Bank Of Baku

Azərbaycan Gənclər Platformasında qarşılıqlı ittihamlar başlayıb

Azərbaycan Gənclər Platformasında qarşılıqlı ittihamlar başlayıb
# 11 iyul 2007 15:28 (UTC +04:00)
Müxalifətyönlü gənclər təşkilatlarını birləşdirən Azərbaycan Gənclər Platformasında (AGP) başlamış qarşılıqlı ittihamlar davam edir. Ötən gün qurumu tərk etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Təşkilatının sədri Seymur Həziyev APA-ya açıqlamasında bildirib ki, platforma yaranarkən onun kollegial idarə olunması, məsləhət şurası kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. Amma platformanın koordinatoru Səid Nuri Azərbaycandan getdikdən sonra quruma üzv olan bəzi təşkilatlar birliyi qrant təşkilatına çevirməyə çalışdılar: “Biz bu birliyi qrant almaq məqsədi ilə yaratmamışdıq. Bununla da fikir ayrılıqları yarandı və fəaliyyətində axsama başladı. Bu prosesin qarşısını ala bilmədiyimiz üçün həmin təşkilatda fəaliyyətimizi dayandırdıq”. S. Həziyev faktiki olaraq ADP və ALP-nin gənclər təşkilatlarının platformanın işində iştirak etmədiyini deyib. O, ALP GT-də baş verən kadr dəyişiklikləri, ADP daxilində isə bu ilin əvvəlində baş verən parçalanmaya görə platformanın işinə qatılmadıqlarını bildirib. Qeyd edək ki, ADP-də baş verən parçalanmadan sonra bu partiyanın Gənclər Təşkilatının sədri Nizami Həsənoğlu Açıq Cəmiyyət Partiyasına keçib.
Azərbaycan Demokrat Partiyası (ADP) Gənclər Təşkilatının təmsilçisi Nicat Hüseynov təşkilatın tam formalaşmadığını və rəhbər orqanlarının müəyyənləşmədiyini bildirib. Buna baxmayaraq, o, GT-nın platformadan çıxmadığını, qurumun formalaşmasından sonra ittifaqın işində yaxından iştirak edəcəklərini qeyd edib. O, S. Həziyevin doğru olmayan məlumatlar yaydığını bildirib.
ALP GT-nin keçmiş sədri Kamil Kərimov isə hərbi xidmətə gedəcəyi üçün təşkilatın sədrliyindən istefa verdiyini və son vaxtlar platformanın işində iştirak etmədiyini deyib: “Buna baxmayaraq, ALP GT AGP-dən çıxmayıb. Biz bu qurumda fəaliyyətimizi davam etdirəcəyik. Bizim platformadan çıxmağımızla bağlı heç bir qərarımız yoxdur”. Təşkilatın sədrliyindən getməsinə baxmayaraq, K. Kərimov ALP GT-ni platformada təmsil etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR