq norma qəbul edilib. Sosial problemlərin həlli və əhalinin işində bələdiyyələrin rolunun yüksək olduğunu deyən nazir dövlətin də bələdiyyələrin inkişafını diqqət mərkəzində saxladığını vurğulayıb: “Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı bəzi tədbirlər həyata keçirir. Bu günə kimi 120-dək yerli və beynəlxalq konfranslar, o cümlədən bələdiyyələr üçün kurslar təşkil olunub. Bu ilin ilk yarısında 1100 bələdiyyə qulluqçusu bu kurslara cəlb olunub”. F. Məmmədov fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 300 bələdiyyə sədrinin inzibati cəzaya cəlb edildiyini bildirib. Nazirin sözlərinə görə, ötən il bələdiyyə aktlarının tərtib edilməməsi faktı 1,5 dəfə artıb. Toplanmış materiallar Baş Prokurorluğa göndərilib və cinayət başlanıb. F. Məmmədov həmçinin bələdiyyələrin özbaşına sərəncam verməsi hallarının da baş verdiyini vurğulayıb. Milli Məclisin komissiya sədri Arif Rəhimzadə dövlət büdcəsindən bələdiyyələrə pul ayrılmasının tərəfdarı olduğunu və bu yolla bələdiyyələrin öz büdcələrini artırmasının mümkünlüyünü bildirib: “2005-ci ildə bələdiyyələr torpaq vergisindən 4,9 milyon AZM, ötən il isə 5,1 milyon AZM toplayıb. Bəzi bələdiyyələrin artıq torpağı yoxdur, ancaq bunun üçün Torpaq Komitəsinə müraciət ediblər. Bu torpaq onlara kirayə və ya satmaq üçün verilməyib. Dövlət büdcəsindən bələdiyyələrə dotasiya ayrılmalıdır. Çünki bələdiyyələrin maliyyəsi yoxdursa, fəaliyyəti də yoxdur”. Ölkə üzrə bələdiyyə üzvlərinin cəmi 30 faizinin ali təhsilli olduğunu deyən A. Rəhimzadə stabil korpusun yaradılmasının zəruriliyini vurğulayıb. Komissiya sədri Milli Məclisdə bələdiyyələrlə bağlı qanun layihəsi hazırlandığını və bu qanunda bələdiyyələrin iş stabilliyinin yaradılmasının öz əksini tapacağını deyib: “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi üçün qanun layihəsi hazırlansa da, bunun icrası üçün xüsusi dövlət proqramı olacaq və bələdiyyələrin fəaliyyətinə uyğun səlahiyyətlər veriləcək. Ölkədəki 2735 bələdiyyədən 638-ə torpaq sənədləri verilib. Belə şəraitdə problem olacaq. Bu problemlə heç kim məşğul olmaq istəmir. Ədliyyə Nazirliyi bu problemin həllini öz üzərinə götürülməlidir”. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə ötən illər ərzində bələdiyyələrin faydalı işlər gördüyünü və inkişaf etdiyini bildirib: “Bələdiyyələrin maariflənməsinə böyük ehtiyac vardır. Ölkədə bələdiyyə sistemi tam qurulmayıb. Kadr sisteminin yaradılması üçün tədris planı və metodikası hazırlanmalıdır. Bələdiyyə sisteminin tam formalaşması üçün nəzəri və praktiki kurslar təşkil olunmalı, seminarlar keçirilməlidir”. Tədbirdə Sumqayıt, Naxçıvan, Şəki, Əli bayramlı bələdiyyələrinin sədrləri məruzə ilə çıxış edib və görülən işlər barədə məlumat veriblər./APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR