Bank Of Baku

İbrahim Burhanov: “Gürcüstanda qəbul olunan repatriasiya qanunu 63 illik mübarizəmizin nəticəsidir”

İbrahim Burhanov: “Gürcüstanda qəbul olunan repatriasiya qanunu 63 illik mübarizəmizin nəticəsidir”
# 13 iyul 2007 10:59 (UTC +04:00)
O, yeni qanunun Axısxa türklərinə öz vətənlərinə qayıtmasına imkan verdiyini deyib: “Bu qanunu 63 ildir ki gözləyirdik. Amma geri dönüş çox da asan olmayacaq. Hələlik qanunu tam təfsilatı ilə bilmirik. Ancaq bəzi məqamlar var ki, tam ürəyimizcə deyil. İndi mübarizənin ikinci mərhələsi başlayır. Birinci mərhələ dönmək hüququnu əldə etmək idisə, artıq geri dönmək prosesində qalib gəlmək uğrunda mübarizə aparmalıyıq. Yəni, öz tarixi torpaqlarımıza yerləşməliyik. Bu işdə əngəllər olacaq, çünki bizim Gürcüstanda kompakt yerləşməyimizi istəyən və istəməyən qüvvələr mövcuddur”. İ. Burhanov hesab edir ki, geri qayıtmaq üçün gürcü dilini bilmək şərtinin irəli sürülməsi ciddi problem yaratmayacaq: “Miqrasiya qanunlarına görə, hər bir insan getdiyi ölkənin dilini bilməlidir. Bizim gürcü dilini bilməyimizin şərt qoyulması bu baxımdan problem deyil. Hətta bu maddənin qanuna salınmasına da ehtiyac yox idi. Biz Gürcüstanda yaşamaq, ictimaiyyətə inteqrasiya olunmaq, idarə və müəssisələrdə çalışmaq istəyiriksə, gürcü dilini bilməliyik. Bu şərt qoca adamlara şamil edilmir. Birdən-birə tarixi, dili öyrənmək hamıya vacib deyil. Cavaxetiyaya yerləşmək məsələsinə gəlincə, bizim orada 21 kəndimiz var. Biz heç vaxt Cavaxetiyada yaşamaq şərtini də irəli sürməmişik. Zaman gələr, əhalimiz yavaş-yavaş Gürcüstana yerləşər, yerli cəmiyyətə inteqrasiya olunar, bundan sonra həmin kəndlərə köçmək olar. Hazırda bizim 82 boş kəndimiz, 70-dək az məskunlaşmış kəndimiz və tamamilə zəbt olunmuş kəndlərimiz var. Hətta zəbt olunmuş kəndlərdə də satılan yerlər var ki, biz onları ala bilərik. Yaşayış olan kəndlərə tədricən dolmaq, boş kəndləri bərpa etmək mümkündür”. Köç prosesinin pərakəndə şəkildə olmayacağını deyən İ. Burhanov deyib ki, bu məsələ ilə Gürcüstan dövləti, ayrı-ayrı beynəlxalq və yerli qeyri-hökumət təşkilatları məşğul ola bilər: “Bu məsələdə Axısxa türklərinin də təşəbbüskar olması vacibdir: “63 illik fasilədən sonra Axısxa türklərinin Gürcüstana qayıtması və orada yerləşməsi prosesində təbii ki, problemlər çıxacaq. Biz xalqımızı bununla bağlı hərtərəfli maarifləndirəcəyik ki, insanlar köç zamanı öz hüquqlarını tam bilsinlər. Köç edənlərin bir qisminin maddi ehtiyacı olmasa da, əksəriyyətini orada yerləşməsi üçün vəsaitə ehtiyacı var. Bu məsələnin həll olunması üçün Gürcüstan hökumətindən və beynəlxalq təşkilatlardan yardım istəyəcəyik. Axısxa türklərindən Vətənə qayıtmaq istəməyən yoxdur. Ancaq ola bilsin ki, mövcud problemlər bəzilərini qorxutsun. Vətənpərvərlik hissi yüksək olanlar isə heç nədən qorxmayaraq öz yurdlarına gedəcəklər. Ümumiyyətlə, bu köç könüllüdür. Heç bir məcburiyyət yoxdur. Biz öz ərazilərimizə sahib çıxmalıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR