Bank Of Baku

Vəfa Quluzadə: “Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini yaxşı bilsələr də, heç vaxt dövlət idarəçiliyinə cəlb olunmayacaqlar”

Vəfa Quluzadə: “Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini yaxşı bilsələr də, heç vaxt dövlət idarəçiliyinə cəlb olunmayacaqlar”
# 19 iyul 2007 12:14 (UTC +04:00)
“Körpü” Azərbaycan-Gürcüstan Mədəni Əliqalər Cəmiyyəti, “Sabah” Gənclər Birliyi və Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatı bu gün “Gürcüstanda yaşayan soydaşlarımızın problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, politoloqlar və siyasi partiyaların nümayəndələri iştirak ediblər. “Körpü” Cəmiyyətinin sədri Ramiz Məmmədov Gürcüstan hakimiyyəti tərəfindən məqsədli olaraq Azərbaycanlıların gürcüləşdirilməsi prosesinin getdiyini və bunun təhsil sahəsində həyata keçirilmə mərhələsinin başlandığını bildirib. Onun sözlərinə görə, imtahanlarda qəsdən testlər çətinləşdirilir, süni problemlər yaradılır ki, Azərbaycanlılar ali təhsil ala bilməsin. Politoloq Vəfa Quluzadə gürcü millətinin azalan millət olduğunu bildirib və buna görə də hakimiyyət tərəfindən məqsədyönlü siyasətin aparıldığını deyib. Onun sözlərinə görə, azərbaycanlıların gürcü dilində təhsil alması ilə onların gürcüləşdirilməsi istiqamətində digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur: “Gürcüstanda yaşayan soydaşlarımız gürcü dilini yaxşı bilsələr də, heç vaxt dövlət idarəçiliyinə cəlb olunmayacaqlar. Azərbaycan güclü dövlət olsaydı, o zaman Borçalının geri qaytarılmasını tələb etməli idi. Amma dövlət bunu edə bilmirsə, ən azı bu məsələni təşkilatlar qaldırmalıdırlar. Biz hər şeyi unutmalı, torpaqlardan və dilimizdən imtina etməli deyilik”. Millət vəkili İqbal Ağazadə Gürcüstanda yaranan problemlərin başlıca səbəbinin illərlə Azərbaycanla Gürcüstan arasında qurulmuş əlaqələrin iki dövlətin başçılarının məsələyə şəxsi səviyyədə yanaşması ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Borçalının Azərbaycana birləşdirilməsi və yaxud həmin əraziyə muxtariyyət verilməsi tələbi oradakı azərbaycanlıların problemlərinin həllinə səbəb ola bilər. Millət vəkili İlyas İsmayılov isə Gürcüstana qarşı torpaq iddialarının Azərbaycanın xeyrinə olmadığını deyib: “İndiki məqamda Ermənistanla müharibə şəraitində olduğumuz məqamda Gürcüstanla münasibətlərin pozulmasına ehtiyac yoxdur. Bu məsələ soyuq başla, dövlət səviyyəsində həll olunmalıdır”.
“Gürcüstan mənim vətənimdir” cəmiyyətinin sədri Əli Babayev Gürcüstanda azərbaycanlıların bütün sahələrdə assimilyasiyaya məruz qaldığını qeyd edib. Onun sözlərinə görə, bu günə qədər 57 Azərbaycan məktəbi bağlanıb. O, məsələnin Azərbaycan tərəfindən Avropa Şurasında qaldırılmasını vacib sayıb və Azərbaycanın Gürcüstandakı səfirini problemlərlə maraqlanmamaqda ittiham edib. Dəyirmi masada millət vəkilləri Pənah Hüseyn, Fazil Qəzənfəroğlu, Gürcüstandan gəlmiş nümayəndələr və digərləri çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR