Bank Of Baku

Eduard Şevardnadze: “Rusiya ilə münasibətlərin gərginləşməsinin səbəbkarı Gürcüstandır”

Eduard Şevardnadze: “Rusiya ilə münasibətlərin gərginləşməsinin səbəbkarı Gürcüstandır”
# 16 iyul 2007 09:37 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin APA-ya eksklüziv müsahibəsi

- Gürcüstanın hazırkı hakimiyyətinin yürütdüyü daxili və xarici siyasəti necə qiymətləndirirsiniz?
- Hazırda yürüdülən siyasətin yaxşı tərəfləri də var. Bununla belə, həll olunmamış problemlər də çoxdur. Əsas həll onunmamış problem isə işsizlikdir. Ölkədə lazımı qədər iş yeri yoxdur, elə insanlar var ki, ümumiyyətlə gəlir əldə edə bilmirlər. Əsas islahatlar - torpaq, təhsil, səhiyyə sahəsindəki islahatlar isə mənim dövrümdə aparılıb, indi isə davamı etdirilir. Beynəlxalq münasibətlərə gəlincə, indiki hakimiyyət çox aktiv xarici siyasət yürüdür.
- Hakimiyyəti saxlamaq üçün əlinizdə kifayət qədər qüvvə vardımı? Zamanı qaytarmaq mümkün olsaydı, həmin qüvvələrdən istifadə edərdinizmi?
- Hakimiyyətdən könüllü getməsəydim, ölkədə vətəndaş müharibəsi baş verə bilərdi. Mən isə yersiz qan tökülməsini istəmirdim. Həmin vaxt əhali sülh və əmin-amanlıq şəraitində yaşayırdı, düzdür, maaşları az idi, amma işləyirdilər. Yersiz qan tökmək nəyə lazım idi ki?..
- Rusiya ilə Gürcüstan arasında mövcud münasibətləri necə qiymətləndirirsiniz? Xüsusən, o halda ki, hazırda münaqişə zonasında vəziyyət həddən artıq gərginləşib...
- Rusiya ilə münasibətlərin gərginləşməsinin səbəbkarı Gürcüstandır. Biz keyfiyyətsiz şərabları, meyvə və tərəvəz məhsullarını Rusiyaya satmaqla, iki ölkə arasında narazılıq yaratmışıq. Rusiyanın narazılığı əsaslı idi. Bununla belə, Rusiya cavab tədbirləri görərkən, bəzi səhvlərə yol verdi. Bu mənada, Rusiyada yaşayan gürcüləri oradan çıxartmaq səhv addım idi. Rusiyada yarım milyondan artıq gürcü yaşayır və onların hamısını Gürcüstana göndərmək mümkün deyil.
- Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı nə deyə bilərsiniz?
- Dəqiq vaxt deyə bilmərəm, amma Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri yaxın zamanda həllini tapmalıdır. İnanıram ki, 2014-cü ildə keçiriləcək Soçi Olimpiadası Abxaziya ilə mövcud problemlərin həllinə böyük təsir göstərəcək. Belə ki, Soçi həm Gürcüstana, həm də Abxaziyaya çox yaxındır.
- Fikrinizcə, Gürcüstan NATO-ya üzv qəbul olunmağa və qarşısına qoyulacaq öhdəlikləri yerinə yetirməyə hazırdırmı?
- NATO Gürcüstanın üzvlüyünə qarşı çıxmır. Mən iki dəfə NATO-nun qərargahında olmuşam, onlar onda da buna qarşı deyildilər, amma vaxt lazımdır. Fikirləşirəm ki, yalnız Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunduqdan sonra Gürcüstanın üzvlük məsələsinə baxılacaq. Gürcüstan hökuməti lazımı standartları yerinə yetirməyə çalışır. Gürcüstan 1-2 ildən sonra NATO-ya üzv qəbul olunmağa hazır olacaq.
- Axısxa türklərinin geri qaytarılmasına münasibətiniz necədir?
- Mən sovet dövründə Axısxa türklərinin mərhələli şəkildə geri qaytarılması ilə bağlı Moskva ilə danışıqlar aparmışam. Bizim danışıqlarımızda onların deportasiya olunduqları ərazilərə yox, Gürcüstanın ayrı-ayrı bölgələrinə repatriasiyası əsas yer tuturdu. Onların əvvəllər yaşadıqları ərazilərdə hal-hazırda başqa vətəndaşlar yaşayır. Odur ki, axısxalıların buraya köçürülməsi yeni problemlər ortaya çıxara bilərdi. İndi də onlar repatriasiya olunsalar, həmin ərazidə məskunlaşa bilməyəcəklər. Məsələnin başqa tərəfi də var. Ola bilsin ki, Axısxa türkləri geri qayıtmaq istəməsinlər. Onların repatriasiyası üçün lazımı şərait və yaşayış yeri lazımdır. Bunların həlli üçün isə vaxt tələb olunur. Axısxalıların böyük bir qrupu Rusiyanın Krasnodar bölgəsində yaşayır. Onların yaxşı evləri, yaşamaq üçün hər şəraitləri var. Azərbaycanda yaşayan başqa böyük qrupun da vəziyyəti qənaətbəxşdir. Ola bilər ki, onlar da qayıtmasınlar.
- Azərbaycanın yürütdüyü daxili və xarici siyasətlə bağlı fikrinizi bilmək də maraqlı olardı...
- Heydər Əliyev mənim ən yaxın dostum idi. Azərbaycanın inkişafı, çiçəklənməsi İlham Əliyevin onun davamçısı kimi hakimiyyətə gətirilməsi barədə qərarın düzgün və vaxtında verildiyini göstərir. Qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR