Bank Of Baku

Bakıda “Azərbaycan və Avropa qonşuluq siyasəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda “Azərbaycan və Avropa qonşuluq siyasəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
# 18 iyul 2007 15:42 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın Avropaya inteqrasiyası məsələsidir. Onun sözlərinə görə, son illər ərzində görülən işlər nəticəsində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında hüquqi və siyasi əməkdaşlığın əsasları yaranıb. 1996-cı ildə Azərbaycanla Aİ arasında əməkdaşlıq və tərəfdaşlıq sazişi, 2006-cı ilin noyabrında isə “Yeni qonşuluq siyasəti” çərçivəsində Fəaliyyət Planı qəbul edilib. 10 prinsipdən ibarət Fəaliyyət Planına demokratiya, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatının yaranması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi də daxildir.
Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Alan Vaddams çıxışında qeyd edib ki, Aİ-nin “Yeni qonşuluq siyasəti” 12 ölkəni əhatə edir. Cənubi Qafqaz ölkələrindən əlavə, buraya Misir, İsrail, İordaniya, Livan, Moldova, Mərakeş, Fələstin, Tunis və Ukrayna daxildir. Bundan başqa, Əlcəzair, Belarus, Suriya və Liviya ilə perspektivdə əməkdaşlıq nəzərdə tutulur. A. Vaddamsın sözlərinə görə, “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməsi üçün 2007-2013-cü illərdə 12 milyard avro xərclənəcək. Bu vəsait Avropanın İnvestisiya Bankından ayrılacaq. Adı çəkilən ölkələrdə infrastrukturun qurulmasına da 12 milyard avro ayrılacaq. O, “Yeni qonşuluq siyasəti” çərçivəsində tərəfdaş ölkələrlə Aİ-nin sadələşdirilmiş viza rejiminə keçid üzərində iş aparıldığını vurğulayıb.
“Avropa Evi”nin koordinatoru Volfhanq Şporrer bildirib ki, “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməsi üçün ayrılan 12 milyard avrodan 2007-2010-cu illərdə Azərbaycanın payına 92 milyon avro düşəcək.
Millət vəkili Əli Məsimovun “10 prioritet məsələ arasında yer alan Avropanın enerji təhlükəsizliyi digər 9 prinsipi kölgədə qoya bilərmi?” sualına cavab olaraq M.Məmmədquliyev Azərbaycanla Aİ arasında enerji sahəsində tərəfdaşlıq haqqında memorandum imzalandığını da xatırladıb: “Orada Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, həmin qanunların işləməsi, bərpa olunan enerji mənbələrinin inkişafı enerji resurslarının Avropa bazarına çıxarılması nəzərdə tutulur. Bundan başqa, təhsil və tədqiqatlar, kənd təsərrüfatı və nəqliyyat sahəsində də əməkdaşlıq nəzərdə tutulur”. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR