Bank Of Baku

İsrailin milli infrastruktur naziri Benyamin Ben-Elizeer: “Bu dəqiqə Bakıya gedərək Azərbaycanla qaz idxalına dair 30 illik müqavilə imzalamağa hazıram”

İsrailin milli infrastruktur naziri Benyamin Ben-Elizeer: “Bu dəqiqə Bakıya gedərək Azərbaycanla qaz idxalına dair 30 illik müqavilə imzalamağa hazıram”
# 12 iyul 2007 10:10 (UTC +04:00)
Dosye. Benyamin Ben-Elizeer 1936-cı ildə İraqda anadan olub. 1950-ci ildə İsrailə repatriasiya olunan Ben-Elizeer İsrail Milli Təhlükəsizlik Akademiyasını bitirib. Zabit rütbəsindən İsrail ordusunun briqada generalı rütbəsinə kimi yüksələn Benyamin Ben-Elizeer 1984-cü ildə ordu sıralarını tərk edərək aktiv siyasi fəaliyyətə başlayıb. 23 illik siyasi karyerası ərzində o, tikinti naziri, baş nazirin müavini, rabitə və telekommunikasiya naziri, müdafiə naziri vəzifələrində çalışıb. İngilis və ərəb dillərində sərbəst danışa bilən Benyamin Ben-Elizeer 2005-ci ildən İsrailin milli infrastruktur naziridir.

- Azərbaycana səfər etmiş azsaylı hökumət üzvlərindən biri kimi bu ölkə ilə bağlı hansı təəssüratlarınız var?
- Bakıya ilk dəfə ənənəvi beynəlxalq neft-qaz sərgisində iştirak üçün getmişəm. Elə ilk andan etibarən mənimlə Azərbaycan rəhbərliyi arasında gözəl ünsiyyət yarandı. Hökumətin əksər üzvləri ilə görüşdüm, özümü eyni dildə danışa bildiyim, eyni problemləri bölüşdüyüm dostlarım arasında hiss edirdim. Azərbaycan prezidenti İlham Əliyevlə görüş isə mənə xüsusi təsir bağışladı. Biz Azərbaycan dövlət başçısı ilə son zamanlar bir neçə dəfə görüşmüşük. Hətta mənim iş otağımda prezident İlham Əliyevlə çəkdirdiyim şəkli də görə bilərsiniz. Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin açılış mərasimində prezident Əliyevlə açıq söhbətimiz oldu. Mən İlham Əliyevi çox enerjili, işgüzar və bacarıqlı dövlət başçısı hesab edirəm. O, siyasi nöqteyi-nəzərdən Azərbaycanın bu gün üzləşdiyi geosiyasi vəziyyəti düzgün dəyərləndirməyi bacarır. Hesab edirəm ki, yaxın günlərdə Azərbaycan regionun güclü iqtisadi dövlətinə çevriləcək, bu ölkə iqtisadi baxımdan çox sürətli inkişaf dövrü keçirir. Fikrimcə, İsraildən olan iş adamlarının Azərbaycana sərmayə qoymaq baxımından böyük perspektivləri var. Yaxın günlərdə yenidən Azərbaycana səfər etmək və Azərbaycan qazının İsrailə idxalı ilə bağlı uzunmüddətli müqavilə imzalamaq niyyətindəyəm.
- Azərbaycan-İsrail münasibətlərinin mövcud durumunu necə dəyərləndirərsiniz? “İki ölkə arasında münasibətləri neft maraqları müəyyənləşdirir” fikri ilə razısınızmı?
- Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlərin indiki həddə çatmasında mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu şəxsiyyətə İsraildə həmişə hörmətlə yanaşıblar, xüsusilə indiki prezident Şimon Peres Heydər Əliyev şəxsiyyəti haqqında həmişə yüksək fikirlər söyləyib. İndiki İsrail hökuməti Azərbaycan xalqına və hökumətinə böyük hörmət bəsləyir. Şəxsən öz adımdan deyə bilərəm ki, Azərbaycan xalqı çox qonaqpərvər, müasir, öz ənənələrini, mədəniyyətini, folklorunu qoruya bilmiş və bunlara hörmətlə yanaşan bir xalqdır. Azərbaycan xalqı ölkədə yaşayan digər xalqların nümayəndələrinə həmişə hörmətlə yanaşıb və bu xalq bütün sahələrdə irimiqyaslı inkişafa can atır. Azərbaycan İsrail üçün maraqlı və strateji cəhətdən əhəmiyyətli ölkədir. Azərbaycan prezidenti ilə söhbətim zamanı ona dedim ki, İsrail Avropa və ABŞ-la qarşılıqlı əlaqələrə vərdiş edib, lakin hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan, Qazaxıstan, Hindistan və Çin əsas iqtisadi oyunçular olacaq və biz vərdişlərimizi dəyişməliyik. Fikrimcə, məhz bu ölkələr İsrailini əsas iqtisadi tərəfdaşları olmalıdır. Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərini buna misal çəkə bilərəm. Ceyhan limanı İsraildən cəmi 600 kilometrlik məsafədə yerləşir və biz Azərbaycandan həm qaz, həm də neft almaqda maraqlıyıq.
- Bu günlərdə Gürcüstana səfəriniz zamanı İsrailin “Şahdəniz” qazının əsas alıcısı ola biləcəyini bəyan etdiniz...
- Bu gün Azərbaycan qazı Ərzuruma nəql olunur, biz bu qazın da İsrailə nəqlində maraqlıyıq. Yəqin ki, Bakıya səfərim zamanı azərbaycanlı dostlarımı Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Ceyhan limanına kimi uzadılmasının zəruriliyinə inandıra biləcəyəm. Biz Azərbaycanı qaz satışı bazarında əsas strateji oyunçulardan biri hesab edirik. İsrail Azərbaycandan bizə təklif olunan istənilən miqdarda qazı almağa hazırdır. Mən bu dəqiqə Bakıya getməyə və Azərbaycandan qaz idxalına dair 20-30 illik müqavilə imzalamağa hazıram. Bu məsələdə heç bir problem yoxdur, Azərbaycan bizim üçün dost ölkə və strateji tərəfdaşdır, mən bu baxımdan həmin müqavilənin imzalanmasında problem görmürəm.
- Siz ərəb dünyasında xüsusi nüfuzu olan az sayda İsrail siyasətçilərindən birisiniz. Bölgədəki mövcud vəziyyəti necə şərh edə bilərsiniz?
- Bu gün Fələstində anormal vəziyyət yaranıb. Fələstinlilər bir-birini qətlə yetirirlər. Hazırda HAMAS və “Fəth”qruplaşmaları arasında mübarizə gedir. Biz Qəzza sektorunun tərk etmişik, oradan nə bir İsrail əsgəri, nə də İsraildən köçürülmüş insan var. Biz düşünürdük ki, biz oradan çıxandan sonra Fələstində normal dövlət yaranacaq və bu dövlət iki xalqın bir arada yaşamasına xidmət edəcək. Sülhə nail olmaq üçün biz bu gün də fələstinlilərlə bir masa arxasına əyləşməyə hazırıq. Biz sülh danışıqlarına hazırıq, terror və silahlı qarşıdurma istəmirik. Amma fələstinli fələstinlini qətlə yetirirsə, biz buna nə edə bilərik? Fələstinlilər qadınları, uşaqları qocaları öldürür, evləri dağıdır. Bu fün Fələstin muxtariyyəti iki yerə bölünüb, bir hissənin prezidenti Əbu Mazen, digərinin rəhbəri isə Dəməşqdən olna Xaled Maşalın rəhbərlik etdiyi HAMAS hökumətidir. Biz sülh naminə Suriya prezidenti ilə, HAMAS-la, Şeyx Həsrullahla, livanlılarla danışıqlar masası arxasında əyləşməyə hazırıq. İsrail bir yəhudi dövləti olaraq öz vətəndaşlarını, uşaqlarını, nəvələrini qorumalıdır. Biz yəhudi və fələstinli ananın dərdini bir-birindən ayırmırıq, onlara fərq qoymuruq. İsrail əsgəri Qilad Şalitin həyatını xilas etmək üçün həbsxanadan lap min nəfər məhbusu belə azadlığa buraxmağa razıyıq.
- Azərbaycanın qonşusu olan İranın nüvə proqramına münasibətiniz...
- Bu gün İranın nüvə proqramı təkcə İsraili deyil, dünyanı düşündürən problemdir. İran yaxşı anlayır ki, bu proqram ilk növbədə onunla rəqabət aparan Fars Körfəzi ölkələrinə, Səudiyyə Ərəbistanına, ABŞ-la müttəfiqlik edən ərəb dövlətlərinə qarşı yönəlib. İran İsraili məhv etməyə qadir deyil və bunu edə bilməz. İranın əleyhinə olan daha bir faktor var. Bir detalı nəzərə almaq lazımdır: nüvə silahına beynəlxalq münasibətlərdən başı çıxan hakimiyyətin olduğu ölkə malik olmalıdır. Amma bir ölkənin hakimiyyəti ki, hər gün yuxudan duranda başqa bir ölkəni məhv etməklə hədələyir, o ölkənin belə bir təhlükəli silaha malik olması yolverilməzdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR