Son 4 ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) deyib.
Onun sözlərinə görə, sığorta bazarında əldə olunan inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Ülviyyə Cabbarova bildirib ki, Azərbaycanda sığorta penetrasiyasının artırılması üçün geniş potensial mövcuddur və əsas məqsəd bu potensialın tam reallaşdırılmasıdır.
"Sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir", - o qeyd edib.
Assosiasiya rəhbəri vurğulayıb ki, qlobal sığorta bazarında təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sektor qarşısında yeni çağırışlar yaradır. Bu isə daha çevik yanaşmaların, innovativ məhsulların və müştəri yönümlü həllərin hazırlanmasını zəruri edir.
Ülviyyə Cabbarovanın sözlərinə görə, "2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı" çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri kimi müəyyənləşdirilib.
O qeyd edib ki, sözügedən proqram sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacaq.